Əli Bayramov adına Qadın Klubu — Bakıda yaradılmış ilk qadın klubu.
Əli Bayramov adına Qadın Klubu | |
---|---|
| |
Növü | qadın klubu |
Yaranma tarixi | 20 may 1920 |
Mərkəzi | Bakı |
Qurucusu | Nəriman Nərimanov |
Sədr |
Ceyran Bayramova Gülarə Qədirbəyova |
Vikianbarda əlaqəli mediafayllar |
1920-ci ilin may ayının 20-də Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun təşəbbüsü ildə milyonçu Murtuza Muxtarovun evində, indiki Səadət Sarayının binasında Bakı və onun rayonlarının qadınları üçün Əli Bayramov adına Qadın Klubu açıldı.[1][2] Kluba Ceyran Bayramova rəhbərlik edirdi.[1]
Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin göstərişi ilə 1921-ci ilin may ayının 30-da xalq maarifi komissarı Dadaş Bünyadzadə müvafiq sərəncam verdi:[3][4]
Yoldaş Əli Bayramov adına Müsəlman Qadın Klubu yeganə nümunəvi müəssisə kimi Xalq Maarifi Komissarlığının tabeliyindədir. Heç bir digər idarələr klubun işinə qarışa bilməzlər, nə inzibati, nə maliyyə, nə də təşkilati baxımdan. Klubun İdarə Heyətinə təklif edilir ki, onlara aid bütün məsələlər üzrə bilavasitə Xalq Maarif Komissarlığına müraciət etsinlər. |
1933-cü ilin əvvəllərində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi qeyd edirdi ki, mədəni təbliğat işinə zəif rəhbərlik nəticəsində Əli Bayramov adına qadınlar klubunun fəaliyyəti 1932-ci ildən zəifləmiş, türk qadınlarının tələbələrinə cavab verməmiş, öz işini köhnə metodlarla qurmuş, zəhmətkeş qadınların sosialist tərbiyələnməsində kütlələrin şəxsi təşəbbüsünün əsas baza olmasına və yeni türk qadın kadrların sosialist yenidənqurmasının şüurlu qurucuları kimi yetişdirilməsinə əsaslanmamışdır. Bu səbəbdən klubun direktoru Gülarə Qədirbəyova təyin olundu və ona siyasi maarif işinə rəhbərlik də həvalə olundu.[5]
1936-cı ildə Əli Bayramov adına Qadın Klubunun 15 illiyi ilə əlaqədar Gülarə Qədirbəyova "Bir sarayın tarixi" adlı kitab yazmışdır. Bu kitab millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edilmiş və onun antisovet fəaliyyətdə iştirak edən, əksinqilabi təşkilatın üzvü kimi təqib edilməsinə zəmin yaratmışdır. Gülarə Qədirbəyova 1937-ci ilədək kluba rəhbərlik etmiş, 1938-ci ildə həbs edilmişdir.[6]
1920-ci ildə Əli Bayramov adına Qadın Klubunda 7 qadının öz çadrasını çıxararaq Azərbaycanda çadranın atılması kampaniyası başlatmışdır.[7]
Ceyran Bayramova və onun köməkçiləri Mina xanım, Məsmə Məmmədova, Hökumə Məmmədova, Mələknisə Məlikova başda olmaqla, klubun Rəyasət Heyətinin bir neçə fəalı qadınları kluba cəlb etmək üçün onları tikiş emalatxanasının işinə geniş şəkildə cəlb edilməsi qərarına gəldilər. Bir neçə qadın ərləri və atalarından gizli evdən öz tikiş maşınlarını gətirərək bu tikiş emalatxanası təşkil etdi. Əvvəllər orada 7 işçi çalışırdı. Sonralar bu emalatxana Əli Bayramov adına Tikiş Fabrikinə çevrilmişdir.[8]
Emalatxana işçiləri həm də savadsızlığın ləğv edilməsi kurslarına yazıldı. Bu kurslarda bir neçə aydan sonra imtahanlar da təşkil olundu.
Klub üzvləri ölkənin digər bölgələrinə yollanaraq bütün qadınları klubun işinə cəlb etməyə çalışmışdır. Mina xanım Şamaxı qəzasına, Məsmə Məmmədova Xızı, Tahirə Ələkbərova Göyçay qəzasına, Xanım Ağayeva Lənkəran qəzasına, Bilqeyis Əsgərli Quba qəzasına, Xanım Əliyeva Naxçıvan diyarına, Hökümə Məmmədova isə Şuşa qəzasına yollanmışdır.
1924-cü ildə kommunist lider Klara Setkin Əli Bayramov adına Qadın Klubunu ziyarət etmişdir. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı:[9]
Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə dövlətli müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almalarına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edir |
1925-ci il mayın 26-da Əli Bayramov adına klubun akt zalında klubun 5 illik yubileyi münasibətilə təntənəli iclas keçirilmişdir.[10]