Babadərviş mağarası — Qazax rayonundan 2 km. qərbdə Ağstafaçayın sol sahilində qədim yaşayış yeri. 1958-1966-cı illərdə aparılan kompleks tədqiqat işləri nəticəsində 3 mədəni təbəqə aşkara çıxarılıb. E.ə. 5-ci minilliyə aid edilən alt təbəqədən dairəvi yarımqazma evlər, gil qablar, dən daşları, müxtəlif heyvan sümükləri, 3-cü minilliyə aid edilən orta təbəqədən çiy kərpicdən tikilən evlər, quş təsviri ilə bəzədilmiş gil qablar, nehrə, manqal, heyvan fiqurları və arpa-buğda qalıqları, 2-ci minilliyin sonu-1-ci minilliyin əvvələrinə aid edilən üst təbəqədən isə daşdan dördkünc evlər, təsərrüfat quyuları, küpələr, gil möhürlər, manqal, tunc ox ucluğu, öküz heykəlciyi və s. tapılıb. Alt təbəqə Şomutəpə mədəniyyəti, orta təbəqə Kür-Araz mədəniyyəti, üst təbəqə isə Xocalı-Gədəbəy mədəniyyəti dövrünə aid edilir.