Bakı Xoreoqrafiya məktəbi

Bakı Xoreoqrafiya Akademiyası — Azərbaycan Respublikasında xoreoqrafiya sahəsində ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən xüsusi ali məktəb.

Bakı Xoreoqrafiya Akademiyası
Əsası qoyulub 1929, 1936, 2014
Şəhər Bakı Bakı
Ölkə

Azərbaycan SSR Xalq Maarif Komissarlığı Kollegiyasının 29 aprel 1922-ci il tarixli iclasının qərarı ilə Əli Bayramov adına Qadın Klubunun nəzdində Balet Studiyası açılmışdır. 1923-cü il avqustun 18-də Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən Bakıda ritm və rəqs studiyası açılmış və "Balet studiyası" adlandırılmışdır.

1929-cu ildə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən, bu studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilmişdir.

1933-cü ildə Bakı Xoreoqrafiya Məktəbində artıq 157 şagird təhsil alır və təhsil müddəti 4 ildən 9 ilə çatdırılmışdır.

1935-ci ildə Xoreoqrafiya Məktəbi Azərbaycan SSR Xalq Maarif Komissarları Şurasının qərarı ilə Bakı Xoreoqrafiya Texnikumu, 1962-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qərarı ilə Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Məktəbi adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılmış və fəaliyyətə başlamışdır.[1] 26 dekabr 2014-cü il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Akademiya ümumi təhsil (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas və ali təhsil (bakalavr, magistr, doktorantura) pillələri üzrə təhsil proqramı və əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirir.

Elmi-pedaqoji kadr potensialı sayəsində akademiyada 7 kafedra və akademiyanın ali qərarverici orqanı olan Elmi Şurası fəaliyyətə başlamışdır. Bununla bərabər akademiyanın Bədii Şurası, Elmi-Metodiki Şurası, kollec və tam orta məktəbin Pedaqoji Şuraları fəaliyyət göstərir. Akademiyada mütəmadi olara elmi-praktik konfranslar, respublika səviyyəsində müsabiqələr, böyük ustad sənətkarların yubiley gecelərini keçirilir, konfransların materialları nəşr olunur, tədris planları və proqramları yenidən işlənir, xoreoqrafiya sənətinin ayrı-ayrı sahələri üzrə metodiki vəsaitlər, təlimatlar və digər materiallar hazırlanır. "Elmi əsərlər", "Magistr" topluları və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə edilən nəşrlərin siyahısına daxil edilən "Sənət Akademiyası" beynəlxalq elmi-nəzəri jurnalı nəşr olunur. Akademiyanın ən böyük nailiyyətlərindən biri Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə Birinci Beynəlxalq Müsabiqəsinin təsis edilməsi və keçirilməsidır. Müsabiqənin hər iki ildə bir dəfə keçirilməsi qərara alındıqdan sonar 2018-ci ildə daha geniş coğrafiyanı əhatə etməklə çox böyük uğurla ikinci beynəlxalq müsabiqə keçirilmişdir. Bakı Xoreoqrafiya Məktəbində iki bölmə fəaliyyət göstərir: klassik bölmə və xalq bölməsi. Klassik bölməyə 5-ci sinifdən, xalq bölməsinə 8-ci sinifdən şagirdlər qəbul olunur. 1–4-cü siniflər hazırlıq mərhələsidir. Həmin siniflərdə xoreoqrafiya sənətinin ibtidai, təməl elementləri şagirdlərə aşılanır. 4-cü sinifdən sonra isə şagirdlərdən kimlərsə professional mərhələyə başlama imkanı əldə edir, kimlərsə məktəblə vidalaşmalı olur. 5-ci sinifdən artıq professional xoreoqrafiya sənətinin tədrisinə başlanılır.

Akademiya haqqında 2005-ci ildə Bakı Xoreoqrafiya Məktəbi 2005 filmi çəkilmişdir.

  1. "Arxivlənmiş surət". 2017-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.