Baba Vida

Baba Vida
Qalanın quruluşu

Baba Vida (bolq. Баба Вида) — Bolqarıstanın şimal-qərbində Vidin şəhərində yerləşən orta əsrlərdə tikilmiş qala. Baba Vida dəniz səviyyəsindən 39 metr yüksəklikdə yerləşir.

Qalanın tikintisinə X əsrdə Qədim Roma qəsri Bononiyanın yerləşdiyi ərazidə başlanılıb və İkinci Bolqarıstan İmperatorluğunun (XII əsrin sonu - XIV əsr) dövründə başa çatıb. Əfsanəyə görə Baba Vidanın tikilməsi Vidində hökmdarlıq edən bolqar boyarının üç qızı Vida, Kula və Qamza ilə bağlıdır. Boyar ölməzdən əvvəl öz ərazisini üç qızı arasında bölüşdürür. Böyük qızı Vidaya Vidin və Karpat dağlarından şimaldakı torpaqlar, ortancıl Kulaya Zayeçar və Timok vadisi, kiçik qızı Qamzaya isə Moravanın qərbindəki ərazi çatır. Kula və Qamzanın əyyaş zadəganlarla ailə qurmalarını görən Vida bütün evlilik təkliflərini rədd edir və öz şəhərində qala tikdirərək ömrünün sonuna qədər orada yaşayır[1].

Baba Vida qalası orta əsrlərdə Bolqarıstanın əsas müdafiə vasitələrindən biri olmuşdur. Qala Bizans imperatoru II Bazilin rəhbərlik etdiyi ordunun mühasirəsinə səkkiz ay davam gətirmiş, lakin dağıdılmış və Bolqarıstan hömdarı İvan Sraçimir tərəfindən yenidən inşa edilmişdir. Vidin qəfildən Macar hökmdarı I Luisin hücumuna məruz qalmış, lakin qalanın zəbti bir neçə aydan sonra mümkün olmuşdur. 1365-1369-cu illər Baba Vida qalasında macar işğalı dövrüdür. 1369-cu ildə İvan Sraçimir macar ağalığını qəbul edərək öz şəhəri üzərində idarəçilik hüququnu əldə etmişdir.

1388-ci ildə Sraçmirin torpaqları Osmanlı ordusu tərəfindən işğal edilmiş və o, türklərin vassalı olmağa məcbur olmuşdur. Sraçmir 1396-cı ildə yenidən Osmanlılara qarşı Macar kralı Sigismundun rəhbərlik etdiyi xaçlı səfərinə qoşulmuşdur. Lakin bu müttəfiqlik Niqbolu döyüşündə Osmanlı dövlətinin qələbəsi və Sraçmirin bütün torpaqlarını itirməsi ilə nəticələnmişdir.

Bolqarıstanda Osmanlı ağalığı dövründə qala silah anbarı və həbsxana, həmçinin Osman Pazvantoğlunun iqamətgahı funksiyalarını yerinə yetimişdir. Baba Vida XVIII əsrin sonundan bəri müdafiə məqsədləri üçün istifadə olunmamışdır.

Müasir dövrdə Baba Vida muzey kimi fəaliyyət göstərir. Qalada ilk qazıntı işləri 1956-cı ildən 1962-ci ilə qədər aparılmış və Qədim Roma, Bizans, ilkin Bolqar və Osmanlı dövlətlərinə aid qalıqlar tapılmışdır.[2]

  1. "Arxivlənmiş surət". 2016-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-06.
  2. "Arxivlənmiş surət". 2013-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]