Beynəlxalq Meridional Konfrans — Ümumdünya vaxtı məsələsini həll etmək üçün 1884-cü ildə Vaşinqtonda çağırılmış konfrans. Müzakirələrin əsas mövzusunu meridianlar təşkil etdiyindən konfransa belə ad verilmişdi. Sıfırıncı meridianın seçilməsi və dünyanın saat qurşaqlarına bölünməsi konfransın əsas məsələləri idi.
1876-cı ildə kanadalı mühəndis Sendford Fleminq İrlandiya vağzalında qatara gecikmişdi. Gecikmənin səbəbi Fleminqin məsuliyyətsizliyi deyil, vağzalın özünə aid olan lokal vaxtla işləməsi olmuşdur. XIX əsrin sonlarına kimi "ümumdünya vaxtı" anlayışı olmadığından bu kimi problemlərə tez-tez rast gəlinirdi. Qloballaşan və sənaye cəhətdən inkişaf edən dünyada Yer kürəsinin ayrı-ayrı bölgələrində vaxtın vahid şəklə salınması artıq zərurətə çevrilmişdi. Bu haqda təşəbbüsün ilk müəllifi Saratoqa məktəbinin direktoru Çarlz Daud olmuş, mühəndis Sendford isə böyük həvəslə onun bu ideyasına dəstək vermişdi. Məhz həmin gecikmədən sonra o, bu ideya üzərində səylə çalışaraq daha ciddi təkliflər verməyə başlamışdı. Onun bu fəaliyyəti sayəsində Yer kürəsi saat qurşaqlarına bölünüb. O həm də Kanada dəmiryolu şəbəkəsinin qurucusu və ilk poçt markasının müəllifidir.
Ümumdünya vaxtı məsələsində əsas addım isə 1884-cü ildə Vaşinqtonda Beynəlxalq Meridional Konfransın çağırılması olub. Müzakirələrin əsas mövzusunu meridianlar təşkil etdiyindən konfransa belə ad verilmişdi. Konfransda 25 ölkədən 41 nümayəndə iştirak edirdi. Coğrafi amili nəzərə alaraq, ümumdünya vaxtını formalaşdırmaq üçün saat qurşaqları yaradılmalı idi. Bu vaxt qurşaqları arasındakı vaxt fərqi əsasında ümumdünya vaxtının vahid şəklə salınması tətbiq oluna bilərdi. Saat qurşaqlarını yaratmaq üçün isə başlanğıc meridian seçilməli idi. Bu səbəbdən sıfırıncı meridianın seçilməsi və dünyanın saat qurşaqlarına bölünməsi qarşıda duran əsas məsələlər idi. Başlanğıc meridianın seçilməsi üçün 5 əsas təklif verilmişdi:
1) Hələ qədim dövrlərdən istifadə olunan Ferro Meridianı;
2) Paris rəsədxanasından keçən eyniadlı Paris meridianı;
3) Azor adalarından keçən meridian;
4) Berinq boğazından keçən meridian;
5) o vaxta qədər əksər dəniz ekspedisiyalarında başlanğıc kimi götürülən Qrinviç meridianı.
Müzakirə prosesində aydın oldu ki, Paris meridianı səsvermə zamanı daha az səs topladı. Azor və Berinq meridianları isə həmin yerlərdə rəsədxana və teleqraf rabitəsinin yoxluğu səbəbindən məqbul görülmədi. Seçiləcəyi təqdirdə Fransanın qələbəsi kimi qiymətləndirilməsindən çəkinən əksər iştirakçılar Ferro meridianına da dəstək vermədi. Ən böyük üstünlüyü London yaxınlığındakı Qrinviç rəsədxanasından keçən eyniadlı meridian qazandı. Fransa isə bu barədə bitərəf qaldı.
Beləliklə, konfransın 13 oktyabr tarixli qərarına əsasən:
• Qrinviç meridianı sıfırncı meridian seçilir. Bütün meridianlar buradan başlayaraq sıralanmalı idi.
• Qrinviçdən başlayaraq üzü şərqə doğru bütün Yer kürəsi üzrə 24 saat qurşağı yaradılır. Sıfırıncıdan etibarən hər 15 dərəcəlik meridianlar ardıcıllığına bir saatlıq vaxt bölgüsü tətbiq olunur.
Bu beynəlxalq-hüquqi akt bu günədək qüvvədə olub, əksər ölkələr tərəfindən tətbiq olunur. İlk əvvəl ayrı-ayrı ölkələr tərəfindən müxtəlif zamanlarda qəbul olunmuşdu. Məsələn, Almaniya 1885, konfransdan narazı qalan Fransa 1900, Rusiya 1918-ci illərdə bu aktı qəbul etmişdi. Buna baxmayaraq, aktı tətbiq etməyən ölkələr hələ də mövcuddur.