Birləşmiş Ərəb Əmirlikləri əhalisi — Birləşmiş Ərəb Əmirliklərinin əhalisinin demoqrafik xüsusiyyətləri. 2017-ci ilə olan məlumata görə Birləşmiş Ərəb Əmirlikləri əhalisinin sayı 9,400,000 nəfərdir.
Birləşmiş Ərəb Əmirliklərində əhalinin ilk siyahıya alınması hələ ölkə Müqaviləli Oman adlandığı vaxt – 1968-ci ilin mart-aprel aylarında aparılmışdır. İlk siyahıyaalmada 180 min nəfər sakin qeydə alınmışdır.
Əhalinin ilk siyahıya alınmasından XXI əsrin əvvəllərinə qədər ölkədə yaşayanların sayı 20 dəfədən çox artmışdır. Demoqrafların hesablamalarına görə 2015-ci ildə ölkədə əhalinin sayı 6 milyon nəfərə qədər artması planlaşdırılmışdır. Belə ki, "neft hay-küyü" bağlı olaraq, əhalinin sayı təbii artım, xüsusilə xarici mühacirlərin – qonşu ərəb ölkələrindən, Hindistandan və İrandan gələn fəhlələrin kütləvi axını hesabına sürətlə artmış və 2005-ci illərin əvvəllərində təxminən 4 milyon nəfərə çatmışdır.
5-6 dekabr 2005-ci il siyahıyaalınmasına[1] əsasən BƏƏ əhalisi 4.106.427 nəfər olmuşdur[2] ki, həmin nəticələrə görə BƏƏ əhalisi əsasən ərəblərdən, qismən bəluclardan, farslardan, puştunlardan, pəncablılardan, benqallardan və az sayda digər etnik qruplardan ibarət idi[3].
Yerli sakinlər arasında orta illik artım sürəti digər ərəb ölkələrində olduğu kimi 3-3,5 faiz təşkil edir.
1968-1992-ci illər ərzində əhalinin ümumi orta illik artım sürəti isə 4,6 faiz olmuşdur.
Yerli əhali arasında təbii artımın yüksəldilməsi üçün dövlət tərəfindən müxtəlif tədbirlər görülür. Məsələn, dövlət hər doğulan uşaq üçün ailəyə yüksək miqdarda pul verir. Bu tədbirlərə baxmayaraq ölkə iqtisadiyyatının sürətli inkişafı ilə əlaqədar buraya gələn immiqrantların sayı artmış və nəticədə BƏƏ-nin ümumi əhalisinin sayında yerli sakinlərin miqdarı 1968-ci ildə 40 faizdən, 1975-ci ildə 36 faizə, 2005-ci ildə isə 20 faizə qədər enmişdir.
Nəticədə BƏƏ hökuməti immiqrasiyanın məhdudlaşdırılması üzrə bir sıra tədbirlər həyata keçirməyə başlamışdır ki, bu da ölkəyə gizli yolla gələnlərlə mübarizəni gücləndirmişdir.
Ölkədə hər min nəfərə anadan olanların sayı 17,5, ölənlərin sayı isə 4,0 nəfərdir.
Ölkə üçün orta ömür müddəti kişilər üçün 72, qadınlar üçün isə 77 yaşdır.
Birləşmiş Ərəb Əmirliklərində əhalinin ərazi üzrə orta sıxlığı 1968-ci ildə 1 kv. km-də 1,1; 1975-ci ildə 7,7 nəfər olduğu halda; 1992-ci ildə bu göstərici 35,4; 2005-ci ildə isə 40,0 nəfərə çatmışdır.
Ölkədə əhali olduqca qeyri-bərabər yerləşir.
Federasiyanın tərkibinə daxil olan 2 böyük əmirlikdə – Abu-Dabi və Dubayda ölkə əhalisinin təqribən 3/4, qalan bölgələrdə isə cəmi 1/4 cəmləşmişdir.
Əhalinin qeyri-bərabər yerləşməsinin üç əsas səbəbi var:
Ölkə əhalisinin milli tərkibi barədə dəqiq məlumatlar yoxdur. Amma BƏƏ-nin əhalisi müxtəlif irqi-etnik qruplardan formalaşdığını demək olar. "Neft hay-küyünə" qədər digər ölkələrdən, ilk növbədə İrandan və Şərqi Afrikadan gələnlərin qarışığından formalaşan İran körfəzi sahilinin əhalisi Ərəbistanın daxili rayonlarında yaşayan köçərilərdən xeyli fərqlənirdilər. Sahil ərazidə yaşayan əhalinin görkəmində və bədənlərinin rəngində neqroid, şəhərlərə köçən bədəvilərdə isə avropoid irqinə yaxınlıq hiss olunur.
"Neft hay-küyü" dövründə BƏƏ əhalisinin milli tərkibi mürəkkəbləşdiyindən əmirliklər çoxmillətli ölkəyə çevrilmişdir. Əhalinin milli tərkibində ərəblərin üstünlük təşkil etməsinə baxmayaraq, yerli ərəblər cəmi 400 min nəfərdir. Qalanlar isə müvəqqəti, yaxud daimi yaşayan mühacirlərdir. Bunlara dövlət aparatında, pedaqoji fəaliyyətdə, kənd təsərrüfatında, sənayedə, mətbuatda çalışan misirlilər, Fələstin ərəbləri, iraqlılar, suriyalılar, yəmənlilər aid edilir. Hindlilər və pakistanlılar ticarətdə özlərinin mövqeylərini möhkəmləndirmiş və hətta Əmirliklərdə bir sıra müəssisələr tikmişlər. Mehmanxana və restoranlarda bir qayda olaraq filippinlilər, yol işlərində əfqanlar və pakistanlılar çalışır. Orduda livanlılar, omanlılar, mərakeşlilər və bəluclar xidmət edir. Ölkədəki avropalıların əksəriyyəti ingilislərdir. BƏƏ-də iranlıların sayı çoxdur. Təkcə Dubay və Şərca əmirliklərində onların sayı 50-60 min nəfərə çatmışdır. Mühacirlər arasında yalnız fələstinlilər istisna olmaqla, ərəblərin BƏƏ vətəndaşlığı hüququ almağa ixtiyarı var.