Bank işi

Bank işi (Banking) — İqtisadi subyektlərin sərbəst pul vəsaitlərinin müvəqqəti cəlb edilməsi, kreditlərin yerləşdirilməsi, hesablaşmaların aparılması, eləcə də, müxtəlif bank xidmətlərinin göstərilməsi istiqamətində bank tərəfindən aparılan irili-xırdalı bütün əməliyyatlar. Bank işi aşağıdakı kimi əməliyyatları ehtiva edir:

  1. Aktiv bank əməliyyatları – kreditin təqdim edilməsi, qiymətli kağızların alınması və s., yəni sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları.
  2. Məsləhətləşmə (konsaltinq) əməliyyatları – bankın müxtəlif maliyyə məsələləri ilə bağlı müştərisinə göstərdiyi məsləhət (konsaltinq) xidmətləri.
  3. Vasitəçilik (komisyon) əməliyyatları – iqtisadi subyektlər arasında vasitəçilik xidmətləri, verilən tapşırıqların icrası və s. ilə bağlı bank əməliyyatları.[1]

Bankların pul və kapital bazarlarında fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Müasir kapitalist iqtisadiyyatı funksional təyinatlı bazarlar sistemi kimi çıxış edir. Bu sistemin tərkibində aşağıdakıları göstərmək olar: – istehlak malları bazarı; – istehsal vasitələri bazarı; – xidmətlər bazarı; – əmək bazarı; – elmi-texniki məhsul bazarı; – borc kapitalı bazarı; – qiymətli kağızlar bazarı; – valyuta bazarı; – qiymətli metallar bazarı və s. Burada bizim diqqətimizi ilk növbədə borc kapitalı bazarı cəlb edir. Məlumdur ki, borc kapitalı bazarı (BKB) iqtisadi münasibələrin elə bir sahəsidir ki, burada baş verən əqdlərin obyekti kimi borc verilən pul kapitalı çıxış edir. Funksional baxımdan, BKB iqtisadiyyatın kreditləşdirilməsinin təmin olunması məqsədilə pul kapitallarının səfərbər edilməsi və yenidən bölgüsünün baş verdiyi bazar münasibətləri sistemidir. İnstitüsional, yəni təsisat baxımından BKB borc kapitalın hərəkətini təmin edən kredit-maliyyə, o cümlədən qiymətli kağızlar bazarı (QKB)təsisatlarının məcmusudur. Son illərin ədəbiyyatında BKB anlayışı maliyyə bazarı anlayışı ilə əvəzlənir. Başqa sözlərlə, bu iki anlayış mənaca eyniləşdirilir. Lakin, bu o qədər də düzgün deyil. Maliyyə bazarı anlayışı BKB anlayışından daha genişdir. BKB-dakı əqdlərin obyekti kimi borc verilən pul kapitalı çıxış etdiyi halda, maliyyə bazarı ümumiyyətlə pul resurslarının hərəkətinin bazar mexanizmini səciyyələndirən anlayışdır. Maliyyə bazarı istənilən maliyyə alətlərin (maliyyə aktivlərin – nağd pul, depozitlər, borclar, qiymətli kağızlar və s.) alqı-satqısının baş verdiyi bazardır. Deməli, maliyyə bazarında pul vəsaitlərinin maliyyə aktivləri mülkiyyətçilərinin dəyişməsi ilə müşayiət olunan hərəkəti baş verir. Hər iki anlayış arasındakı fərq maliyyə bazarının və borc kapitali bazarının quruluşunda da özünü göstərir. BKB-nin quruluşunu zaman, əməli və təsisat baxımından səciyyələndirmək olar[2].

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010, s.35
  2. Hüseynova Alidə Teymur qızı. Bank işi. Bakı: Təknur. 2016. səh. 14.