Bakı istehkamçılar hissəsi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli qərarı ilə yaradılmış hərbi müdafiə strukturu.
Hərbi Nazirliyin Topçu idarəsinin rəisi general-mayor Murad Gəray Tlexas Bakı istehkamçılar hissəsinin rəisi təyin edildi. Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli əmrinə əsasən Bakı istehkamçılar hissəsinin rəisinə ölkənin müdafiəsi üçün zəruri olan hər hansı əmlakı müsadirə etmək hüquqi verildi.
Bakı istehkamçılar hissəsi strateji əhəmiyyətinə görə birinci dərəcəli qalaya bərabər idi. Onun hüdudları Qızılburundan Ələtə qədər müəyyənləşdirilmişdi. Birbaşa hərbi nazirə tabe olan hissələrdən başqa, Bakı qarnizonunun digər hissələri də — Bakının hərbi limanı, oradakı üzən obyektlər, Nizovaya (Niyazabad) liman körpüsündən tutmuş Ələt stansiyasına qədər sahil boyunca yerləşdirilmiş toplar da istehkamçılar hissəsinin tabeliyinə verilmişdi. İstehkamçılar hissəsinin öz bayrağı var idi. Həmin bayraq Bayıl burnunda, radiostansiyanın yanında qaldırılmışdı və onun mühafizəsi təmin edilirdi.
Bakı istehkamçılar hissəsinin tərkibində Topçu idarəsi, İstehkam idarəsi, Ləvazimat idarəsi, Hərbi-tibb idarəsi, rabitə qrupu və katerlər qrupu var idi.
1919-cu il dekabrın 10-da Murad Gəray Tlexas Bakının hərbi general-qubernatoru təyin olunduğu üçün Bakı istehkamçılar hissəsinin rəisi vəzifəsi general-mayor İbrahim ağa Usubov oldu və o, Azərbaycan Cümhuriyyətinin süqutuna qədər bu vəzifədə fəaliyyət göstərdi.[1]