Baxmutino mədəniyyəti — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Xalqların böyük köçü (5–7/8-ci əsrlər) dövrünə aid arxeoloji mədəniyyət[1].
Başqırdıstan Respublikasının Baxmutino kəndinin adı ilə adlandırılmışdır[1].
Ufa çayının aşağı axınından Belaya çayının Kamaya töküldüyü rayonadək yayılmışdır[1].
İlk dəfə 1911-ci ildə burada dəfn yeri aşkarlanmışdır[1]. 1928-ci ildə A.V. Şmidt tərəfindən Baxmutino qəbiristanlığında, Çandar və digər yaşayış yerlərində aşkar olunmuş materiallar əsasında müəyyənləşdirilmişdir[1]. Mazunin mədəniyyətinin (onu bəzən Baxmutino mədəniyyətinin erkən mərhələsi hesab edirlər, 3–4-cü əsrlər) başqırd variantının və gəlmə əhalinin ənənələri əsasında təşəkkül tapan Baxmutino mədəniyyətinə sonradan Turbaslin mədəniyyəti, Kuşnarenko mədəniyyəti və Şimali Qafqazla əlaqələr də təsir göstərmişdir[1].
Yarımqazmaları, çoxsaylı təsərrüfat quyuları, o cümlədən taxıl anbarları olan şəhər və kənd yerləri aşkar edilmişdir[1]. Hər nekporolda meyitlərin eyni səmt də dəfn olunduğu torpaq qəbirlər üstünlük təşkil edir[1]. Dəfn mərasimlərində istifadə edilən müxtəlif heyvan fiqurları, dairəvi oturacaqlı və nöqtəvi basmalı keramika, qaşovlar və s. tapılmışdır[1]. Baxmutino mədəniyyəti Perm fin-uqorlarının çöl mədəniyyəti[2], həmçinin ehtimal ki, Uralaşırı mədəniyyətlərlə əlaqələrini əks etdirir[1].
VIII əsrdə Baxmutino mədəniyyətinin daşıyıcıları türk başqırd tayfaları tərəfindən sıxışdırılmış, yaxud assimilyasiyaya uğradılmışlar[1].