Beynəlxalq əmək bölgüsü

Beynəlxalq əmək bölgüsü

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq əmək bölgüsü (BƏB) BİM-in mahiyyətini açan əsas kateqoriyadır. Bu özünü onda göstərir ki, dünyanın istənilən ölkəsi bu və ya digər formada BƏB-ə cəlb olunub. Müasir dünyada BƏB-də iştirak ölkənin qarşısında duran daxili və xarici vəzifələrin yerinə yetirilməsinin, ölkələr arasında qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin qurulmasının vacib vasitəsidir. BƏB-də iştirak ölkələrə daha az xərc htiyaclarını ödəməyə və beləliklə də, əlavə iqtisadi səmərə əldə etməyə imkan verir.

BƏB-in mahiyyətini açmağa keçməmişdən əvvəl ilk olaraq ölkə daxilində əmək bölgüsünün necə baş verdiyini qısaca olaraq nəzərdən keçirək. Ümumiyyətlə, əmək bölgüsü tarixən müəyyən olunmuş ictimai əmək sistemidir. O, cəmiyyətin inkişaf prosesində istehsal fəaliyyətinin differensiallaşması nəticəsində bərqərar olur.

Dünyanın istənilən ölkəsində ayrıca götürülmüş heç bir müəssisə həmin ölkənin cəmiyyətinə lazım olan bütün məhsulları istehsal etmək iqtidarında deyildir. Hər bir müəssisə müəyyən növ məhsulların hazırlanması üzrə ixtisaslaşır, yəni müəssisələrin ixtisaslaşması baş verir. O özünü bir neçə formada – predmet, peşəkar və ərazi ixtisaslaşmaları formasında göstərir. Predmet ixtisaslaşması müəssisənin müəyyən növ məhsulların istehsalı ilə məşğul olması deməkdir; peşəkar ixtisaslaşma isə müəssisədə əsasən müəyyən peşə mənsubiyyəti olanların (neftçilər, iqtisadçılar, hüquqşünaslar və s.) çalışdığını göstərir; ərazi ixtisaslaşması müəssisənin konkret ərazidə yerləşdiyini xarakterizə edir.

Təsərrüfat subyektlərinin ixtisaslaşması zəruri və mütləq şəkildə istehsal olunan məhsulların mübadiləsi ilə müşayiət olunur. Bu cür qarşılıqlı təsir nəticəsində müəssisələrarası əmək bölgüsü meydana gəlir. Bu, əmək bölgüsünün universal formasıdır.

Əgər ixtisaslaşmış məhsul və ya xidmətlə mübadilə bir sahəyə aid olan istehsal subyektləri arasında baş verirsə, onda müəssisələrarası əmək bölgüsü sahədaxili əmək bölgüsünə (məsələn, maşınqayırma müəssisələri arasında məhsul mübadiləsi) çevrilir. Əgər mübadilə müxtəlif sahələrə aid olan müəssisələr arasında baş verirsə, onda əmək bölgüsünün sahələrarası forması (məsələn, sənayenin kömür və energetika sahələri arasında əlaqə) meydana gəlir. Əgər mübadilə müxtəlif istehsal növlərinə aid olan sahələr arasında həyata keçirilirsə, onda əmək bölgüsünün növlərarası forması (məsələn, maşınqayırma və kənd təsərrüfatı arasında olan iqtisadi əlaqələr) peyda olur. Nəhayət, müəyyən regionun müəssisələrinin istehsal etdikləri məhsulların digər regionda istehsal olunan məhsullarla mübadiləsi zamanı əmək bölgüsünün regionlararası forması (məsələn, Gəncə iqtisadi rayonu ilə Xaçmaz iqtisadi rayonu arasında əmtəə mübadiləsi) əmələ gəlir.

BƏB – ictimai əmək bölgüsünün xüsusi növüdür. O, ölkədaxili əmək bölgüsünün inkişafı əsasında yaranır. Qeyd edək ki, öz strukturlarına görə ölkədaxili əmək bölgüsünün və BƏB-in bir sıra ümumi cəhətləri vardır. Birincisi, onların hər ikisi ictimai əmək bölgüsünə aiddir. Çünki, onların hər ikisi cəmiyyət üzvləri arasında baş verir. İkincisi, həm ölkədaxili əmək bölgüsündə, həm də BƏB-də müəssisələrin ixtisaslaşması müəyyən növ məhsulların istehsalı və bu məhsullarla mübadilə əsasında baş verir. Üçüncüsü, qeyd olunan hər iki əmək bölgüsü forması özlüyündə müxtəlif müəssisələrin istehsal kollektivlərinin eyni zamanda mövcud olan əməyini əks etdirir. Bu müəssisələr istehsal etdikləri məhsulları mübadilə etməklə öz aralarında iqtisadi əlaqələr qururlar. Beləliklə, həm ölkə daxilində, həm də dövlətlər arasında əmək bölgüsü xüsusi üsullarla həyata keçirilən birgə əməkdir.

BƏB-i ölkədaxili əmək bölgüsündən fərqləndirən əhəmiyyətli cəhətlər mövcuddur. Bu fərqli cəhətlər özünü aşağıdakılarda göstərir:

  • BƏB və ölkədaxili əmək bölgüsü arasında daha çox nəzərə çarpan fərq onların fəalyyət sferalarının özünəməxsusluğundadır. Əgər ölkədaxili əmək bölgüsü hər hansı bir milli iqtisadiyyatın strukturunu əks etdirirsə, BƏB iki və ya daha artıq milli iqtisadiyyatlar arasında münasibətlərin qurulması deməkdir.
  • Digər fərq BƏB-in və ölkədaxili əmək bölgüsünün ölkələrin milli məcmu ictimai əməyinin strukturuna təsir istiqamətlərinin spesifikliyindədir. Ölkədaxili əmək bölgüsünün inkişafı zamanı milli iqtisadiyyatın strukturunun birbaşa dəyişilməsi baş verir. BƏB zamanı isə dəyişmə birbaşa yox, dolayı yolla, yəni milli iqtisadiyyatın digər ölkələrin ehtiyaclarına uyğunlaşdırılması yolu ilə baş verir. BƏB-in funksional təyinatı ondan ibarətdir ki, o, müxtəlif ölkələr arasında möhkəm iqtisadi əlaqələrin yaranmasına kömək etməklə onların milli məcmu ictimai əməyinin strukturuna daha faydalı iqtisadi təsir göstərir. Bu təsir BƏB-də iştirakın, ölkəyə öz səylərini istehsalı üzrə daha yaxşı şərtlərə malik olduğu məhsul buraxılışında cəmləşdirməyə imkan verməsi ilə müəyyən olunur.
  • Ölkədaxili əmək bölgüsü və BƏB arasında fərqlilik özünü həmçinin bu iqtisadi proseslərdə iştirak edən subyektlərin səlahiyyətlərinin həcmində göstərir. Məlumdur ki, ölkədaxili əmək bölgüsünün subyektləri kimi, ayrı-ayrı müəssisələr, firmalar, şirkətlər çıxış edirlər. Onlar həmçinin BƏB-in də subyektləridir. Lakin BƏB zamanı dövlətin rolu əhəmiyyətli dərəcədə artır ki, bu da özünü milli müəssisələrin xarici iqtisadi fəaliyyətlərinin dəstəklənməsində, bəzən isə məhdudlaşdırılmasında göstərir.
  • BƏB ölkədaxili əmək bölgüsündən bu proseslərdə fəaliyyət göstərən obyektlərin əhatə dairəsinin irihəcmliliyi ilə də fərqlənir. Məlumdur ki, ölkədaxili əmək bölgüsünün obyektləri kimi müxtəlif əmtəələr və xidmətlər çıxış edirlər. Ölkə daxilində müəssisələr həmçinin texnoloji nailiyyətlərlə, elmi-texniki təcrübə ilə, mütəxəssislər və işçilərlə mübadilə edirlər. Bütün bu sadalanan obyektlər BƏB üçün də xarakterikdir, lakin onların əhatə dairəsi əhəmiyyətli dərəcədə fərqlidir. Yəni, ölkə daxilində mübadilə olunan məhsul və xidmətlərin çeşidi beynəlxalq səviyyədə mübadilədən daha genişdir.

BƏB-in mahiyyəti özünü istehsal prosesinin bölünməsinin və birləşməsinin dialektik vəhdətində göstərir. BƏB-in əsas məzmunu əmək fəaliyyətinin müxtəlif növlərinin ayrılmasından və xüsusiləşməsindən, onların qarşılıqlı fəaliyyətindən və bir-birlərini qarşılıqlı surətdə tamamlamalarından ibarətdir. Yəni, əmək bölgüsü təkcə ayrılma prosesi kimi deyil, həmçinin əməyin birləşdirilməsi üsulu kimi çıxış edir. BƏB-in əsası kimi müxtəlif ölkələr arasında baş verən qarşılıqlı iqtisadi fəaliyyət zamanı ixtisaslaşma və mübadiləyə olan obyektiv ehtiyacı göstərmək olar.

Beynəlxalq əmək bölgüsünün əsas konsepsiyaları

[redaktə | mənbəni redaktə et]

BƏB nəzəriyyəsi öz nəzəri əsaslarını və inkişafını ilk klassik iqtisadçılar – Adam Smit və David Rikardonun əsərlərində tapıb. İngilis iqtisadçısı A. Smit özünün "Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat" (1776) əsərində azad ticarətin və sahibkarlığın zəruriliyini sübut edirdi. Onun fikrincə, azad ticarətə qoyulan müxtəlif məhdudiyyətlər ayrı-ayrı regionlar və ölkələr arasında əmək bölgüsünün dərinləşməsinə mane olur. Bu maneələrin aradan qaldırılması və beynəlxalq mübadilənin fəaliyyət sahəsinin genişləndirilməsi son nəticədə milli iqtisadiyyatların ixtisaslaşmasına və onların qarşılıqlı asılılıqlarının güclənməsinə, bir sözlə ümumdünya təsərrüfatının bərqərar olmasına gətirib çıxarmalıdır.

A. Smit əmək bölgüsü prinsipini beynəlxalq iqtisadi əlaqələrə münasibətdə tətbiq edərək belə bir nəticəyə gəlib ki, mübadiləyə hazır olan hər bir ölkə mütləq üstünlüyə malik olduğu əmtəə üzrə ixtisaslaşdığı halda, bundan digər ölkələr də mənfəət qazanırlar. Beləliklə, A. Smitə görə, əmək bölgüsünün əsasında mütləq üstünlük prinsipinə əsaslanan ixtisaslaşma durur.

Müqayisəli üstünlüklər (və ya istehsalın müqayisəli xərcləri) nəzəriyyəsinin əsasında ölkələr arasında istehsal şərtlərində fərqlərin mövcudluğu fikri durur. Prinsipcə istənilən ölkədə istənilən əmtəənin istehsalı prosesini təşkil etmək olar. Məsələn, Azərbaycanda kivi yetişdirmək mümkündür. Lakin çəkilən xərclərin çoxluğu səbəbindən onun dəyəri yüksək olardı. Bu və ya digər əmtəələrin istehsalı üçün çəkilən xərclərin müqayisəsi göstərir ki, bütün əmtəələrin istehsalındansa daha az xərc tələb edən əmtəənin istehsalına diqqəti yönəltmək daha sərfəli olardı. Bu əmtəə üzrə ixtisaslaşma mübadilə vasitəsilə xarici bazarda digər əmtəələri də əldə etməyə imkan verir. Məsələn, Azərbaycanda limonun becərilməsi kiviyə nisbətən xeyli ucuz başa gəldiyindən bu əmtəə üzrə ixtisaslaşma və mübadilə yolu ilə kiviyə olan ehtiyacın ödənilməsi daha sərfəli olardı.

ƏB-in müasir konsepsiyalarının, onun modernləşdirilməsi üzrə təklif olunan planların təhlili, həmçinin bu konsepsiyaların praktikada reallaşdırılması göstərir ki, dünya istehsal qüvvələrinin inkişafının hazırkı mərhələsində İEÖ və İEOÖ arasında beynəlxalq ixtisaslaşmanın və kooperativləşdirmənin yeni tipi formalaşmış, İEOÖ-lərin dünya təsərrüfatına inteqrasiyası güclənmişdir.