Bal arısının zərərvericiləri

Bal arısının zərərvericiləri - Varroa destructor (Parasitiformes), Acarapis woodi (Trombidiformes) kimi növlər bal arısının əsas zərərverici gənələridir.

Varroa destructor[redaktə | mənbəni redaktə et]

Varroa destructor Anderson & Trueman, 2000 zərərverici gənəsi həm Apis mellifera, həm də Apis cerena arılarında parazitlik edir. Dişi gənənin uzunluğu 1,1-1,2 mm, eni isə 1,6-1,7 mm olub, bədəni qırmızımtıl qəhvəyi rəngdə və yastı olur. Əsasən arıların qarıncıq hissəsinin halqaları arasına yapışır və buradan arının hemolimfası ilə qidalanaraq yaşayır. Dişi gənələr içərisində erkək və işçi arıların sürfələri olan yuvalara girərək sürfə qidası ilə qidalanırlar. Yuvanın ağzı bağlandıqdan 60-70 saat sonra yumurta qoymağa başlayırlar. Bir dişi gənə 4-6 yumurta qoyur ki, bunlardan da 4 ədədi həyatda qala bilir. Yumurtaların birindən erkək, digər üçündən isə dişi varroalar çıxır.[1] Varrotoz olan arı ailələrinin məhsuldarlıq qabiliyyəti aşağı düşür, bir sıra viruslu və nozematoz kimi xəstəliklərin yaranmasına şərait yaradır.

Mübarizə üsulları[redaktə | mənbəni redaktə et]

Arıçılar varroa gənəsi ilə mübarizədə planlı şəkildə həyata keçirilən kimyəvi və bioloji mübarizə üsullarından istifadə edirlər.

Kimyəvi mübarizə[redaktə | mənbəni redaktə et]

Kimyəvi mübarizə üsulu olaraq Amitraz, Fluvalinat, Flumentrin və Bromopropilat istifadə edilir. Kimyəvi mübarizə əsasən yazın əvvəlləri və payızın ortalarında aparılır.

Bioloji mübarizə[redaktə | mənbəni redaktə et]

Bioloji mübarizə məqsədilə varroanın olduğu yeşiklərə içərisində erkək arı yuvalarının çox olduğu çərçivələr qoyulur. Yuvaların ağzı bağlandıqdan sonra həmin çərçivələr yeşikdən çıxarılaraq yuvalar məhv edilir. Beləliklə varrotozun növbəti nəslinin çıxmasının qarşısı bir qədər alınmış olur.

Acarapis woodi[redaktə | mənbəni redaktə et]

Acarapis woodi Rennie, 1921 əsasən, yetkin işçi arıların traxeyalarında parazitlik edir. İşçi arının orqanizminə daxil olmuş mayalanmış dişi gənə 3-4 gündən sonra 6-10 yumurta qoyur. Yetkin gənənin ömrü 30-40 gündür. Ölü arıda isə 1-2 gün yaşaya bilir. Gənələrin yaşaması üçün lazım olan əlverişli temperatur 34°C-dir. Xəstəlik ən çox yaz fəslində müşahidə olunur.Mübarizə tədbirləri görülmədikdə arı ailəsinin ölümü ilə nəticələnə bilər.

Mübarizə üsulları[redaktə | mənbəni redaktə et]

Zərərvericiyə qarşı mübarizə məqsədi ilə arıların şərbətlərinə fumagillin əlavə edilməlidir. Lakin unutmaq lazım deyil ki, hər hansı bir preparatdan istifadə zamanı müəyyən olunmuş dozadan və qaydadan kənar hərəkət etmək arılar üçün təhlükə törədə bilər. Arıçılar da öz növbəsində profilaktiki tədbirlərə yüksək səviyyədə riayət etməlidirlər.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Əliyeva R.C., Qədimov V.Ə. Bal arısının (Apis mellifera) bəzi xəstəlik və zərərvericiləri haqqında // AMEA Zoologiya İnstitutunun Əsərləri, Cild 35, No1, Bakı, 2017, s.40-49
  • Qədimov V., Əhmədov B., Şəmiyev T. Arıçı nələri bilməlidir, Bakı: 2006, s.57-65.
  • Kurt M. Arı hastalıkları, s. 2, 14, 16, 23-26, 29, 32-33, 36-37, 48.
  • Uygur Ş.Ö., Girişgin A.O. Bal arısının hastalık ve zararlıları // Journal Bee science, 2008, s.130-135.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Established pests". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-31.