Beşşi Mis Mədəni Memorial Muzeyi (別子銅山記念館, Beşşi Dozan Kinenkan?) – Yaponiyanın Ehime prefekturasının Niihama şəhərində yerləşən muzey. Beşşi mis mədəninin tarixinə və fəaliyyətinə həsr olunmuşdur.
Beşşi Mis Mədəni Memorial Muzeyi | |
---|---|
Açılış tarixi | 13 iyun 1975 |
Mövzu | Beşşi mis mədəni[d] |
Ölkə | |
Yerləşir | Niihama[d] |
33°55′16″ şm. e. 133°18′33″ ş. u. | |
besshidozan-museum.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Niihama şəhərində yerləşən və 1691-ci ildə açılmış Beşşi mis mədəni Yaponiyanın ən böyük mis mədənlərindən biri olmuşdur. Mədən 283 il boyunca "Sumitomo Group" tərəfindən idarə olunmuşdur.[1] 1973-cü ildə bağlanmışdır. Muzey mis mədəninin bağlanmasından iki il sonra – 1975-ci ildə açılmışdır.[2]
Muzey binası 1976-cı ildə Tikinti Sənayesi Assosiasiyası Mükafatına, 2001-ci ildə BELCA mükafatına, 2002-ci ildə Yaponiya Memarlar İnstitutunun mükafatına layiq görülmüşdür.[2]
İkimərtəbəli muzey binası Oyamazumi məbədinin ərazisində yerləşir. Bu məbəd mədənin qoruyucusu hesab olunan kami Oyamazumiyə həsr olunmuşdur. Muzey binasının bir qismi yeraltındadır və interyeri mis mədəninə daxil olmaq təəssüratı oyadacaq şəkildə dizayn olunmuşdur. Muzeyin damında təxminən 10.000 azaliya əkilmişdir.[2]
Muzeyin məqsədi ziyarətçiləri Beşşi mis mədəni haqqında məlumatlandırmışdır. Muzeydə Beşşi mis mədəninə aid əşyalar, mədənin açılmasına aid tarixi materiallar, süxurlar, mədənçilik texnologiyası materialları, mədən həyatı və praktikaları haqqında materiallar sərgilənir.[2]
Muzey bir neçə bölmədən ibarətdir. İzumiya guşəsində mədəni işlətmiş "Sumitomo" şirkəti haqqında məlumat verilir, Edo dövrünə aid mis məhsulları sərgilənir. Tarix guşəsində Beşşi mis mədəninin açılışı, Meyci dövründə modernləşdirilməsi və bağlanması dövrlərini əhatə edən tarixi göstərilir. Geologiya və minerallar bölməsində Beşşi mis mədənindən, eləcə də, ətraf ərazilərdən çıxarılmış süxur nümunələri sərgilənir. Texnologiya guşəsində mədənçilik alətləri, qaya deşmə vasitələri, dəmiryol təchizatları, mədənçilik metodları nümayiş etdirilir. Gündəlik həyat və əyləncə guşəsində Edo və Şova dövrlərində burada mədənçiliklə məşğul olmuş insanların həyatı əks etdirilir. Muzeyin açıq hava bölməsində mədənin dəmiryolunda istifadə olunmuş lokomotivlər sərgilənir.[2]
Muzeydə Beşşi mis mədəninin 200 illiyi münasibətilə 1890-cı ildə hazırlanmış ukiyo-e, 1889–1925-ci illərdə istehsal olunmuş "KS" markalı mis məhsulları, Beşşi mis mədəninin əməliyyatları haqqında şoqunluq üçün yazılmış petisiya və bildirişlər, mədənin modeli, xarici ölkələrə mis göndərmək üçün nəzərdə tutulmuş xüsusi mis qutuları, mədəndən çıxarılmış mislə hazırlanmış İba Teyqo büstü, Niihamadan mis daşımaq üçün istifadə olunmuş "Hakusui-maru" gəmisinin modeli, xalkopirit mineralları, mədəndən çıxarılmış misi daşıyan nakamoçiləri əks etdirən kuklalar sərgilənir.[3]