Bataqlıq qurucası

Bataqlıq qurucası (lat. Gnaphalium uliginosum)[2] - quruca cinsinə aid bitki növü.[3]

Bataqlıq qurucası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Gnaphalium uliginosum L. – Bataqlıq qurucası (Qurudulmuş, quruca, qaranquşotu, kəsikot)

Botaniki xarakteristikası:[redaktə | mənbəni redaktə et]

Birillik bitkidir. Kökləri nazik və mildir. Gövdəsi nazik (1 mm) hündürlüyü 5-15 (30) sm, adətən əsasından budaqlanan, azca qalxan, topaşəkilli, keçəyəbənzər sarımtıl tükcüklüdür. Yarpaqları sarımtıl tükcüklü, növbəli, kürəkşəkilli-xətti olub, əsası daralmışdır. Səbət çiçək qrupunda toplanmaqla, uzunluğu 4 mm, eşilmiş möhkəm dəstələrdən ibarət olub, budağın sonunda yerləşmişdir. Burulmuş yarpaqları qonur, kənarları pərdəyəbənzər haşiyəlidir. Bütün çiçəkləri borulu, sarımtıl olub, 8-10 səbətdən ibarətdir. [4]

Zəif iyli olub, şortəhər dadlıdır.

Yolların, kanalların kənarlarında, gilli çay kənarlarında, alaqotu olan yerlərdə,  göl və bataqlıqlarda yayılmışdır.[5]

Bitki çiçəkləyən dövrdə (iyul-avqust) yetüstü, kök hissələri toplanılmalıdır. Xammal kölgəli yerlərdə 3-5 sm qalınlığında sərilməli, yaxşı ventiliyasiyalı çardax, naveslərdə və ya 40оС temperaturda quruducu şkafda qurudulmalıdır. Quru xammalın çıxım faizi 25-30%-dir. Quru yerlərdə, qablaşdırılmış kisələrdə saxlanılır. Saxlanılma müddəti 3 ildir.[6]

Tərkibi və təsiri:[redaktə | mənbəni redaktə et]

Tərkibində flavonoidlər 0,2%, karotinoidlər (55 mq%), aşı maddələri, rütubət 13%, kül 20%, üzvü birləşmələr 2%, efir yağı və mineral birləşmələr isə 2%-dir. Əsas bioloji aktiv maddələri flavonoidlərdir: qnafalozid A və B, 7-О-skutelyarin qlükozid, 6-metoksiqlüteolin və onun qlükozidləri aiddir.[7] 

Hipotenziv və yarasağaldıcı dərmandır.

Tərkibində flavonoidlər (qnaflazoid A və B) aşı maddələri, efir yağları və karotinoidlər vardır. Hipotenziv təsir göstərərək, periferik damarları genişləndirir və ürəyin ritmini seyrəldir. Yağından yanıq və yaraların epiteli toxumasını tez bir zamanda bərpa etmək üçün istifadə edilir. [8]

Bitkinin dəmləməsindən hipertoniyanın başlanğıc dövrlərində damar genişləndirici vasitə kimi tətbiq edilir. Cövhər və dəmləməsi hiperkinetik tipli qan dövranında yüksək nəticə göstərir. Hipertoniya xəstəliyində β-adrenoblakatr təsir göstərərək yüksək təzyiqi endirir. Mədə və onikibarmağın xora xəstəliyində, qastritdə cövhərindən istifadə edilir. Kəskin və xroniki enteritdə, kolitdə, bakterial və amöb dezinteriyasında çox yaxşı kömək edir. Postdezinterial disfunksiyalarda, proktogen qəbizliklərdə və tenezmlərdə müalicəvi imalə edilir. [9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 856.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  4. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  5. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  6. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  7. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  8. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  9. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333