Biçeraxov Ordusu

Biçeraxov Ordusu - Birinci dünya müharibəsində (1914-1918) Çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsi.

Oktyabr çevrilişi ilə əlaqədar olaraq, 1918 ildə buraxılmışdır. İrandakı ingilis hərbi qüv-vələrinin komandanlığı polkovnik L.Biçeraxovun başçılıq etdiyi 1500 nəfərlik kazak dəstəsindən öz mənafeyinə istifadə etmək qərarına gəldi. Biçeraxov general Denstervillə gizli razılığa gələrək, Bakı Xalq Komissarları Sovetinə müraciət edib, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirdi. Bakı Xalq Komissarları Soveti Biçeraxovun qüvvəsindən istifadə etməyə razılıq verdi. Biçeraxovun dəstəsi 1918 il iyulun 5-də Ələt stansiyası yaxınlığında sahilə çıxarıldı. İyulun 7-də Bakı müdafiə xəttinin sağ cinahının komandanlığını qəbul edən Biçeraxov iyulun 30-da məğlubiyyətin labüd olduğunu görərək, dəstəsini cəbhə xəttindən çıxarıb Port-Petrovsk istiqamətində şimala çəkildi. 1918-ci il noyabrın 17-də ingilis qoşunları ilə bir vaxtda Biçeraxovun hərbi dəstəsi də Bakıya daxil oldu. Şəhərin xristian əhalisi onu böyük rəğbətlə qarşıladı. Bu dəfə onun hərbi qüvvəsinin əksəriyyəti ermənilərdən ibarət idi. Buna görə də həmin azğınlaşmış dəstə Bakıda özünün qəddarlığı ilə fərqlənir, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzlərini də təhqir edirdilər. Biçeraxovun dəstəsi Denikinin Könüllü ordusu komandanlığına tabe idi. Odur ki, ingilis komandanlığı bu dəstənin Bakıdan çıxarılması, həmçinin onlara meylli erməni hərbi hissələrinin tərksilah edilməsi barədə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin notasını dəstəklədi. General Biçeraxov təltif olunmaq adı ilə Londona dəvət olundu və onu əvəz edən general Erdeliyə 1919-cu il fevralın 28-də öz qoşunlarını 24 saat ərzində Azərbaycan ərazisindən çıxarmaq haqqında ultimatum verildi. Bununla Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin tələbi yerinə yetirildi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  • Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993;
  • Юсифзаде С.З., Первая Азербайджанская Республикак: история, события, факты англо- азербайджанских отношений, Б.,1998.