Biliklərin təşkili

Biliklərin təşkili (ing. Knowledge organization) — lazımi zaman və məkan daxilində istifadəsi rahat və asanlıqla mümkün olan biliklərin məntiqli və sistemli formada nizamlanmasıdır.[1]

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

“Biliklərin təşkili” anlayışı elmi müstəviyə ilk dəfə olaraq 1929-cu ildə görkəmli Amerika kitabxanaşünası Henri Evelin Blis (1875-1955) tərəfindən gətirilmişdir. Henri Evelin Blis, həmçinin “Biblioqrafik təsnifat” adlandırdığı “Bliss təsnifatı” sisteminin müəllifidir. “Blis biblioqrafik təsnifatı” kitabxana təsnifatı sistemidir və 1940-1953-cü illər arasında dörd cilddə nəşr edilmişdir.[1]

Bilik - insanın özü, onu əhatə edən aləm və bu aləmin amilləri haqqında informasiya toplusudur. Əgər biliklər düzgün, məntiqli və sistemli şəkildə təşkil olunarsa, zərurət yarandığı təqdirdə insan minimal vaxt sərf etməklə şüurunun dərinliklərindən ona lazım olan informasiyanı yada sala və yaxud ifadə edə bilər.[1]

İnformasiya xidməti sistemlərində biliklərin təşkili vasitələri (biliklər məcmusu, universumu) qismində təsnifat sistemləri çıxış edir. Təsnifat sistemlərində bu və ya digər anlayışın axtarılması vacib olan elmin strukturu məntiqi ardıcıllıqla açılır.[1]

Hazırda dünyada kitabxanaşünaslıq və informasiya elmləri sahəsində istifadə olunan çoxlu sayda təsnifat sistemləri mövcuddur. Həmin təsnifat sistemləri müxtəlif aspektlərə görə bir-birindən fərqlənsələr də, ümumi halda eyni məqsədə xidmət edirlər: informasiya xidməti sistemlərində mövcud olan ədəbiyyata dair bilikləri təşkil etmək, sistemləşdirmək və biliklər sistemini formalaşdırmaq, həmin bilikləri optimal şəkildə istifadəçilərə təqdim etmək və xidmətdə istifadəni asanlaşdırmaq.[1]

Biliklərin təşkili nöqteyi-nəzərdən, o cümlədən təcrübi baxımdan təsnifat sistemləri təşkilati (bilikləri müəyyən qayda üzrə sistemləşdirmək), axtarış (biliklərin müxtəlif lazımi əlamətlərə görə axtarılıb tapılmasını təmin etmək), maarifləndirici (biliklər sistemi haqqında kompleks təsəvvür yaratmaq) və sairə funksiyalar yerinə yetirirlər.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 "BİLİKLƏRİN TƏŞKİLİ" 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-31.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]