Balans Hesabatı və ya Mühasibat balansı (fr. balance hər. "tərəzi" lat. bilanx) — bir-birini tamamlayan iki hissədən ibarət, müəyyən zaman müddətində hər hansı hadisə və ya fəaliyyətlə bağlı tarazlığı və nisbəti xarakterizə edən göstəricilər sistemidir. Balansın bir tərəfi pulun və ya əmtəənin daxil olmasını (gəlirini, idxalını və s.), digər tərəfi isə həmin kəmiyyətdə pulun və ya əmtəənin xaric olmasını (ödənilməsini, ixracını və s.) ifadə edir. Bütün hallarda balansın tərəfləri kəmiyyətcə bərabər olur. Balans göstəriciləri həm natural formada, həm də pul formasında əks oluna bilər. İqtisadiyyatın bu və ya digər sahələrində müxtəlif məzmunlu balanslardan istifadə olunur[1].
Məsələn, tədiyyə balansı, dövlətin gəlir və xərclər balansı (dövlət büdcəsi), mühasibat balansı, sahələrarası balans və s. Şirkətlər üçün əsas balans mühasibat balansıdır. Mühasibat balansı müəyyən zaman müddətində (aylıq, rüblük, illik) müəssisənin maliyyə fəaliyyəti haqqında məlumatları ümumiləşdirilmiş pul ifadəsində əks etdirən mühasibat sənədidir. Formasına görə mühasibat balansı iki hissədən (bölmədən) ibarət cədvəldir. Birinci, yəni sol hissə aktiv, ikinci, yəni sağ hissə passiv adlanır. Mühasibat balansının aktivi maliyyə təsərrüfat vəsaitlərinin tərkibi və yerləşdirilməsini, passivi isə həmin vəsaitlərin yaranma mənbələrini və məqsədli istiqamətlərini əks etdirir.
Müəssisəyə, təşkilata və s.-ə məxsus əsas vəsaitlərin, uzun müddətli aktivlərin və s.-in müəssisənin balansında əks olunduğu dəyər. Müəssisənin, təşkilatın və s.-in balans dəyəri onun şəxsi kapitalı və xalis aktivlərinin məcmusu kimi hesablanır. Xalis aktivlər məcmu aktivlərin dəyəri ilə borc öhdəliklərinin ümumi həcminin (dəyər ölçüsündə) fərqinə bərabərdir. Səhmin hesabaalma dəyəri, şirkətin bütün aktivlərini toplayıb, hər hansı imtiyazlı qiymətli kağızın ödəmə qiyməti daxil olmaqla, bütün borc və öhdəliklərini çıxaraq müəyyən edilir. Alınan məbləği dövriyyədə olan səhmlərin miqdarına bölərək, hər bir sadə səhmin hesabaalma dəyəri əldə edilir. Şirkətin aktivlərinin və yaxud qiymətli kağızın hesabaalma dəyəri bazar qiymətindən fərqlənə bilər.
Saldosu mühasibat balansına daxil olmayan mühasibat hesabı. Balansarxası hesabda uçot ikili yazı tətbiq edilmədən aparılır. Bu hesablar öz aralarında və ya balans hesabları ilə müxabirləşir.[2]