Bu məqalə Qazax rayonu haqqındadır. Digər mənalar üçün Qazax (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Qazax rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Qazax şəhəridir.
Rayon | |
Qazax | |
---|---|
41°05′36″ şm. e. 45°21′58″ ş. u. |
|
Ölkə | |
Daxildir | Qazax-Tovuz |
İnzibati mərkəz | Qazax |
İcra başçısı | Rəcəb Babaşov |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 19 avqust 1930 |
Sahəsi | 699[1][2] km² |
Hündürlük | 396 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 103 994[3] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-QAZ |
Telefon kodu | +994 2229 |
Poçt indeksi | AZ3500 |
Avtomobil nömrəsi | 35 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
"Qazax" sözünün mənasının mənşəyinə gəldikdə isə, burada həqiqilik dərəcəsinə görə müxtəlif fərziyyələr mövcuddur. Onları ümumiləşdirərək, iki daha real fərziyyəni göstərmək olar.
1. Qədim türk dilindən tərcümədə "qazax" sözü "azad", "ayrılmış insanlar", "cəsur, azadlığı sevən insanlar", "qoçaq əsgərlər" kimi tərcümə olunur. Bugünkü günə bu fərziyyə etnoqraflar arasında ən çox yayılmış fərziyyə hesab olunur. Görkəmli tədqiqatçılar olan V. Velyaminov-Zernov, V. Bartold, A. Yudin və başqaları bu cür izahın tərəfdarları olmuşdurlar.
2. "Qazax" adı Xəzər dənizinin ətrafında olan ərazidə məskunlaşmış tayfaların adından irəli gəlir. Saklar, kaspilər, xəzərlər, azlar kimi tayfaların adı zamanla şəklini dəyişmiş və "qazax" sözünə çevrilmişdir. "Qazax", "Kaspiy", "Qafqaz", "Xəzər" sözləri "kas", "qaz", "xəz" kökündən əmələ gəlir. Ehtimal ki, həmçinin "qazax" sözü kaspiy və sak iki qədim tayfanın adlarının birləşməsindən əmələ gəlmişdir. Dəyişiklik kaspiy — sak, kas — sak, sonra isə qazax sxemi üzrə baş vermişdir. Eləcə də "sak" kökü "qıbçaq" (kıbsak), "kaysak" (Qazaxstanda yaşayan qazaxları ruslar bu cür adlandırmışdır) etnonimlərində də yer alır.
Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir.
Qazax rayonunda yerləşən Damcılı, Babadərviş mağaralarında yapon tarixçilərinin apardığı tədqiqatlar sübut edir ki, Qazaxda 8 min il əvvəl insan məskənləri mövcud olub.
Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi Əl– Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir, lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–20-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi ucun Şərqi Gürcüstan XI-XIII-cu əsr gürcü mənbələrində Didi Turkoba (Boyuk turk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir.
XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır.[mənbə göstərin] Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi.
Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir.[mənbə göstərin]
Osmanlı sultanı III Əhmədin (1703–1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən "Qazaxlı" tayfasını rəhbərlikdən azad etmiş, onların əvəzinə iranlı Sübhanverdi xan adlı sərkərdəni Qazaxa sultan təyin etmişlər. Bununla da II feodal sülaləsinə Sübhanverdi xan başçılıq etmişdir [mənbə göstərin]. Qazax sancaq elan edilərək 4 nahiyəyə (Axtata (Ağstafa), İncə, Türk və Cuvar) bölünmüşdür. Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.
Həmin dövrdə Qazax sultanlığı hələ Qarabağ bəylərbəyliyinə tabe idi. 1736-cı ildə Nadir şah Muğanda özünü şah elan etdi, lakin Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə öz etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Gəncə xanının nüfuzunu zəiflətmək üçün Qazax, Şəmşədil və Borçalı mahallarını Kaxetiya çarlığına verdi. Bundan sonra Kaxetiya çarı II İraklinin fərmanı ilə 1774-cü ildə Qazax sultanlığına rəhbərliyə Salahlıda bəylik edən Kosa Mirzalı ağanın nəslindən olan Pənah ağa rəhbər təyin edildi. Bununla III feodal sülaləsinin hakimiyyəti başladı.[mənbə göstərin]
1752-ci ildə Qazax sultanlığı II İraklini məğlub edən Şəki xanlığına birləşdirildi, Şəki xanı Hacı Çələbinin vəfatından sonra yenidən II İraklinin vassallığına keçdi. 1801-ci ildə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi.
XVIII əsrin 20-ci illərində Səfəvi dövlətinin dağıldığı zamanı Osmanlı imperiyası Cənubi Qafqaza yürüş edib Rusiyanın bu ərazilərə təcavüzünün qarşısını almışdır. XVIII əsrin əvvəllərində Osmanlılar yenidən hücum edib Qazaxı aldıqdan sonra Qazaxda inzibati ərazi bölgüsü aparmışlar. Qazax sancaq elan edilərək 4 nahiyəyə bölünür. Bunlar Axstav, İncə, Türk və Çuvar nahiyələri idi. Qazaxlıların könüllü surətdə Osmanlıların tərəfinə keçməsi ilə əlaqədar Sultan III Əhmədin (1703–1730) Fərmanı ilə Qazax Sancaqbəyisi hələ Səfəvilərin zamanında Qazax hakimi olmuş Mirəlibəy təyin olunmuşdur. Fəth edilən yeni ərazilərin təşkilinə başlayan Osmanlı idarəçiləri bu ərazilərdə inzibati işləri aparıb vergi-maliyyə dəftərlərini tərtib etmişdilər. 1727-ci ildə "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri", 1727-ci ildə "Naxçıvan sancağının müfəssəl dəftəri", 1728-ci ildə isə "Tiflis əyalətinin müfəssəl dəftəri" və "İrəvan əyalətinin icmal dəftəri" işlənib hazırlanır. Qazax ərazisi həmin dövrdə Tiflis əyalətinin nəzdində olmuşdur. 1728-ci ildə türklərin tərtib etdiyi "Dəftəri müfəssəli əyaləti Tiflis" dəftəri 1046 səhifədən ibarət olub, hazırda İstanbulda Başkanlıq arxivində saxlanılır. Bu dəftərin 63 səhifəsi Qazax sancaqlığına (livasına) aiddir. Həmin dəftərə görə Qazax sancaqlığında (livasında) 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır.[4]
1819-cu ildə sultanlıq ləğv edilərək distansiyaya çevrildi.
1867-ci il dekabrın 9-da Yelizavetpol quberniyasının tərkibində Qazax qəzasına çevrilmişdir. Qazax qəzası indiki Tovuz, Ağstafa, Qazax rayonlarını və sovet dövründə Ermənistana verilmiş keçmiş Azərbaycan torpaqları olan Dilican dərəsi və Göyçə gölünə qədər əraziləri (Karvansaray (İcevan) (Qaraqoyunlu mahalı), Barana (Noyemberyan), Çəmbərək (Krasnoselsk) (Qaraqoyunlu mahalı), Şəmşəddin və ya Tovuzqala (Berd), Dilican rayonlarını) əhatə edirdi. [mənbə göstərin] 1929-cu ildə Qazax qəzası ləğv olunmuşdur.
1930-cu il avqustun 8-də Qazax rayonu yaradılmış, 1939-cu il yanvarın 24-də bir hissəsi yeni yaradılan Ağstafa rayonuna verilmişdir. Ağstafa rayonunun ərazisi 4 dekabr 1959-cu ildə Qazax rayonunun tərkibinə qatılmış, 14 aprel 1990-cı ildən yenidən ayrılaraq inzibati rayona çevrilmişdir. 1982-ci ildə Qazax rayonunun İncədərə yaylası, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilmişdir.[5]
Qarabağ müharibəsi dövründə Ermənistan Azərbaycanla həmsərhəd bütün bölgələrə hücum etmişdir. Bu bölgələrdən biri də Qazax rayonu idi. Ermənistan artıq 1990-cı ildə martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında Bağanıs Ayrım kəndinə hücum edərək kəndi işğal etmişlər. 1992-ci ilin aprel ayında isə ermənilər hücum edərək rayonun daha iki kəndini, Barxudarlı və Sofulu kəndlərini işğal etdilər. Daha sonrakı illərdə ermənilər Qazaxın daha dörd kəndini işğal etdilər. İşğal olunan kəndlər Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara kəndləridir.
Qazax rayonunun işğal altında olan 7 kəndi, Bağanıs Ayrım, Barxudarlı, Sofulu, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Yuxarı Əskipara kəndləri hələ də işğal altındadır.[6]
Qarabağ müharibəsi dövründə Qazax rayonundan olan 292 nəfər şəhid olub, onların 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.[7]
Mağara-düşərgə Qazax rayonunun Daş Salahlı kəndindən Anaxatır çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi -dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrünə aiddir.
Gürcüstan ilə Qazax rayonu arasında Aveydağ yerləşir və C. Rüstəmovun arxeoloji axtarışları nəticəsində məlum olmuşdur ki, burada alban xristian məbədinin qalıqları vardır. Strabonun məlumatına görə, albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların məbədi olmuşdur. Xristian məbədləri adətən əvvəlki bütpərəst məbədlərinin yerində yaradılırdı. "Aveydağ" sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada imiş.
Qazax rayonu Azərbaycanın şimal-qərbində, Gəncə-Qazax iqtisadi regionunda, Kür çökəkliyi fiziki-coğrafi vilayətində, kiçik Qafqazın dağ silsiləsinin yamaclarından başlayaraq kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə-Qazax düzənliyinin qərb hissəsində, Kür çayının qırağında yerləşir. Ərazisinin sahəsi 699 kilometr kvadrat, əhalisinin sayı 94 710 nəfərdir (2016). Şimal- qərbdən Gürcüstan Respublikası ilə 9 km, qərbdən və cənubdan Ermənistan Respublikası ilə 168 km məsafədə həmsərhəddir. Azərbaycanın ən qərbində yerləşən rayondur. Rayonun ərazisi şərqdən Ağstafa rayonuyla, Şimaldan kür çayıyla və kür çayı vasitəsilə Ağstafa rayonu ilə, şimal-qərbdən Gürcüstanın Sarvan (Marneuli) və Qarayazı (Qardabani) rayonlarıyla, qərbdən Ermənistanın Barana (Noyemberyan), cənubdan Karvansaray (İcevan) və cənub-şərqdən Şəmşəddin (Berd) rayonuyla qonşudur.
Ən hündür yüksəkliyi "Odun" dağıdır (1316 metr). Səthi əsasən dağlıqdır. Cənub hissəsi dağlıqdır və dəniz səviyyəsindən 600–1200 metr yüksəklikdə yerləşir. Şimalda Qarayazı meşəsi və Ceyrançöl düzənliyi yerləşir. Məşhur "Göyəzən", "Avey" dağları, "Damcılı" bulağı bu rayonun ərazisindədir. Göyəzən dağı öz gözəlliyinə görə Amerika qitəsində yerləşən "Mon-Pele" dağından sonra dünyada ikinci yerdədir. Rayonda Babaqar silsiləsinin şərq sonluğu olan Babaqar dağı yerləşir. Rayonun mərkəzi hissəsindən Ağstafa çayı keçir, şimal-qərbdən İncəsu, Ehram (Anaxatır və ya xram), qərbdən Coğaz və şimal sərhəddi boyunca Kür çayları axır. Kür çayı sahilində dəniz səviyyəsindən hündürlük 100 metr olmaqla cənuba getdikcə tədricən 1000 metrə qədər yüksəlir. Rayonda Coğazçay, Ağstafaçay və Abbasbəyli su anbarları və Candargöl (Ağgöl) gölü yerləşir.
İqlimi sərt qış və isti yayla xarakterizə olunur. Orta aylıq temperatur yanvarda 0-(-5)°С, iyunda 22–27°С-dir. Qışı qarlı keçir. İllik yağıntı 350–700 mm-dir.
Rayon ərazisində Təbaşir, Paleogen, Neogen, Antropogen çöküntüləri yayılmışdır.[8]
Əsasən, dağ-şabalıdı, dağ-boz qəhvəyi, şabalıdı, açıq-şabalıdı və qismən karbonatlı-qəhvəyi dağ-meşə torpaqları daha geniş yayılmışdır. Kiçik Qafqaza aid olan hissəsində dağ meşələri, Kür çayının sahilində isə kiçik sahələrdə tuqay meşələrinin fraqmentlərinə rast gəlinir.[8]
Yovşanlı-şorangəli yarımsəhra və bozqır bitkilərinə rast gəlinir. Meşələrin dendroflorası ağyarpaq qovaq, sosnovski qovağı, yalanqoz, söyüd, ağ tut, iydə, qarağac, palıd, ardıc, yemişan ağaclarından ibarətdir. Kollardan dəvədabanı, yulğun, zirinc, qaratikan, itburnu, böyürtkan, meşə üzümü, adi daşsarmaşığı və digər növlərə rast gəlinir. Ot örtüyü, əsasən, topal, ətirşah, ağ dalamaz, gicitkan, dilqanadan, yabanı kök növlərindən təşkil olunmuşdur.[8]
Qonur ayı, canavar, adi tülkü, qaban, boz dovşan və s. Quşları: qızılı qızlarquşu, xırda qarabatdaq, büldürük, qırqovul, turac, kəklik, göyərçin, murad-quşu, adi alaçöhrə, almabaş qaraördək, kiçik ağ-vağ, bozqır muymulu qızılquşu və digər növlərə rast gəlinir.[8]
Hazırda Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri erməni işğalı altındadır.[9]
1 yanvar 2022-ci il tarixinə olan rəsmi məlumata əsasən rayonda 103.994 nəfər əhali yaşayır. Əhalinin 28.996 nəfəri şəhərdə, 74.998 nəfəri isə kəndlərdə yaşayırlar. Rayon üzrə əhalinin sıxlığı (nəfər/1 km2 ) 145 nəfər düşür. Əhalinin orta yaşı 32-dir.[3] Yaşı 100-dən çox olan Qazax sakinlərinin sayı 6 nəfərdir. Əhalinin ümumi sayının 51,1 %-i kişilər, 48,9 %-i qadınlardır.[3]
Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsi tərəfindən altı ay ərzində 654 nəfər doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,8 təşkil etmişdir. 2018-ci ilin yanvar-iyun ayları ərzində 329 nəfər ölüm halı qeydə alınmışdır. Təbii artım 325 nəfər olmuşdur.[3]
Rayonda 267 Qarabağ müharibəsi əlili, 196 şəhid ailəsi, 656 qaçqın və 7945 məcburi köçkün vardır.[3]
2017-ci ildə 566 nikah, 93 boşanma qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,9, boşanmaların sayı isə 1,0 olmuşdur.[3]
Etnik qrup |
27 yanvar-3 fevral, 1999-cu il.[10] | 13–22 aprel, 2009-cu il[11] | ||
---|---|---|---|---|
Sayı | % | Sayı | % | |
Cəmi | 81 015 | 100.00 | 89 377 | 100.00 |
Azərbaycanlılar | 80 595 | 99.48 | 88 999 | 99.58 |
Türklər | 126 | 0.16 | 177 | 0.20 |
Kürdlər | 102 | 0.13 | 100 | 0.11 |
Ruslar | 118 | 0.15 | 46 | 0.05 |
Ermənilər | 7 | 0.01 | 4 | 0.00 |
Ukraynalılar | 37 | 0.05 | … | … |
Tatarlar | 13 | 0.02 | … | … |
Ləzgilər | 6 | 0.01 | … | … |
Gürcülər | 2 | 0.00 | … | … |
Digərləri | 9 | 0.01 | 51 | 0.06 |
Qazax rayonunda bələdiyyələr ilk dəfə 1999-cu ildə yaranmışdır. Rayonun 35 yaşayış məntəqəsində 22 bələdiyyə fəaliyyət göstərir. 1 şəhər, 21 kənd bələdiyyələri yerli özünüidarəetmə orqanı kimi şəhər və kəndlərin idarə olunmasında iştirak edir. Onlar Qazax, Daş Salahlı, Çaylı, Kommuna, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Hüseynbəyli, Canallı, Dəmirçilər, Ürkməzli, Alpout, Xanlıqlar, Ağköynək və Qarapapaq bələdiyyələridir.
Aşağı Əskipara, Yuxarı Əskipara, Xeyrimli, Bağanıs Ayrım, Qızıl Hacılı, Barxudarlı, Sofulu kəndləri erməni silahlı qüvvələri tərəfindən işğal olunduğuna, Cəfərli, Bala Cəfərli, Fərəhli, Abbasbəyli, Quşçu Ayrım və Məzəm kəndləri isə atəş altında olduğuna, torpaq islahatı aparılmadığına görə onlarda bələdiyyələr təşkil olunmamışdır.
Həmçinin bax: Rayonun iqtisadiyyatı haqqında geniş məlumat
2019-cu ilin birinci yarısında rayonda ümumi məhsul buraxılışı keçən ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 121566,8 manat olmuşdur.[12]
2019-cu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun (işlərin xidmətlərin) ümumi həcmi 37,5% artaraq 18971,7 manat, əsas kapitala yönəldilən investisiyalar 94,9% artaraq 32930,3 manat, kənd təsərrüfatının ümumi məhsulu 17,9% artaraq 35972,4 manat, nəqliyyat sektorunda yük daşınması 2,7 faiz artaraq 809,0 ton, nəqliyyat sektorunda sərnişin daşınması 2,5% faiz artaraq 8103,0 nəfər, poçt və rabitə xidmətlərinin həcmi 11,2% faiz artaraq 828,9 manat, pərakəndə əmtəə dövriyyəsi 1,6 faiz artaraq 93774,5 manat, əhaliyə göstərilən pullu xidmətlər 2,1 faiz artaraq 13496,4 manat olmuşdur.[12]
İlin birinci yarısında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 351,2 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 14,8 faiz çoxdur.[12]
Rayonda 26 sənaye müəssisələri fəaliyyət göstərir. Onlardan 13-ü mədənçıxarma, 9-u emal və 4-ü digər sahələrdir. İstehsal olunan məhsulun satış yerinə görə bölgüsü — rayonda 45, respublikada 25, respublikadan kənarda isə 30 faiz təşkil edir. Konserv zavodu, gil-mədən kombinatı, asfalt zavodu, ət kombinatı və şərab emalı zavodları rayon sənayesinin əsasını təşkil edir.
2019-cu ilin yarımilində rayonun sənaye təşkilatlarında fiziki şəxslər də daxil olmaqla istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi keçən ilin müfaviq dövrünə nisbətən 37,5 faiz artaraq 18971,7 min manat təşkil etmişdir. İstehsal edilmiş məhsulun 5451,8 min manatı, 28,7 faizi dövlət sektorunun, 13519,9 min manatı, 71,3 faizi isə qeyri-dövlət sektorunun payına düşür. Sənaye təşkilatlarında məhsul istehsalı dövlət və qeyri-dövlət müəsisələrində keçən ilin müvafiq dövrünə nisbətən artmışdır. Ümumi istehsalın 74,9 faizi sənaye məhsulunun istehsalı, 25,1 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.[12]
İstehsal edilmiş məhsulun çox hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2019-cu il tarixinə 3149,7 min manatlıq hazır məhsul qalmışdır.[12]
2019-cu ilin altı ayında rayonun sənaye müəssisələrində çalışan muzdlu işçilərin orta siyahı sayı 1098 nəfər olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 90,6 faiz təşkil edir. İşçilərin 418 nəfəri dövlət, 680 nəfəri isə qeyri-dövlət sektorunda çalışır.[12]
İşçilərin 292 nəfəri mədənçıxarma, 419 nəfəri emal, 227 nəfəri elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 160 nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində çalışmışdır.[12]
Sənaye müəssisələrində orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,0 faiz artaraq 424,9 manat olmuşdur. Orta aylıq əməkhaqqı dövlət sektorunda 414,6 manat, qeyri-dövlət sektorunda isə 430,5 manat təşkil etmişdir.[12]
Sənaye müəssisələrinə yarımil ərzində 49 nəfər işçi qəbul edilmiş, 21 nəfər işdən azad edilmişdir.[12]
Qazax rayonu kənd təsərrüfatı rayonudur. Ərazisinin 66,9 %-i və ya 47000 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunlardan 24268 hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı nəticəsində 15574 ailə 24268 hektar torpaq payına sahib olmuşdur. Orta hesabla hər ailəyə 1,6 hektar torpaq sahəsi verilmişdir.[12]
Əsas kənd təsərrüfatı bitkiləri taxıl, kartof, üzüm, meyvə, tərəvəz, günəbaxan, qarğıdalı, bostan, paxlalı bitkilər və yoncadır. Rayonun iqtisadiyyatında üzümçülük, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq aparıcı rol oynayır. Kənd təsərrüfatının başqa sahələri də, yəni meyvəçilik, kartofçuluq və bostan məhsulları istehsalı da inkişaf etdirilir.
2017-ci ilin məhsulu üçün 17018,7 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilmişdir ki, əkin sahəsi keçən ilə nisbətən 2123,7 hektar çox olmuşdur. Əkilmiş sahənin 11028,3 hektarı payızlıq taxıl olmuşdur ki, ondan 8277,7 hektarı buğda, 2750,6 hektarı arpa sahəsidir. Keçən ilə nisbətən 2718,7 hektar payızlıq buğda, 510,6 hektar payızlıq arpa artıq səpilmişdir.[12]
Kənd təsərrüfatının ən əsas sahələrindən biri taxılçılıq və tərəvəzçilikdir. Belə ki, 2017-ci ildə rayonda mövcüd olan 17018,7 hektar əkin sahəsindən 11636,2 hektarını, yaxud 68,4%-ni dənli və dənli paxlalıların əkin sahəsi, 1324,3 hektarını, yaxud 7,8%-ni kartof, tərəvəz və bostan əkin sahəsi, 721,7 hektarini, yaxud 4,2%-ni texniki bitkilər əkin sahəsi, 3336,5 hektarını və ya 19,6%-ni yem bitkilərinin əkin sahəsi təşkil etmişdir. Ümumiyyətlə rayonda bütün əkin sahələri əsasən əhali təsərrüfatları tərəfindən becərilir.[12]
2017-ci ilin məhsulu üçün 555,9 hektar sahədə yazlıq dənlilər səpilmişdir ki, bundan 11,5 hektarı buğda, 34,0 hektarı vələmir, 504,8 hektarı qarğıdalı, 5,6 hektarı darı olmuşdur. Keçən ilə nisbətən yazlıq bitkilər 124,4 hektar artıq səpilmişdir. Bütün əkinlər əhali təsərrüfatları tərəfindən əkilmişdir.[12]
2017-ci ilin məhsulu üçün payızlıq və yazlıq 11636,2 hektar dənlilər və dənli paxlalılar biçiləcək sahə olmuşdur. Bu da keçən ilə nisbətən 3385,7 hektar çoxdur. Biçiləcək sahənin payızlıqlardan başqa 504,8 hektarı qarğıdalı, 5,6 hektarı darı, 11,5 hektarı buğda, 34,0 hektarı vələmir, 52,0 hektarı dənli paxlalılardır. Keçən ilə nisbətən qarğıdalı 180,8 hektar, paxlalılar isə 32,0 hektar çoxdur.[12]
721,7 hektar sahədə yazlıq texniki bitkilər əkilmişdir. Əkilmiş sahənin 50,0 hektarı tütün, 523,3 hektarı şəkər çuğunduru, 62,5 hektarı günəbaxan, 85,9 hektarı süpürgədir. Keçən illə müqayisədə tütün əkilmiş sahə 5 dəfə çox, günəbaxan əkilmiş sahə 16 hektar çox, süpürgə əkilmiş sahə 65,9 hektar çoxdur. Çuğundur keçən il rayonda əkilməmişdir.[12]
2017-ci ildə rayonda 1324,3 hektar sahədə kartof, tərəvəz və bostan məhsulları əkilmişdir ki, ondan 809,1 hektarı kartof, 483,8 hektarı tərəvəz, 31,4 hektarı bostan əkilmiş sahədir. Keçən illə müqayisədə tərəvəz 50,8 hektar çox, kartof isə 476,1 hektar artıq səpilmişdir. Bostan məhsullarının səpini isə keçən ilə nisbətən 3,1 hektar az olmuşdur.[12]
Bitkiçiliyin ən mühüm sahəsi tərəvəzçilikdir. 2017-ci ilin məhsulu üçün rayonda 483,8 hektar sahədə əkilmiş tərəvəz sahəsindən 12130,0 ton məhsul istehsal olunmuşdur. Tərəvəz əkilmiş sahənin 50,0 hektarını kələm, 114,2 hektarını xiyar, 182,6 hektarını pomidor, 6,0 hektarını xörək üçün yerkökü, 25,5 hektarını baş soğan, 2,5 hektarını sarımsaq, 44,6 hektarını badımcan, 24,3 hektarını şirin bibər, 17,7 hektarını acı bibər, 7,0 hektarını turp, 9,4 hektarını göyərti əkilmiş sahə təşkil etmişdir.[12]
Cəmi əkin sahəsinin 3336,5 hektarı yem bitkiləridir ki, ondan 630,5 hektarı cari il yoncası, 2706,0 hektarı isə keçmiş illərdə əkilmiş yoncadır. Keçən illə müqayisədə cari ildə əkilmiş yonca 25,5 hektar, keçmiş illərdə əkilmiş yonca isə 2303,0 hektar az olmuşdur. Bu il rayonda şəkər çuğunduru istehsalına başlanmışdır.[12]
Sahələrdə məhsul toplanışı başa çatmışdır. 2017-ci ildə taxıl əkilmiş sahənin 11039,8 hektarından 36469 ton məhsul toplanmışdır ki, bunun da 8289,2 hektarı buğda sahəsidir və bu sahədən 29840,0 ton buğda, 2750,6 hektar arpa əkilmiş sahədən 6629,0 ton məhsul toplanmışdır. Taxılın orta məhsuldarlığı rayon üzrə 35,6 sentner olmuşdur. Qarğıdalı əkilmiş sahədən 2726,0 ton məhsul toplanmışdır. İl ərzində sahələrdən 132,0 ton günəbaxan, 502,0 ton bostan məhsulları, 12130,0 ton tərəvəz, 22000,0 ton kartof, 5387,0 ton çuğundur toplanmışdır. Məhsuldar meyvə bağlarından 15667,0 ton meyvə toplanmışdır. Bar verən üzüm sahələrindən 3250 ton üzüm toplanmışdır.[12]
2017-ci ildə 48,9 hektar sahədə yeni fındıq bağı, fındıq bağının ümumi sahəsi 222,8 hektara çatdırılmışdır. Son iki il ərzində 8,7 hektar sahədə barama istehsalı üçün tut bağı salınmışdır.[12]
1 yanvar 2018-ci il tarixə 13563 hektar sahədə şum qaldırılmışdır, 12351,7 hektar sahədə payızlıqların səpini aparılmışdır ki, bununda 8915,2 hektarı buğda, 3436,5 hektarı isə arpadır.[12]
2016-cı ildən barama və tütün istehsalına başlanmışdır. 2017-ci il ərzində 4623 kq barama, 80,2 ton qurudulmuş tütün yarpağı istehsal olunub təhvil verilmişdir.[12]
2017-ci ildə keçən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 5,5 ton artaraq 5589,2 ton, süd istehsalı 8,3 ton artaraq 31180,5 ton, yumurta istehsalı 156 ədəd artaraq 11809 ədəd, yun istehsalı 1.5 ton artaraq 272,5 ton olmuşdur Bu artım əsasən əhali təsərrüfatlarının hesabına olmuşdur.[12]
2018-ci ildə keçən ilin müvafiq dövrünə nisbətən İri buynuzlu mal-qara 31135, inək və camışlar 0,8 faiz artaraq 16595, Qoyun və keçilər 0,6 faiz azalaraq 147469 baş olmuşdur.[12]
2017-ci İl ərzində nəqliyyat sektorunda məhsul buraxılışı fiziki şəxslərdə nəzərə alınmaqla 6233,4 min manat olmuşdur ki, bu da ümumi məhsul buraxılışının 3,4 faizini təşkil etmışdir. Nəqliyyat sektorunda məhsul buraxılışının həcmi keçən illə müqayisədə 102,7 faiz təşkil etmişdir. Məhsul buraxılışının 2312,8 min manatı yük daşınmasından, 3920,6 min manatı isə sərnişin daşınmasından əldə olunan gəlirdir.
İl ərzində yük daşınmasının həcmi 1599 min ton olmuş bu da əvvəlki dövrlə müqayisədə 3,3 faiz çoxdur. İl ərzində 15930 min nəfər sərnişin daşınmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur.
2018-ci ilin yanvar-iyun ayları ərzində rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi 745,6 min manat olmuşdur. Rabitə müəssisələri tərəfindən əhaliyə 5150,6 min manatlıq xidmət göstərilmişdir.
Hesabat dövründə əldə edilmiş gəlirin 12,8 faizi şəhərlərarası və beynəlxalq rabitədən, 18,0 faizi şəhər telefon rabitəsındən, 22,0 faizi kənd telefon rabitəsindən, 47,2 faizi isə internet xidmətindən əldə edilmişdir.
Əhalidən əldə edilmiş gəlirin həcminin 11,8 faizi şəhərlərarası və beynəlxalq telefon rabitəsindən, 15,0 faizi şəhər telefon rabitəsindən, 22,7 faizi kənd telefon rabitəsindən, 50,5 faizi internet xidmətindən olmuşdur.
Altı ay ərzində poçt rabitəsindən 121,5 min manatlıq gəlir əldə olunmuşdur ki, bunun da 113,6 min manatı əhali tərəfindən ödənilmiş xidmətin dəyəridir.
Rayonda mərmər, tikinti daşı, əhəng daşı, sement istehsalı üçün xammal, gil, qum-xır və qurğuşun ehtiyatları mövcuddur.
Turizm statistikası | |||||||
---|---|---|---|---|---|---|---|
Sıra | 2010 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | |
1 | Mehmanxana və mehmanxana tipli müəssisələrin sayı, vahid | 8 | 8 | 8 | 8 | 7 | 8 |
2 | Nömrələrin sayı, vahid | 133 | 133 | 133 | 133 | 106 | 102 |
3 | Birdəfəlik tutum, yer | 272 | 272 | 272 | 272 | 224 | 216 |
4 | Yerləşdirilmiş şəxslərin sayı, nəfər | 1210 | 2828 | 2735 | 2179 | 1914 | 1926 |
5 | Gecələmələrin sayı, adam-gecə | 1365 | 3833 | 5901 | 4405 | 4988 | 5254 |
Hazırda rayonda təlim-məşq və sağlamlıq məşğələləri üçün 115 idman qurğusu fəaliyyət göstərir. 1 Olimpiya İdman Kompleksi, 1 Şəhər Stadionu, 1 Kompleks İdman Qurğusu, 2 Üzgüçülük Hovuzu, 29 təhsil müəssisələrinin idman zalları, 115 sadə idman qurğuları, 1 Atıcılıq Tiri, 5 Aerobika trenajor zalı fəaliyyət göstərir.
Həmçinin bax: Rayonun idman müəssisələrinin siyahısı
"Göyəzən FK" — Azərbaycanın Qazax rayonunu təmsil edən futbol klubudur. 1986-cı ildə Qazaxda yaranmışdır. Müxtəlif vaxtlarda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir. UEFA Regional Kubokunun iştirakçısı olub.
Uğurları
Hal-hazırda Azərbaycan Birinci Liqasında çıxış edir.
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 44 kilometri, Qazax-Uzuntala-Ermənistan avtomobil yolunun 15 kilometri Qazax rayonunun ərazisindən keçir. Onların hər ikisi ikinci kateqoriyalı yoldur.
Qazax Dəmiryol Stansiyası — Rayonun ərazisindən keçən dəmir yolunun uzunluğu 28 km-dir. İşğal altında olduğuna görə onun 22 km-dən istifadə olunmur. Həmin yol da ikinci kateqoriyalı yoldur.
Qazax rayonunda 8 iri və orta müəssisə, 13 tibb müəssisəsi, 110 mədəniyyət ocağı, 47 orta ümumtəhsil məktəbi, 31 məktəbəqədər uşaq müəssisəsi, 2 texniki, orta ixtisas və peşə məktəbi,1 lisey, 2 ali təhsil müəssisəsi fəaliyyət göstərir.
Əhaliyə 1 "Diaqnostika mərkəzi", 7 xəstəxana, 19 ambulator-poliklinika,17 tibb və feldşer-mama məntəqəsi səhiyyə xidməti göstərir.
Həmçinin bax: Mədəniyyət müəssisələrinin siyahısı Təhsil müəssisələrinin siyahısı Səhiyyə müəssisələrinin siyahısı
Qazax rayonunda "Avey" Dövlət Qoruğu fəaliyyət göstərir. Qoruq 1989-cu ildə yaradılmışdır. Qoruğun ərazisində elmi-tədqiqat işləri aparmaq üçün Əskipara, Göyəzən və Damcılı filialları yaradılmışdır. Qoruq əsasən tarix, mədəniyyət, memarlıq, etnoqrafiya, bədii və digər folklorşünaslıqla məşğuldur. Qoruğun ərazisində yüzlərlə tarix və mədəniyyət abidələri vardır. Onlar Qoruğun əsas mülkiyyəti hesab olunur. Bu abidələrdən 15-i memarlıq, 36-ı arxeoloji və 5-i dekorativ tətbiqi sənət nümunələridir.
Qoruq rayonun müxtəlif qədim tarixi dövrlərə aid olan arxeoloji və memarlıq abidələrini, etnoqrafiya materiallarını tədqiq edib öyrənir.
Həmçinin bax: Rayonun Tarixi, Mədəni və Arxeoloji abidələrinin siyahısı
Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir.
Rayonun məşhur abidələri aşağıdakılardır:
2010-cu ildə "Qazax — Azərbaycanın folklor paytaxtı" elan olunmuşdur.[16]