Bakı Omuraliyev (1932 Qırğızıstan MSSR, Canı-Arık (Qırğızıstanın indiki Jumqal rayonu) - 29 iyul 2003, Bişkek) - qırğız və sovet aktyoru, rejissor, dramaturq, publisist, Qırğızıstan SSR-in əməkdar mədəniyyət xadimi. SSRİ Yazıçılar İttifaqının üzvü (1971), SSRİ kinematoqrafiyaçıları İttifaqının və Teatr Xadimləri İttifaqının üzvü (1962-ci ildən).
Bakı Omuraliyev 1932-ci ildə müəllim ailəsində anadan olmuşdur. Kiçik yaşlarında hər iki valideynini itirən Bakı Omuraliyev 1941-1945-ci illərdə uşaq evində tərbiyə almışdır. 1955-ci ildə A.Ostrovski adına Daşkənd bədii-teatr institutunu, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı yanında Ali ədəbiyyat kursunu bitirmişdir.
Bakı Omuraliyev 1955-1972-ci illərdə Qırğızıstan Dövlət Dram Teatrının aktyoru olmuşdur. O, burada bir çox mürəkkəb və psixoloji səhnə obrazları (A.Qriboyedovun "Ağıldan bəla" əsərində Molçalin, V.Şekspirin "Kral Lir" əsərində Şut, R.Şukurbekovun "Akının arzuları" pyesində Toktoqul və s.) yaratmışdır.
Sonralar o, Qırğızıstan SSR Dövlət Televiziya və Radio Komitəsində rejissori, dramaturgiya üzrə baş ədəbi məsləhətçi, Qırğızıstan SSR Yazıçılar İttifaqının İdarə Heyətinin katibi, Qırğızıstan SSR Mədəniyyət Nazirliyinin redaksiya kollegiyasının redaktoru vəzifələrində çalışmışdır.
Bakı Omuraliyev "Qırğızfilm" studiyasında bir sıra filmlərə çəkilmişdir. O, onlarla filmdə ("Toktoqul", "Buz ürək haqqında əfsanə" "Qırmızı alma", "Kosmonavtlar küçəsi" və s.) yaddaqalan obrazlar yaratmışdır. O, həmcinin rus dilindən qırğız dilinə tərcümə olunan "Kotovski", "Əsgər cəbhədən gəldi", "Qayduk", "Yeddinci güllə" və bir çox digər filmlərdə dublyaj aktyoru olmuşdur.
O, 1960-cı ildən dramaturq kimi də yaradıcılıq fəaliyyətinə başlamış, bir sıra pyeslərin, milli incəsənətin inkişafına, Qırğızıstan teatrının görkəmli nümayəndələrinin yaradıcılığına aid publisitik əsərlərin müəllifi olmuşdur. Onun 1970-ci illərdə Narın və Oş teatrlarında səhnəyə qoyulan bir çox dram əsərləri rus, moldova, Ukrayna dillərinə tərcümə edilmişdir. Hazırda Qırğızıstanda elə bir teatr yoxdur ki, onun pyesləri orada nümayiş etdirilməsin. Bakı Omuraliyev "Exo", "Ata sözü şərəfdir","Unudulmaz günlər", "Mən bilirəm, dağlar bilir" və sair əsərlərin müəllifidir.