Baumol effekti

Baumol effekti (Baumol effect) – iqtisadi inkişaf dövründə xidmətlərin qiymətlərinin tədricən bahalaşması, sənaye məhsullarının qiymətlərinin isə bunun əksinə ucuzlaşmasını nəzərdə tutan iqtisadi effekt. Bu effekti 1967-ci ildə Nyu-York Universitetinin professoru Vilyam Baumol aşağıdakı kimi təsvir edirdi: məhsuldarlığın artması və yeni texnologiyalara qoyulan investisiyalar kapitaltutumlu sahələrdə qiymətləri azaldır. Daha çox əməktutumlu olan xidmət sektorunda isə əks proses baş verir. Eyni zamanda, zəif inkişaf etməkdə olan ölkələrdə sənaye məhsullarının xidmətlərə nisbətən baha olduğu görünür. Bütün bunlara baxmayaraq, Baumol effekti mütləqləşdirilməməlidir. Belə ki, bəzi qeyri-sənaye sahələri, məsələn, telekommunikasiya qiymətlərin azalmasından yararlanır. Xidmət sahəsində məhsuldarlığın ölçülməsinin çətin olması da nəzərə alınmalıdır. Baumol effekti müəyyən qədər dövlət xərclərinin artımının izahında da istifadə olunur. Çünki hökumətlər də, öz növbəsində, əhalinin əmtəələrdən çox xidmət təchizatçıları kimi çıxış edirlər.

  • Dövlət Maliyyəsi terminləri lüğəti, Dr. İ. Əhmədov, K. Aslanlı, Ş. Əhmədov, Bakı – 2008