Bakı Fabrik Müfəttişliyi - Rusiya Dövlət Şurasının "Sənaye haqqında nizamnamədə bəzi dəyişikliklər" barədə 1899-cu il 7 iyun tarixli qərarına əsasən yaradılmışdı.[1]
1899-cu il 7 iyunda yaradılmışdı. Bakı Xalq Komissarları Sovetinin 1918-ci il 2 iyul tarixli qərarı ilə ləğv edilmiş, 1918 il oktyabrın 12-də Bakı sənaye rayonunda tənzimləyici orqan kimi bərpa olunmuşdu. Müfəttişlik prinsipial xarakterli məsələlərin həlli ilə yanaşı, sahibkarların qanunsuz hərəkətləri haqqında fəhlə və qulluqçuların ərizə və şikayətlərini də araşdırırdı.
1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə əmək nazirliyi yaradılmış və həmin müfəttişlik onun sərəncamına verilmişdi. Bununla əlaqədar müfəttişliyin fəaliyyət dairəsi xeyli genişlənərək, muzdlu əməyin sənətkarlıq, kustar istehsal, tikinti, dəmir yolu, çay nəqliyyatı və digər sahələrini də əhatə edirdi. Lakin həvalə olunmuş texniki vəzifələr baxımından müfəttişlik bilavasitə ticarət və sənaye nazirliyinin tabeliyində idi.
Bütün Bakı sənaye rayonu 5 məntəqəyə bölünmüşdü. Onların hər birinə fabrik müfəttişi başçılıq edirdi. Fabrik müfəttişlərinin fəaliyyətini isə böyük fabrik müfəttişi əlaqələndirirdi.