Beynəlxalq iqtisadi münasibətlər

Beynəlxalq iqtisadi münasibətlər — maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemi.

Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir.

Beynəlxalq iqtisadi münasibətlərin predmeti kimi iki əsas tərkib hissəsi çıxış edir: Beynəlxalq iqtisadi münasibətlərin özü və bu münasibətlərin reallaşdırılması mexanizmi. Beynəlxalq iqtisadi münasibətlər bir elm kimi xarici ölkələrin iqtisadiyyatını deyil, onların iqtisadi münasibətlərinin xüsusiyyətlərini öyrənir.

Beynəlxalq iqtisadi münasibətlər, ümumilikdə iqtisadi münasibətlər kimi insan fəaliyyətinin bir sferasıdır və o, təsərrüfat fəaliyyətinin ümumi qanunauyğunluqlarına tabe olur. Beynəlxalq iqtisadi münasibətlər obyektiv olaraq əmək bölgüsü prosesindən, istehsalın və elmin beynəlxalq ixtisaslaşmasından, təsərrüfat fəaliyyətinin beynəlmiləlləşməsindən çıxış edir.

Beynəlxalq iqtisadi münasibətlərə milli təsərrüfatların iqtisadi cəhətdən qarşılıqlı əlaqə və asılılıq münasibətləri sistemi kimi də baxıla bilər. Beynəlxalq iqtisadi münasibətlərin formalaşması və inkişafı ayrı-ayrı ölkələrin iqtisadiyyatlarının qarşılıqlı əlaqə və asılılıqlarının güclənməsi ilə şərtlənir.

Bununla belə, bütün bu qarşılıqlı yaxınlaşma və əməkdaşlıq prosesləri ziddiyyətli, dialektik xarakter daşıyır. Beynəlxalq iqtisadi münasibətlərin dialektikası özünü onda göstərir ki, iqtisadi müstəqilliyə səy göstərmə, ayrı-ayrı ölkələrin milli təsərrüfatlarını inkişaf etdirmək istiqamətində həyata keçirdikləri məqsədyönlü tədbirlər son nəticədə dünya təsərrüfatının daha çox beynəlmiləlləşməsinə, milli iqtisadiyyatların xarici aləm üçün daha çox açılmasına, beynəlxalq əmək bölgüsünün dərinləşməsinə gətirib çıxarır.

Beynəlxalq iqtisadi münasibətlər milli iqtisadiyyatların bazar xarakterini də əks etdirir. Beynəlxalq iqtisadi münasibətlərin inkişaf etmiş bazar təsərrüfatı sahəsi kimi əlamətləri aşağıdakılardır:

  1. Beynəlxalq iqtisadi münasibətlərin iştirakçılarının beynəlxalq əmək bölgüsü və milli sərhədlər bazasında iqtisadi xüsusiləşməsi;
  2. istehsal amilləri və nəticələri ilə beynəlxalq mübadilə nəticəsində əmtəə, xidmət, kapital, iş qüvvəsi, texnologiya dünya bazarlarının yaranması və fəaliyyət göstərməsi. Beynəlxalq iqtisadi münasibətlər özlüyündə məhsulların və xidmətlərin ölkələrarası çoxsaylı axınlarını əks etdirir ki, bu şəraitdə də dünya bazarları formalaşır və bu bazarlarda daimi sistematik xarakter kəsb edən alqı-satqı əməliyatları baş verir;
  3. Beynəlxalq iqtisadi münasibətlər çərçivəsində tələb, təklif, qiymət qanunlarının tam surətdə fəaliyyəti;
  4. istehsalçılar, satıcılar və alıcılar arasında olan rəqabət mübarizəsi;
  5. istehsalın və satışın inhisarlaşması.

Bununla yanaşı, Beynəlxalq iqtisadi münasibətlər, onu digər iqtisadi münasibətlərdən fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Onların sırasına aşağıdakıları aid etmək olar:

  1. Təsərrüfat münasibətləri milli sərhədlər çərçivəsindən kənara çıxır, geniş ərazini əhatə edir, mübadilə həcmi daha yüksəkdir, subyektlərin sayı müqayisəolunmaz dərəcədə çoxdur;
  2. Ayrı-ayrı ölkələrin sərhədlərindən kənara resursların, istehsal amillərinin və istehsalın nəticələrinin hərəkəti baş verir, milli iqtisadiyyata əlavə resurslar cəlb olunur;
  3. İstehsalçılar, satıcılar və alıcılar arasında daha genişmiqyaslı, bəzən qlobal və kəskin rəqabət mübarizəsi mövcud olur;
  4. Beynəlxalq iqtisadi münasibətlərin ayrı-ayrı formaları daxili bazarda mövcud olan əlaqələrə nisbətən daha yüksək qarşılıqlı əlaqəyə və asılılığa malikdir;
  5. Qarşılıqlı təsirin xüsusi alətləri və mexanizmləri işlənilir və istifadə edilir. Beynəlxalq iqtisadi münasibətlərin milli səviyyədə (dövlətin xarici ticarət siyasəti formasında), ikitərəfli səviyyədə (ikitərəfli sazişlər çərçivəsində), regional səviyyədə (inteqrasiya birlikləri çərçivəsində), beynəlxalq səviyyədə (beynəlxalq təşkilatların rəhbərliyi altında) tənzimlənməsinin xüsusi sistemləri yaradılır. Əsas xüsusiyyət isə ondan ibarətdir ki, Beynəlxalq iqtisadi münasibətlər dövlət sərhədləri vasitəsilə həyata keçirilir.

Beynəlxalq iqtisadi münasibətlərin öyrənilməsi onun makrosəviyyədə və mikrosəviyyədə mahiyyətinin açılışını tələb edir. Makrosəviyyədə beynəlxalq iqtisadi münasibətlər dünya təsərrüfatında milli iqtisadiyyatların əlaqələrinin forma və üsullarıdır: xarici ticarət, istehsal amillərinin beynəlxalq miqrasiyası və s.

Mikrosəviyyədə beynəlxalq iqtisadi münasibətlər beynəlxalq əmək bölgüsünə əsaslanan, xarici iqtisadi əlaqələrə istiqamətlənən milli iqtisadi vahidlərin xüsusi fəaliyyət sahəsidir. Milli istehsalçılar və istehlakçıların nöqteyi-nəzərindən beynəlxalq iqtisadi münasibətlər əmtəələrin, xidmətlərin, kapitalın, texnologiyaların ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, istehsalın beynəlxalq kooperasiyası və s. kimi başa düşülür. Beynəlxalq iqtisadi münasibətlərin obyekti kimi çıxış edirlər:

  1. maddi formada olan əmtəələr (xammal və ərzaq malları, hazır məhsullar, emal sənayesinin məhsulları və s.);
  2. xidmətlər (beynəlxalq injinirinq, konsaltinq, audit, lizinq, turizm, daşımalar, köçürmələr və s.);
  3. texnologiyalar (patentli və patentsiz lisenziyalar, əmtəə nişanları və s.);
  4. kapital (birbaşa və portfel investisiyaları, beynəlxalq kredit və s.);
  5. işçi qüvvəsi və s.

Beynəlxalq iqtisadi münasibətlərin milli iqtisadiyyatlar üçün əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Məlumdur ki, bəşəriyyətin əsas problemi məhdud resurslar şəraitində insanların fasiləsiz olaraq artan tələbatını maksimum dərəcədə tam ödəməyi təmin etməkdən ibarətdir. Ölkələrin əksəriyyətinin malik olduqları resursların məhdudluğu səbəbindən öz gücünə hər şeyi istehsal etmək iqtisadi cəhətdən məqsədəuyğun deyildir. Məhdud təbii, insan və maliyyə resurslarına malik ölkələrdə əhalinin zəruri tələbatını ancaq bu resurslara arxalanaraq təmin etmək çox çətin məsələdir. Belə bir şəraitdə beynəlxalq iqtisadi münasibətlər, regionlar, ölkələr arasında daimi və fasiləsiz xarakter kəsb edən mübadilə olmadan əhalinin artan ehtiyaclarını ödəmək praktiki olaraq mümkün deyildir. Bütün bunlar ölkələr arasında beynəlxalq iqtisadi münasibətlərin mövcudluğunu zəruri edir, onun mili iqtisadiyyatlar üçün əhəmiyyətini şərtləndirir.

Hazırkı dövrdə hətta ən böyük və varlı ölkə üçün də bəşəri həyatın təmin edilməsi üçün beynəlxalq iqtisadi münasibətlər, ən müxtəlif əmtəə və xidmətlərlə beynəlxalq mübadilə, xarici ticarət mühüm əhəmiyyət kəsb edir. İstənilən ölkə mövcud şəraiti, malik olduğu amil və resursları cəmiyyətin yüksələn xətlə artan tələbatını ödəmək üçün istifadə etməlidir. Beləliklə beynəlxalq iqtisadi münasibətlər, onun formaları istənilən ölkə üçün zəruridir.

Beynəlxalq iqtisadi münasibətlərin milli iqtisadiyyat üçün əhəmiyyətini qiymətləndirmək, milli təsərrüfatlar üçün xarici amilin rolunu müəyyən etmək məqsədilə beynəlxalq statistikada ölkənin xarici ticarətinin onun daxili istehsalına nisbəti göstəricisindən istifadə edilir ki, buna da xarici ticarət kvotası (XTk) deyilir:

XTk = XT/ÜDM x 100%

Burada XT – xarici ticarət dövriyyəsinin həcmi, ÜDM isə ümumi daxili məhsulun həcmidir. Kəmiyyət göstəricisi kimi həmçinin ixrac kvotasından (İxk) da istifadə edilir:

İxk = İx/ÜDM x 100%

Burada İx – ixracın həcmidir. Kifayət qədər yüksək ixrac kvotası bir qayda olaraq milli əmtəənin beynəlxalq bazarda rəqabət qabiliyyətliliyini əks etdirən göstəricidir.

Digər bir göstərici kimi isə idxal kvotasını (İdk) göstərmək olar:

İdk = İd/ÜDM x 100%

Burada İd – idxalın həcmidir. İdxal kvotasının yüksək olması ölkə iqtisadiyyatının həmin əmtəə üzrə bir o qədər xaici amillərdən asılı olduğunu xarakterizə edir.

Qeyd olunan göstəricilərin müqayisəsi milli təsərrüfat üçün xarici iqtisadi amilin rolunu, müəyyən dövr üçün onun dinamikasını müəyyən etməyə imkan verir.

Xarici ticarətin inkişaf göstəricisi kimi beynəlxalq tədqiqatlarda həmçinin adambaşına düşən xarici ticarət dövriyyəsi, həmçinin ixrac və idxal göstəricilərindən də istifadə edilir. Bu göstəricinin üstünlüyü ondadır ki, o, iqtisadiyyatın ayrı-ayrı sahələri, ölkənin müxtəlif regionları, konkret müəssisə və məhsul növləri üzrə hesablana bilər ki, bu da rayonların, müəssisələrin, sahələrin xarici iqtisadi əlaqələrdə iştirak payını, ehtiyatları və perspektivləri müəyyən etməyə imkan verir.

Bununla yanaşı, vurğulamaq lazımdır ki, yuxarıda göstərilən indikatorlar beynəlxalq iqtisadi münasibətlərin bütün formalarının milli təsərrüfata təsirini xarakterizə etməyə imkan vermir, çünki bu göstəricilər yalnız xarici ticarəti nəzərə alır. Təsadüfi deyildir ki, hazırda beynəlxalq iqtisadi təşkilatların mütəxəssisləri tərəfindən bu göstəricilərin təkmilləşdirilməsi istiqamətində işlər aparılır, onların xarici investisiyalar və milli istehsalın həcmi ilə əlaqələndirilməsinə çalışılır.

Ölkə iqtisadiyyatının beynəlxalq iqtisadi münasibətlərlə qarşılıqlı əlaqəsini müəyyən etmək üçün birbaşa investisiyaların əhalinin bir nəfərinə düşən həcmi göstəricisindən də istifadə edilir. Eyni zamanda, xarici ticarət göstəricilərinə uyğun olaraq xarici investisiyaların hər iki istiqamətdə axını üzrə də kvota göstəriciləri hesablanır və beynəlxalq iqtisadi münasibətlərin milli iqtisadiyyatda oynadığı rolu xarakterizə etmək üçün istifadə edilir.

Beynəlxalq iqtisadi münasibətlərin miqyasının genişlənməsi və rolunun artması ölkələrin qarşılıqlı asılılıq problemini daha da aktuallaşdırır. Ölkələrin qarşılıqlı iqtisadi asılılığı dedikdə beynəlxalq iqtisadi münasibətlər və milli iqtisadiyyatların qarşılıqlı təsiri altında ölkələrin sarsılmaz qarşılıqlı təsərrüfat əlaqələri başa düşülür.

Beynəlxalq iqtisadi münasibətlərin inkişaf amilləri və meylləri

[redaktə | mənbəni redaktə et]

Müasir dünya təsərrüfatının xarakterik cəhətlərindən biri beynəlxalq iqtisadi münasibətlərin intensiv inkişafda olmasıdır. Bu özünü ölkələr, ölkə qrupları, ayrı-ayrı firma və təşkilatlar arasında iqtisadi münasibətlərin genişlənməsində və dərinləşməsində göstərir ki, bunu da əsasən aşağıdakı səbəblər şərtləndirir:

  • istehsalın beynəlmiləlləşməsi, yəni onun milli sərhədlər çərçivəsindən kənara çıxması, milli iqtisadi sistemlər arasında hərtərəfli və genişhəcmli əlaqələrin və qarşılıqlı asılılığın inkişaf etməsi;
  • elmi-texniki tərəqqi nəticəsində ictimai əmək bölgüsünün dərinləşməsi və istehsalçılar arasında ən müxtəlif əlaqələrin, xüsusilə də texnoloji əlaqələrin güclənməsi;
  • regional inteqrasiya prosesinin sürətlənməsi nəticəsində bu prosesdə iştirak edən ölkələrin qarşılıqlı əlaqələrinin güclənməsi və onların iqtisadiyyatlarının açıqlığının artması;
  • qlobal problemlərin kəskinləşməsinin bütün dünya ictimaiyyətinin bu problemlərin həlli üçün səylərini birləşdirməyə gətirib çıxarması.

Yuxarıda sadalanan amillər, həmçinin qeyd olunmayan bir sıra digər amillər beynəlxalq münasibətlərin xüsusi altsistemi olan beynəlxalq iqtisadi münasibətlərin inkişafını aktivləşdirir.

Ümumilikdə beynəlxalq iqtisadi münasibətlərin bərqərar olmasına və inkişafına ciddi təsir göstərən beş amil bloku vardır. Beynəlxalq iqtisadi münasibətlərin inkişafının birinci amillər bloku kimi ölkələr üzrə mövcud olan təbii-coğrafi fərqliliyi qeyd etmək olar. Hər bir ölkə faydalı qazıntı ehtiyatlarına, torpağın münbitliyinə, iqliminə görə müxtəlif şəraitə malikdir ki, bu da onlar üçün beynəlxalq iqtisadi münasibətlərə cəlb olunmanı və bu münasibətləri inkişaf eydirməyi zəruri edir.

Normal bazar qüvvələrinin fəaliyyətinə maneçilik törədən hərbi-siyasi amillər də mühüm əhəmiyyət kəsb edir. Silah ixracının artımı son nəticədə beynəlxalq iqtisadi münasibətlərin sağlam inkişafını dağıda bilər. Bu baxımdan ayrı-ayrı ölkələrə qarşı beynəlxalq qaydada razılaşdırılmış tam və ya qismən iqtisadi blokada və ya birtərəfli surətdə tətbiq olunan tədbirlər artıq nadir hal deyildir. Nəhayət, beynəlxalq iqtisadi münasibətlərin inkişafına maliyyə və iqtisadi böhranlar da mənfi təsir göstərir.