Birinci Məşrutiyyət — Osmanlı İmperiyasında 1876-cı ildə II Əbdülhəmid tərəfindən elan edilən konstitusional idarəetmə forması.
Osmanlı İmperiyasının iqtisadi problemləri 17-ci əsrdən etibarən torpaqların itirilməsi və davamlı büdcə kəsirləri verməsi ilə başlandı. Avropa dövlətləri ilə imzalanan sərbəst ticarət sövdələşmələriylə ölkəyə gələn mallardan aşağı gömrük vergiləri alınırdı. Bu həm dövlətin gəlirlərini azaltmış, həm də yerli sənayenin geriləməsinə səbəb olmuşdu. İqtisadi problemlərlə yanaşı, xüsusilə, 1789-cu il Fransız inqilabının təsiri ilə yayılan azad yönümlü düşüncələr və millətçilik axını Osmanlı İmperiyasını da bürüdü. Balkanlarda 19-cu əsrdə müstəqillik tələbilə etirazlar başlandı. Balkanlarda və Orta Şərqdə maraqların toqquşmasından əziyyət çəkən Avropa dövlətləri ilə Çar Rusiyası da zamanla bu hərəkatları dəstəklədilər. Osmanlı sərhədləri daxilində qeyri-müsəlman xalqların vəziyyətlərinin düzəldilməsi səbəbilə İmperiyanı islahatlar keçirməyə məcbur etdilər. 1839-cu ildəki Tənzimat Fərmanı ilə 1856-cı ildəki İslahat Fərmanının elanları bu şəraitdə reallaşdı.
Digər yandan, 1860-cı illərdə bir aydın hərəkat olaraq Gənc Osmanlılar ortaya çıxdı. Namiq Kamal və Ziya Paşa kimi aydınlar Avropa ölkələrindəki konstitusiyalı monarxiyalardan təsirlənərək Osmanlı İmperiyasının da konstitusiya ilə idarə edilməsinin lazım olduğu fikrini müdafiə edirdilər. Osmanlı İmperiyası 1850-ci illərdən başlayaraq xarici borclar almağa başlamışdı və 1870-ci illərdə dövlət həm iqtisadi, həm də siyasi böhrana sürüklənmişdi. Bu böhran zamanında Mithat Paşa və dostları 30 May 1876-cı ildə Əbdüləzizi taxtından endirib, yerinə V Muradı keçirtdilər. V Murad aydınların və mütərəqqi dövlət adamlarının istədiyi islahatları etmək iqtidarında olmasına baxmayaraq, zehni sağlamlığının pozulduğu üçün taxtdan endirildi. Yerinə II Əbdülhəmid, məşrutiyyəti elan edəcəyi sözünü verərək taxta oturduldu.
II Əbdülhəmid taxta çıxanda Balkanlarda etirazlar başlamış, Çar Rusiyası Osmanlıya bir ultimatum vermişdi. Böyük Avropa dövlətləri İstanbulda keçirilən bir konfransda Balkan məsələsini müzakirə etmiş və Osmanlı İmperiyasından islahatlar aparmasını istəyirdi. II Əbdülhəmid siyasi bir manevrlə 23 Dekabr 1876-cı ildə "Qanun-i Əsasi"ni (konstitusiyanı) elan etdi.[1] Beləliklə, məşrutə idarəetməsinə keçildi.
1876-cı il Konstitusiyası olaraq bilinən "Qanun-i Əsasi", əslində padşahın suverenlik haqlarına məhdudiyyət qoymurdu. İcra səlahiyyətini tam əlində saxlayan padşah, sədrəzəm və vəkilləri (nazirləri) istədiyi kimi təyin və vəzifədən azad edə bilirdi. Məclisin vəkillər üzərində yoxlama səlahiyyəti yox idi. Padşah, sülh və müharibə etmək, istəyərsə məclisi buraxmaq və yenidən seçkiyə aparmaq səlahiyyətinə sahib idi. Bundan başqa, padşahın "ictimati xeyir üçün" polis istintaqı nəticəsində sürgün etmə səlahiyyəti var idi. Hökmdara tanınan haqlara baxmayaraq, konstitusiya Avropa təsirinin Osmanlı bürokratiyasının bir hissəsində hansı səviyyəyə çatdığının göstəricisiydi.
"Qanun-i Əsasi"yə uyğun olaraq, iki qanadlı bir parlament yaradıldı. Üzvləri seçim yoluyla təyin olunan məclisə Məclis-i Məbusan, üzvləri tapşırıq ilə təyin olunan məclisə də Məclis-i Ayan deyilirdi. İki məclisin yaratdığı parlament isə Məclis-i Ümumi adlandırılırdı. Məclis-i Ayanın başçısı və üzvləi birbaşa padşah tərəfindən təyin edilirdi. Konstitusiyaya görə Məclis-i Ümumi padşahın əmri ilə Noyabrda açılır, martın əvvəlində işlərini bitirirdi.
Birinci Məşrutiyyət, II Əbdülhəmidin 1877-1878 Osmanlı-Rusiya Müharibəsindəki məğlubiyyəti əsas göstərərək, Məclis-i Məbusanı bağlaması ilə 1878-ci ildə başa çatmışdır.[1]