Biokimya mühəndisliyi

Bioreaktor

Biokimya(Bioproses) mühəndisliyi- özündə biomühəndislikkimya mühəndisliyini birləşdirir. Əsas etibarilə bioloji orqanizmləri və ya üzvi molekulları əhatə edən istehsalat prosesi mərhələlərinin layihələşdirilməsi,konstruksiyası və təkmilləşdirilməsi ilə məşğul olur. Tətbiqi bioyanacaq,qida,dərman vasitələri,biotexnologiya və suyun təmizlənməsi sahələri ilə birbaşa əlaqədardır.[1][2] Biokimya mühəndisləri bioloq və kimyaçıların laborotoriyada inkişaf etdirdiyi kəşflərin genişmiqyaslı istehsal prosesinə tətbiq edilməsində rol oynayır.

Yüzillər boyunca müxtəlif məhsulların istehsalında bioloji orqanizmlərin kimyəvi reaksiyalarından istifadə edilir. 1800-cü illərin ortalarında Lui Paster fermentasiyanı tədqiq edərkən bu orqanizmlərin roluna baxan ilk şəxslərdən biri idi. Onun bu araşdırması, bu günədək istifadə olunan pasterizasiya prosesinə də öz töhfəsini vermişdir. 1900-cü illərin əvvəllərindən etibarən mikroorqanizmlərin istifadəsi genişləndi və sənaye məhsullarının istehsalında istifadə edilməyə başlandı. Bu tarixlərə qədər biokimya mühəndisliyi hələ bir sahə kimi inkişaf etməmişdi. 1928-ci ildə Aleksandr Fleminq penisilini kəşf etdikdə biokimya mühəndisliyi sahəsinin əsası qoyulmuşdur. Bu kəşfdən sonra dünyanın müxtəlif yerlərində yerləşən torpaqlar, bağlar, meşələr, çaylar və dərələr kimi yerlərdən mikrobakteriyaların xüsusiyyətlərini araşdırmaq məqsədilə nümunələr toplanmışdır. Hal-hazırda biokimya mühəndisləri qidadan tutmuş əczaçılıq sahələrinə qədər müxtəlif sənayelərdə çalışırlar. Bu,səmərəliliyə və istehsala artan ehtiyacı ödəmək üçün bioloji sistemlərin və kimyəvi reaksiyaların bir-birinə necə təsir etdiyini daha ətraflı anlamaq üçündür.

Tətbiq sahələri

[redaktə | mənbəni redaktə et]
Biokimya mühəndisliyinin tətbiqi

Biotexnologiya və biokimya mühəndisliyi bir-biri ilə sıx bağlıdır, çünki biokimya mühəndisliyi biotexnologiyanın qolu hesab edilə bilər. Biotexnologiyanın əsas xidmət etdiyi sahələrdən biri tibbdir, burada biokimya mühəndisləri dərman, süni orqan, biotibbi cihaz, kimyəvi sensor və dərman tədarük sistemlərini formalaşdırmaq üçün çalışırlar.[3] Biokimya mühəndisləri insanların səhhətini yaxşılaşdıran məhsullar yaratmaq üçün bioloji sistemlərdəki kimyəvi proseslər haqqındakı biliklərindən istifadə edirlər.Xüsusi tədqiqat sahələrinə metabolik, ferment və hüceyrə mühəndisliyi aiddir. Hüceyrənin araşdırılması təbii yanacağın inkişaf etdirilməsi, dərman və əczaçılıq proseslərinin istehsalında səmərəliliyin artırılması və xəstəliklərin müalicəsi kimi bir çox tətbiqi səbəbiylə biokimya mühəndisliyi və biotexnologiyada geniş istifadə olunur.[4] Biokimya mühəndisliyinin biotexnologiya daxilində digər tibbi tətbiqləri genetik testlər və farmakogenomikadır.

Biokimya mühəndisləri ilk növbədə qida istehsalını, emalını, qablaşdırılmasını, saxlanmasını və paylanmasını yaxşılaşdıracaq sistemlərin dizaynına diqqət yetirirlər.[1] Emal edilən qidalara buğda, meyvə və süd kimi satışa çıxarılmamışdan öncə üyüdülmə, qurudulma və pasterizasiya kimi proseslərdən keçən məhsullar daxildir. Qida emalının üç növü vardır: ilkin,ikinci və üçüncü. İlkin qida emalı kənd təsərrüfatı məhsullarının qida halına gətirilə bilən digər məhsullara çevrilməsi, qida emalının ikinci növü, əvvəlcədən hazırlanmış inqrediyentlərdən hazırlanan qidaların hazırlanması və qida emallının üçüncü növü, hazır yeməklərin kommersiya istehsalıdır. Qurutma,turşuya qoyma,duzlama və fermentə etmə qidanı kif və bakteriyalardan qorumaq üçün istifadə edilən ən qədim qida emal üsullarındandır.[5] Qida məhsullarının qorunması üsulları qida təhlükəsizliyinin mövcud standartlarına uyğunlaşdırılmışdır, lakin yenə də əvvəlki proseslərdən istifadə edilir. Biokimya mühəndisləri bəzi yeyinti məhsullarının qida dəyərlərinin yaxşılaşdırması üçün də çalışırlar. Nümunə olaraq Qızıl düyü göstərilə bilər; bu düyü A vitamini çatışmazlığının problem olduğu bölgələrdə istifadə üçün istehsal edilmişdir. Yeyinti məhsullarının qorunması texnologiyasının inkişaf etdirilmə səylərinin səbəblərindən biri, bu məhsulların tərkibində olan qida maddələrinin uzun müddət saxlanılmasını təmin etməkdir. Qablaşdırma məhsulun çirklənmədən, fiziki zərərdən və xarab olmadan qorunmasında və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır.[5] Qablaşdırma yeməklərin daşınmasını və servis edilməsini də asanlaşdırır. Yeyinti sənayesində işləyən biokimya mühəndisləri əhalinin tələbatını ödəmək üçün bütün bu prosesləri geniş miqyasda həyata keçirmək yollarını dizayn edirlər. Bu peşənin öhdəliklərinə eksperimentlərin hazırlanması və aparılması, proseslərin optimallaşdırılması, yeni texnologiyaların inkişafı üçün qrup halında digər mühəndislərlə məsləhətləşmə və avadanlıq və qurğular üçün layihə planlarının hazırlanması daxildir.[5]

  1. 1 2 "Biochemical Engineering". UC Davis (ingilis). 2015-11-27. 2022-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-13.
  2. Ruairi.Kavanagh. "Biochemical engineer". gradireland (ingilis). 2014-12-18. 2019-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-13.
  3. "Chemical and Biochemical Engineering | School of Engineering". www.brown.edu. 2019-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
  4. "Biochemical Engineer | Science & Engineering Career". Science Buddies (ingilis). 2017-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.
  5. 1 2 3 Driver, Kelly; Health, JH Bloomberg School of Public. "Food Processing". Johns Hopkins Bloomberg School of Public Health (ingilis). 2021-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-18.