Başqırdıstan təbiəti

Başqırdıstan təbiətiRusiya Federasiyasının Başqırdıstan Respublikasının təbiəti.

Başqırdıstanın ərazisi, əsasən, Uralönü və Cənubi Uralın hüdudlarındadır[1]. Sahəsinin 2/3 hissəsini Uralönündəki uvallı-təpəli düzənliklər – Şərqi Avropa düzənliyinin şərq kənarı və plato tutur[1]. Şərqdə Cənubi Uralın dağarası çökəkliklərilə bir-birindən ayrılan alçaq silsilələridir[1]. Ən yüksək nöqtəsi 1640 metr olan Yamantau dağıdır[1]. Ucqar şərqdə xırda təpəli tirələr zolağı uzanır. Cənubda Zilair platosu yerləşir. Uralönündə və Uralın qərb yamaclarında karst qıfları, uçurumları, quyuları, mağaraları – Kap mağarası, Kutuk Sumqan və s. intişar tapmışdır[1].

Uralönü ərazi qədim Şərqi Avropa platformasının Rus plitəsində yerləşir. Şərq rayonları Son Paleozoyun Ural qırışıq sisteminə aiddir. Başqırdıstanda 3 mindən çox müxtəlif faydalı qazıntı yatağı məlumdur[1]. Arlan neft yatağı da daxil olmaqla təqribən 180 neft yatağı aşkar edilmişdir[1]. Həmçinin qaz, kömür, fosforit, daşduz, gips, əhəngdaşı, dağlıq rayonlarda dəmir, manqan, qurğuşun, mis, sink, xrom, qızıl, gümüş filizi yataqları, məmulat daşlarından yəşəm, rodonit və s. yataqları; iri torf və sapropel ehtiyatı, mineral su bulaqları vardır[1].

İqlimi kontinentaldır[1]. Qışı soyuq və uzunmüddətli, yayı mülayim istidir. Orta temperatur yanvarda Uralönü düzənliklərdə –14-dən –16°C-yədək, iyulda 17–19°C, Uralarxasında 18–20°C, dağlarda 9–10°C-dir[1]. İllik yağıntı 300–700 mm, dağlarda 750–800 mm-dir[1]. Çayları, əsasən, Volqa və Ural hövzəsinə aiddir. Ölkədə ümumi uzunluğu 57 min km olan təqribən 13 min çay var[1]. İri çayları Belaya və onun qolları Nuquş, Sim, Ufa və Dyomadır; əsasən, qar suları ilə qidalanır, yazda gursulu olur; hidroenerji ehtiyatı 1364 min kVt-dır[1]. Dağ çayları astanalarla səciyyələnir[1]. Başqırdıstan ərazisində ümumi sahəsi 400 km2 olan 2 mindən çox göl var[1]. Ən iri gölünün ölçüsü 23,5 km2 olan Aslikul karst mənşəlidir; ən dərin gölü isə 28 metr dərinliyə malik olan Yaktıkul tektonik mənşəlidir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 BAŞQIRDISTAN Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)