Ballada

Maria Uik, "Ballada" (1898)

Balladaitalyan dilində "ballare" sözündən olub, "rəqs etmək" deməkdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə hekayəti-mənzumə (حکایهی-منزومه) adlandırılmışdır.[1]

Ballada bir janr kimi çox uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Əvvəllər ballada rəqsvari mahnılara deyilirdi. Orta əsrlərdə bir sıra Qərbi Avropa xalqlarında ballada hekayət xasiyyətli mahnılara çevrilir. Bu mahnılar, adətən, hər hansı bir musiqi alətinin müşayiəti ilə ifa edilərək lirik, dramatik məzmunda olurdu. Balladalar xalq şair-müğənniləri olan trubadur və truvyorlar tərəfindən yaradılır, jonqlyor, menestrel və bardlar tərəfindən ifa edilirdi.

XVIII əsrin ortalarında Şotland xalq balladalarından ibarət şer məcmuələri meydana çıxır. XIX əsrdə ballada ədəbi-poetik janr kimi genişlənir. Müxtəlif ölkələrin romantik — şairləri — N. V. Höte, V. Hüqo, H. Heyne, A. Mitskeviç; eləcə də rus şairləri — V. Jukovski, A. S. Puşkin, M. Lermontov və b. bu janra çox müraciət etmişlər. Sadə, sakit nəqledici xasiyyət daşıyan balladalarda mütləq fontastika elementlərindən istifadə olunur və daxili dramatizm hiss olunurdu.

Romantizm dövrünün bəstəkarları bu ədəbi balladaların mətnlərinə musiqi bəstələmiş, beləliklə, vokal-ballada janrı yaranmışdır. F. Şubertin "Meşə padşahı" (Hötenin sözlərinə), M. Qlinkanın "Gecə rəsmi keçidi" (A. S. Puşkinin sözlərinə) və b. balladalar bu qəbildəndir.

Daha sonralar instrumental (sözsüz) balladalar meydana çıxmışdır. İlk dəfə instrumental balladaları romantizm dövrünün ən parlaq nümayəndəsi F. Şopen yazmışdır. Onun 4 fortepiano balladasında epik nəqletmə xüsusiyyəti dramatik, lirik həyəcanlarla birləşərək, sanki təsviri sənət "lövhələri" yaradır. Müasirləri belə hesab edirlər ki, F. Şopen öz balladalarını Adam Mitskeviçin "Konrad allenrod" poeması və "Svitezyanka" şer-balladasının təsiri altında yazmışdır.

Görkəmli bəstəkarlar E. Qriq və F. Listin fortepiano balladaları da çox məşhurdur.

Ballada yalnız müstəqil bir əsər kimi deyil, hər hansı bir iri formalı musiqili səhnə əsərlərinə (operaya) daxil edilən musiqi nömrəsi kimi də yazıla bilər. Məsələn, M. Qlinkanın, A. S. Puşkinin poeması əsasında yazdığı "Ruslan və Lüdmila" operasından Finnanın sehrkar Naina haqqındakı hekayətindən bəhs edən səhnəni bəstəkar özü "Finnanın balladası" adlandırmışdır.

XVIII əsrin əvvəllərində İngiltərədə və digər Avropa ölkələrində ballada-operalar da geniş yayılmışdı. Bu operalar əsasən xalq mahnılarından ibarət olub, satirik-komediya janrında yazılırdı.

Müasir dövrdə bəstəkarların yaradıcılığında həm vokal, həm xor, həm də instrumental balladalar geniş yer tutur. Çox zaman bu balladalar qəhrəmani-tarixi məzmuna malik olurlar. Məsələn: Y. A. Şaporinin "Kulikovo çölündə" simfoniya-kantatasından "Vityazın balladası"nı, V. P. Solovyov-Sedoyun "Əsgər haqqında balladaUnı misal göstərmək olar.

Ballada termini bəzən başqa janrlarla qarşılıqlı əlaqədə işlənərək əsərin məzmununun müəyyən səciyyəvi cəhətlərini göstərir. Məsələn, Myaskovskinin "Simfoniya-ballada"sı, A. Qlazunovun violonçel və orkestr üçün "Konsert-ballada," Cövdət Hacıyevin fortepiano balladası və b. əsərləri misal göstərmək olar.

  1. Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]