Batankənd yaşayış yeri — AR NMR Kəngərli rayonunun Xıncab kəndindən cənubda, düzənlik sahədə arxeoloji abidə.
Yaşayış yerinin ərazisi ətraf yerlərə nisbətən bir qədər çökəkdədir. Yaşayış yerində dördkünc formalı evlərin qalıqlarına rast gəlinir. Bəzi evlərin bünövrəsi daşdan, divarları isə çiy kərpicdən hörülmüşdür. Uzunsov möhrə bloklardan tikilən divar qalıqlarına da rast gəlinir. Lakin tikintilər təbii eroziya nəticəsində dağıntıya məruz qalmışdır. Yaşayış yerinin ərazisində inşaat işlərinin aparılması onun daha da dağılmasına səbəb olmuşdur. Aşkar olunan tapıntıların əksəriyyəti Antik və Orta əsrlər dövrünə aiddir. Keramika nümunələri başlıca olaraq çəhrayı rəngdə yaxşı bişirilmiş, xaricdən cilalanmışdır. Keramika nümunələri içərisində Orta Tunc dövrünə aid bir neçə boyalı qab parçalarına da rastlanmışdır. Onlar qırmızı rəng üzərindən qara rənglə naxışlanmışdır. Arxeoloji materiallara əsasən demək olar ki, yaşayış yerində həyat e.ə.2-ci minillikdən 14-17 əsrlərədək davam etmişdir.[1]