Bolşevik İnqilabı

Oktyabr inqilabı, Böyük oktyabr sosialist inqilabı və ya Oktyabr çevrilişi (rus. Октябрьская революция; SSRİ-də rəsmi adı — Böyük Oktyabr Sosialist inqilabı) – Yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında Rusiyada baş vermiş, tarixdəki ən önəmli hadisələrdən biri adlandırılan və Sovet İttifaqının qurulmasına təməl atmış böyük inqilab.

Oktyabr inqilabı
Октябрьская революция
1917-ci ildə Qış sarayına edilən hücum.
1917-ci ildə Qış sarayına edilən hücum.
Yer Petroqrad, Rusiya
Tarix 25 oktyabr 1917
Əsas məqsəd kapitalizmin ləğvi, sosialist islahatlarının keçirilməsi
Nəticə Bolşeviklərin qələbəsi, Vətəndaş müharibəsinin başlanması, Rusiya Sovet Respublikasının yaradılması
Təşkilatçılar RSDF(b)P
Hərəkətverici qüvvələr Sovet dövlət hakimiyyətinin tərəfdarları
Əleyhdarları Rusiya Müvəqqəti hökumət tərəfdarları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnqilab zamanı Vladimir İliç Lenin, Lev Trotski, Yakov Sverdlov, Dıbenko və b. təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində Müvəqqəti hökumət devrilmiş, hakimiyyətə bolşeviklər və onların müttəfiqi sol eserlərdən ibarət Fəhlə və əsgər deputatları soveti gəlmişdir. Üsyanları Petroqrad sovetinin hərbi-inqilabi komitəsi istiqamətləndirmişdir.

XIX əsrin sonlarında Rusiyada daxili vəziyyət olduqca gərgin idi, belə ki, daxildə maliyyə problemi yaşanırdı və torpaqların geniş olması da rus çarı üçün ölkənin idarəsini çətinləşdirirdi. Ölkədə böhran baş vermişdi. Hökumətdə narazılıq təkcə aşağı sosial təbəqə arasında deyil, həm də varlı təbəqə arasında baş verirdi. O zaman rus hökuməti çarəni həmin vaxt üçün çox da populyar olmayan II Nikolayın qardaşı Mixail ilə əvəzləməyi düşündülər. Lakin bunun üçün çox gec idi. Çünki insanlar 9 yanvar 1905 - ci ildə etiraz məqsədilə nümayiş keçirdilər. Nümayişdə əsasən iş saatlarının çoxluğundan və yaşayış standartlarının aşağı olmasından şikayətlənirdilər. Rus əsgərləri hər hansı bir tədbir görmədən nümayişçilərə atəş açdılar. Nəticədə 1000 - dən artıq insan həlak oldu. Bu hadisə Rusiyada çox pis qarşılandı və əlbəttə ki, bu da öz növbəsində Rusiya hakimiyyətinə qarşı çox mənfi bir imic formalaşdırdı. Bu hadisə tarixə "qanlı bazar" adı ilə keçdi. Leninin tərafdarları nə qədər boğulmağa çalışılsa da, partiya quruldu. Çoxpartiyalı sistemə keçildi və çar 2 - ci Nikolay 1906 - ci ildə konstitusiyanı qəbul etməli oldu.

Milad təqviminə görə 8 mart 1917 - ci ildə Dünya Qadınlar günündə başlanan etirazlar isə son dərəcə sülhsevər başlamışdı. Hökumət maliyyə məsələlərinin ədalətli həllini tələb edən xalqa qarşı çox keçmədən zor tətbiq etməyə başladı. O zaman çar parlamenti buraxacağını söylədi. Parlamentin sədri isə dövlət idarəsinə əl qoyduğunu dedi. Beləliklə, Rusiya liberal idarə sisteminə keçdi.

Bu arada İsveçrədə olan Leninə tam dəstək Almaniyadan gəldi. Buna ən başlıca səbəb isə Rusiyanı müharibədən uzaqlaşdırmaq idi. O alim Plexanovun görüşlərindən təsirlənərək Marksizm - Leninizm ideyalarini irəli sürürdü. Rusiyada elə bu dövrdə ümumi bir tətil baş verdi. Belə ki, işçilər öz iş yerlərindən çıxaraq çarın sarayına hücum etdilər. Çarı taxtdan saldılar, Romanovların tərəfdarlarını həbs etdilər. Ölkə cümhuriyyət elan edildi. Keçici hökumət tətbiq edilir və bu hökumətin başçısı əvvəl Milyukov daha sonra Teresenko oldu. Ancaq hökumət yalnız burjualardan ibarət idi. Məqsəd yenə də proletariyat inqilabı səciyyəsi daşıyırdı. Leninin o zaman üçün olan bir şüarı bundan ibarət idi ki, "bütün iqtidar sovetlərdə cəmlənsin". Elə bu şüarla da inqilaba başladılar.

Lakin üsyandan öncə Petroqrad sovetləri leninistlərə qarşı hücuma başladı və 1917 - ci ilin iyununda baş tutan bu mübarizədə Lenin məğlub şəkildə Finlandiyaya qaçır. 3 aydan sonra Lenin "bütün iqtidar sovetlərə" şüarı ilə oktyabrda inqilab etdi və Vladimir Lenin başda olmaqla yeni hökumət quruldu.

O zamankı vəziyyətə nəzər salsaq görərik ki, 1917 - ci ildə ki Antanta ittifaqında müharibənin sona qədər davam etdirilməsi ilə bağlı qərar qəbul olunmuşdu. Bu zaman Rusiya ve Fransa isə gizli olaraq Almaniya ilə sərhədlərini müstəqil şəkildə bölməyə qərara gəldilər. Müvəqqəti Hökumət dövründə nazir bəyan etdi ki, bu müharibə almanlar üzərində qələbə ilə yekunlaşmayana qədər davam etməlidir. Ümumiyyətlə isə Rusiya o dövrdə çar Sazanovun hakimiyyətindəki siyasətə bənzər siyasət aparırdı. Daha bir maraqlı məsələlərdən biri ondan ibarətdir ki, Rusiya daxildə baş verən bu narazılıqlar səbəbi ilə tərəfdaşlarından Almaniya üçün nəzərdə tutulan əməliyyatları bir neçə aylıq gecikdirməyi xahiş etsə də, İngiltərə və Fransanın təkidi Almanların şərq sərhədlərində xeyli üstünlük əldə etmələrinə gətirib çıxardı. Bu ölkənin həm daxili, həm də xarici vəziyyətini daha da pisləşdirdi.

Bu sovet hakimiyyətinin ilk qərarı Sülh və Torpaq haqqında qanun olmuşdu. Bu qanunla bütün mülkədarların torpaqları müsadirə edilib kəndlilərə paylandı. Onun sosialistik ideyalarına əsasən fəhlə və kəndli cəmiyyətin əsas təbəqəsini təşkil edirdi. Varlı mülkədarlara isə xalq düşməni imici verilmişdi.

İnqilabın səbəbi

[redaktə | mənbəni redaktə et]

XX əsrin başlanğıcında Rusiyada sosial ziddiyyətlər daha çox kəskinləşmiş, siyasi böhran daha da dərinləşmişdi. 1915-1916-cı illərdə Rusiyada 2 milyona yaxın adam tətil etmişdi. Tətil hərəkatına qarşı görülən tədbirlər heç bir fayda vermədi. IV Dövlət Dumasının sədri M.V.Rodziyankonun ifadəsi ilə vəziyyət "dərin faciə" qarşısında idi. Artıq 1917-ci ilin əvvəli üçün Rusiya demokratik inqilab astanasında dayanmışdı.

Rusiyada siyasi böhranın başlıca məsələsi olan hakimiyyət problemini əsasən 3 siyasi cəbhənin: çar mütləqiyyətinin, liberal burjuaziyanın və demokratik qüvvələrin mübarizəsi həll edirdi. Mütləqiyyət cəbhəsinə dvoryan-mülkədarlar, ali məmurlar bürokratiyası, yüksək səviyyəli zabitlər daxil idi. Bu cəbhədən olanlar hakimiyyəti dəyişdirmək fikrində olmasalar da, dərin böhran və tənəzzül vəziyyətindən çıxmaq üçün canfəşanlıqla yol axtarırdılar.

Bolşevik (1920) Boris Kustodiyev

Kadetlər partiyasının başçılıq etdiyi liberal burjuaziya cəbhəsi hakimiyyətə can atan qüvvələrdən idi. O, çarizmi ləğv etmədən, konstitusiyalı monarxiyaya keçmək yolu ilə mülkədar burjua quruluşunu möhkəmləndirmək fikrində idi. Onlar 1915-ci ilin yay-payız böhranı gedişində öz konstitusiya proqramından müəyyən dərəcə geri çəkilmişdilər: Duma qarşısında məsuliyyət daşıyan hökumət yaratmaq tələbindən əl çəkib onu "ictimai etimad hökuməti" tələbi ilə əvəz etmişdilər. Bununla kadetlər mütləqiyyətə güzəştə getmişdilər. Belə ki, "ictimai etimad hökuməti" Duma tərəfindən deyil, çar tərəfindən təyin edilməli idi.

Kadetlərin fikrincə, mütləqiyyətə bu güzəşt çar II Nikolayı real hakimiyyətdən əl çəkməyə və onu burjuaziyaya verməyə şirnikləndirməli idi. Lakin çar dairələrinin burjua müxalifətinə qarşı hücumları iri burjua nümayəndələrinin qəti əməli addımlar atmağa məcbur etdi. Çarın ətrafındakı bəzi şəxslərin Almaniya ilə birtərəfli sülh bağlamaq cəhdləri və inqilab təhlükəsi liberal burjuaziyanı saray çevrilişi ilə məsələni həll etməyə yönəltdi.

Bu işdə ona birtərəfli sülh bağlanmasından ehtiyat edən İngilis-fransız imperialistləri də kömək edirdilər. İri burjua dairələri II Nikolayın yerinə onun azyaşlı oğlu Alekseyi taxt-taca oturtmaq, çarın qardaşı Mixaili isə onun qəyyumu təyin etmək fikrinə düşmüşdülər. Lakin 1917-ci il fevral inqilabı nə saray çevrilişinə, nə də burjua-mülkədar qəsdinin həyata keçirilməsinə imkan vermədi.

Xırda burjua mövqeyindən çıxış edən eser-menşeviklər də əsasən iri burjuaziyanın siyasətini, "ictimai etimad hökuməti" yaratmaq xəttini müdafiə edirdilər.

Demokratik cəbhədən olan qüvvələr öz qarşılarında tamamilə başqa vəzifələr qoymuşdular. Onlar demokratik respublika, 8 saatlıq iş günü, mülkədar torpaqlarının müsadirə edilməsi və s, tələblər irəli sürürdülər. Bu cəbhəyə proletariat, kəndlilər, şəhərin orta təbəqələri və tələbələr də daxil olmaqla demokratik ziyalılar daxil idi, Bu cəbhədə eser və menşeviklərin sol cinahından olan hissələri, "mejrayonçular" adlanan qrup və bolşeviklər böyük fəallıq göstərirdilər.

1917-ci ilin əvvəllərində Rusiyada inqilabi demokratik hərəkat daha da gücləndi. "Rədd olsun müharibə!", "Rədd olsun çar!" şüarları altında tətillər bütün ölkəni bürüdü. Təkcə Petroqradda "Qanlı bazar" gününün 12-ci ildönümü münasibətilə 9 (22) yanvarda keçirilən tətildə 150 min adam iştirak etmişdi.

Bütün bu etiraz çıxışları göstərirdi ki, Rusiyada artıq ümummilli böhran ən yüksək səviyyəsinə çatıb. Artıq çarizm ilə sazişə girməyə çalışan burjua dairələri də çarın və onun hökumətinin qətiyyətsiz hərəkətlərindən narazılığa başlamışdılar. Dövlət Dumasının sədri M.V.Rodzyankonun Dumanın səlahiyyətini uzatmaq və hökumətin heyətində dəyişikliklər etmək barədəki 1917-ci il fevralın 10-dakı xahişinə cavab olaraq fevralın 13-də çar II Nikolay Dövlət Dumasının buraxılması haqqında fərman imzaladı (Fərman fevralın 26-da elan edilmişdi).

1917-ci il fevralın ortalarında böhran daha da dərinləşdi. Fevralın 14-də Petroqradda "Rədd olsun müharibə!", "Rədd olsun çar hökuməti", "Yaşasın ikinci rus inqilabı" şüarları altında böyük tətil keçirildi. Bundan 10 gün sonra, fevralın 24-də tətil kütləvi xarakter aldı. Həmin gün təkcə Petroqradda tətilçilərin sayı 200 mindən çox idi. Hətta fevralın 25-də bir sıra müəssisələrdə fəhlələr Petroqrad Sovetinə nümayəndələr seçdilər. Tətil ümumsiyasi tətilə çevrildi. Bəzi yerlərdə polis ilə toqquşmalar da baş verdi.

İnqilab səhnəsi

26 fevralda çarın, Ali Baş Komandanın əmri ilə tətilçilər qoşunlar tərəfindən güllə-boran edildilər. Sonrakı gün ümumsiyasi tətil silahlı üsyana çevrilməyə başladı. Fevralın 27-də 67 min əsgər üsyançılar tərəfinə keçdi. Artıq fevralın 28-də üsyançılar tərəfinə keçən əsgərlərin sayı 127 minə çatmışdı. Martın 1-də isə onların sayı 170 min idi. Fevralın 27-də axşam artıq paytaxtın əksər hissəsi üsyançıların əlinə keçmişdi. Lakin həmin günlərdə mütləqiyyət üsyana qalxan xalqla mübarizə aparmaq üçün hələ real qüvvəyə malik idi. Ordunun ali rütbəli zabitləri, polis, jandarm onun tərəfində idilər. Mülkədarlar, sənaye-ticarət burjuaziyasının yuxarı təbəqələri də çarı müdafiə edirdilər.

27 fevral-da, hələ bir gün qabaq çar tərəfindən buraxılması elan edilən Dövlət Dumasının iclasında Petroqradda qayda yaratmaq üçün başda M.V.Rodzyanko olmaqla 12 nəfərdən ibarət Müvəqqəti Komitə yaradılmışdı. Komitənin tərkibinə 6 kadet, 1 nəfər kadetlərə yaxın olan, 2 oktyabrist, 1 menşevik, 1 trudovik və 1 mütərəqqi millətçi daxil idi. Elə həmin gün menşeviklərin, eserlərin və trudoviklərin liderləri menşevik Çxeidze başda olmaqla Petroqrad fəhlə deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsini yaratdılar.

Eser-menşeviklərin rəhbərlik etdikləri Petroqrad Soveti İcraiyyə Komitəsinin razılığı ilə 1917-ci il martın 1-dən 2-nə keçən gecə Dövlət Dumasının Müvəqqəti Komitəsi knyaz Q.Y.Lvov başda olmaqla Müvəqqəti hökumət təşkil etdi. Beləliklə, 1917-ci il martın 1-də çar mütləqiyyəti devrildi, martın 2-nə keçən gecə Romanovlar sülaləsindən olan axırıncı çar II Nikolay tac-taxtdan əl çəkmək haqqında akta imza etmək məcburiyyətində qaldı. Rusiyada Fevral inqilabı baş verdi.

Fevral inqilabı Rusiya tarixində böyük əhəmiyyət kəsb edən hadisələrdən idi. O, Rusiya monarxiyasını dağıtdı. O Rusiyanın azad demokratiya, liberal-demokratizm yolu ilə inkişafı üçün imkanlar açdı. Liberal burjua nümayəndələri bu inqilabi Rusiyanı respublika və demokratiya yoluna, saf kapitalizm yoluna çıxaran zəmin hesab edirdilər. Onların fikrincə, Rusiya məhz həmin zəmin əsasında Qərb demokratiyasına qoşulmalı idi.

Leninin, bolşeviklərin fikrincə isə bu inqilab sinfi qüvvələrin yenidən qruplaşması zəminində, şəraitə müvafiq olaraq ya dinc, ya da silahlı üsyan yolu ilə gözləmədən böyüyüb proletar-sosialist inqilabına keçməli idi. Burada marksistlərin "cəmiyyətin inkişafının lokomotivi" sayılan sinfi mübarizə, sinfi qarşıdurma əsas rol oynamalı idi.

Doğrudur, Fevral inqilabı bir neçə ay ərzində Rusiyanı siyasi cəhətdən ən qabaqcıl ölkələr səviyyəsinə çatdırdı. Lakin bu siyasi uğurların sosial-iqtisadi cəhətdən möhkəmləndirilməməsi, daxili və xarici siyasətdəki uğursuzluqlar, sinfi qarşıdurmaların daha da kəskinləşməsi həmin nailiyyətləri əldə saxlamağa imkan vermədi.

Dünya müharibəsi şəraitində baş vermiş sosial-iqtisadi böhranın təqsirkarı hesab edilən mütləqiyyət devrilsə də, fevral inqilabından sonra da Rusiyada bu proses davam etməkdə idi. Mütləqiyyətin daxili və xarici siyasətini kor-koranə davam etdirən Müvəqqəti hökumət və onu müdafiə edən qüvvələr böhrandan çıxmaq üçün hələ ciddi sosial-iqtisadi tədbirlər görə bilmirdilər.

Fevral inqilabı demokratiya və aşkarlıq şəraiti zəminində bütün təbəqələrin sosial-siyasi fəallığına güc imkan versə də, dövlət quruculuğu, iqtisadi dirçəliş, müharibəyə və sülh məsələləri, sosial təminat və s. vacib problemlər həll edilməmiş qalırdı: Xalq təsərrüfatının dağılması davam edir, sənaye müəssisələri bağlanır, təsərrüfatsızlıq baş alıb gedir, işsizlik artır, ərzaq böhranı dərinləşir, sosial təminat heç dərəcəsinə enmişdi. Siyasi qüvvələr, ictimai hərəkatlar, siyasi partiyalar və təşkilatlar, sosial qruplar arasında konsensusun olmaması da ölkədəki bu vəziyyəti daha kəskinləşdirirdi.

Fevral inqilabından sonra da Rusiyada ictimai-siyasi qüvvələr üç cəbhədə qruplaşmışdı: burjuaziya və mülkədarlar, xırda burjuaziya (kəndlilər, şəhərin orta təbəqələri) və fəhlə sinfi və kəndin yoxsul təbəqələri. Rusiyanın gələcək inkişafı barədə onların hər birinin özünəməxsus proqramı və məqsədi var idi. Bu dövrdə Rusiyada siniflərin və sosial qrupların mənafeyini təmsil edən 90-a qədər siyasi partiya və təşkilat fəaliyyət göstərirdi. Onlardan ən fəalları kadetlər, eserlər və menşeviklər idi. Bolşeviklərin də fəallığı artmışdı.

1917-ci ilin yayında "Xalq azadlığı (kadetlər) partiyasının sıralarında 80 minə qədər, eserlərin sıralarında 500 mindən çox, menşeviklərin sıralarında 200 minə qədər, bolşeviklərin sıralarında 220 mindən çox adam birləşmişdi (Fevral inqilabı üçün bolşeviklərin sıralarında 23.6 min adam var idi).

Burjua-mülkədar partiyaları qrupuna daxil olan Oktyabristlər (liberal respublikaçılar) Fevral inqilabından əvvəl olduğu kimi hakimiyyəti mülkədarların və iri burjuaziyanın əlində saxlanmasını, konstitusiyalı monarxiya yaradılmasını, sonralar respublika qurulmasını, müharibənin son qələbəyə qədər davam etdirilməsini, torpaq üzərində xüsusi mülkiyyətin saxlanılmasını, mülkədar torpaq sahibliyinin toxunulmazlığını təklif edirdilər.

Həmin qrupdan olan kadetlər ("xalq azadlığı") Fevral inqilabından sonra konstitusiyalı monarxiya ideyasından əl çəkərək respublika strukturlu quruluş yaratmağı müdafiə edirdilər. Bu partiyanın proqramında 8 saatlıq iş günü, kilsə və dövlət torpaqlarının paylanması, azad həmkarlar ittifaqlarının yaradılması tələbləri irəli sürülürdü. Bu partiya inqilabın burjua mərhələsində saxlanılmasına, Müvəqqəti hökumət timsalında təkhakimiyyətliliyin yaradılmasına çalışır, müharibənin davam etdirilməsinə tərəfdar çıxır, bölünməz Rusiya uğrunda mübarizə edirdi. Onların fikrincə, Fevral inqilabı ölkənin uzunmüddətli, sabit kapitalizm inkişaf mərhələsinin başlanğıcıdır,

Ölkə əhalisinin əksəriyyətini təmsil edən xırda burjua partiyaları (bu zaman Rusiyada 30-a yaxın belə partiya var idi), o cümlədən eserlər və menşeviklər ölkəni islahatlar yolu ilə burjua demokratik respublikasına çevirmək niyyətində idilər. Onlar milli burjuaziya ilə ingilis-fransız kapitalistləri arasında saziş əsasında müharibəyə son qoymağı, təsərrüfatı bərpa etmək, fəhlə, torpaq və milli münasibət problemlərini həll etmək üçün Müəssislər Məclisini çağırmağı, ölkədə burjua-demokratik qaydaları bərqərar etməyi təklif edirdilər. Onların siyasi-strateji xəttinin mahiyyəti "orta yol" olan sazişçilikdən, Sovetlərin köməyinə arxalanan burjua-demokratik respublikası yaratmaqdan ibarət idi.

Proletariatın adından çıxış edən bolşeviklər və onlara qoşulan qrup və təşkilatlar burjua demokratik inqilabının gözləmədən böyüyüb sosialist inqilabına keçməsi xəttini irəli sürürdülər. Bu keçid onların fikrincə kəskin sinfi mübarizə və qarşıdurma şəraitində baş verməli idi. Bolşeviklərin fikrincə, Rusiyada guya sosialist inqilabı üçün tam obyektiv və subyektiv şərait var idi; şəraitə uyğun olaraq dinc və ya silahlı üsyan yolu ilə sosialist inqilabı edib sovetlər formasında proletariat diktaturası yaratmaq və sənaye sahəsində — ictimai istehsal və məhzulların bölgüsü üzərində nəzarət qoyulması; ölkənin bütün banklarının vahid milli bank halında dərhal birləşdirilməsi; aqrar sahədə- mülkədar torpaqlarının müsadirə olunması və bunun əsasında ölkədəki bütün torpaqların milliləşdirilməsi kimi sosialist tədbirlərini həyata keçirmək lazım idi. Bolşeviklər müharibəni demokratik sülhlə başa çatdırmaq vəzifəsini irəli sürməklə yanaşı, onu hakimiyyət məsələsi ilə sıx əlaqələndirirdilər.

Siyasi partiyalar 1917-ci ilin aprelindən oktyabrınadək həmin strateji məqsədlər uğrunda mübarizə aparırdılar. Liberal və xırda burjua partiyaları Müvəqqəti hökuməti saxlayıb möhkəmləndirməyə, ölkədə etibarlı sabitlik yaratmağa çalışırdılar. Eser-menşevik sovetləri də bu işdə onlara kömək edirdilər. Sol siyasi partiyalar, xüsusilə bolşeviklər hakimiyyətin fəhlə və əsgər deputatları sovetlərinə verilməsi uğrunda mübarizə aparırdılar. Müəyyən dövrlərdə müxtəlif məna kəsb edən (1917-ci ilin aprelindən iyuluna kimi, avqustun 30-dan sentyabrın 1-nə kimi dinc, sentyabrın əvvəllərindən oktyabrın 25-dək silahlı yolla) "Bütün hakimiyyət sovetlərə!" taktiki şüarını irəli sürürdülər.

1917-ci il aprel, iyun və iyul siyasi böhranlarından sonra iyulun 8-də Kerenski başda olmaqla burjuaziyanın təkhakimiyyəti yaradıldı. Lakin bu da Rusiyada başlanmış siyasi və iqtisadi böhranı aradan qaldırmadı. Ölkədə iqtisadi tənəzzül gücləndi. Sənaye və nəqliyyatın getdikcə dağılması, ərzaq çətinliyi davam edirdi. Ümumməhsul istehsalı 36.4 faiz azaldı. Ölkədə siyasi böhran da kəskinləşdi. Siniflər, siyasi qüvvələr və partiyalar arasında qarşıdurma daha da gücləndi. Siyasi qüvvələr və siyasi partiyalar ölkəni çıxılmaz vəziyyətdə qoyan fəlakətə qarşı mübarizə etmək üçün, ölkəni böhrandan çıxarmaq üçün yollar axtarmağa başladılar.

Burjuaziya və onu müdafiə edən qüvvələr ölkəni fəlakətli böhrandan çıxarmağın başlıca yolunu hərbi diktatura yaratmaqda görürdülər. ABŞ-nin, İngiltərənin və Fransanın hakim dairələri də bu xətti müdafiə edirdilər. 1917-ci il avqustun 12-15-də Moskvada keçirilən Dövlət Müşavirəsi bu məqsədi güdürdü. Hərbi diktaturaya hələ iyulun 18-də Baş Komandan təyin edilmiş general Kornilov başçılıq etməli idi. Fəhlə və kəndlilər adından çıxış edən bolşeviklər və onların tərəfdarları iri burjuaziyanın diktaturasına qarşı inqilabi çevriliş nəticəsində yaradılacaq proletariat diktaturası alternativini irəli sürürdülər.

İnqilabın sonu

[redaktə | mənbəni redaktə et]

Beləliklə, 1917-ci ilin payızında inqilabi burjua demokratiyası mövqeyindən siyasət yürüdən, lakin ölkəni iqtisadi və siyasi böhrandan qurtarmaq iqtidarında olmayan Müvəqqəti hökumətə qarşı iki siyasi alternativ yaranmışdı: hərbi diktaturaproletariat diktaturası. Artıq avqustun axırı üçün Rusiyada hərbi diktatura yaratmaq təhlükəsi sovuşmuşdu. Kornilovçuluq ləğv olunmuşdu. Qiyam ləğv edildikdən sonra kütlələr arasında bolşeviklərin və onların tərəfdarlarının nüfuzu artmışdı. Onların güclü hökumət yaradılması, hakimiyyətin sosialist partiyalarını təmsil edən Sovetlərə verilməsi təklifləri geniş yayılmışdı.[1].

İmperialist müharibəsi və Müvəqqəti hökumətin qətiyyətsiz daxili siyasəti ölkəni getdikcə uçuruma aparırdı. Ölkədə yaranmış ümummilli böhran getdikcə dərinləşirdi. "Sülh, torpaq və çörək" tələblərinin həllinin sonu görünmürdü. Bundan istifadə edən Lenin, bolşeviklər hakimiyyətin hər vasitə ilə bolşevikləmiş Sovetlərə verilməsini tələb edirdilər. 1917-ci il sentyabrın əvvəllərindən etibarən onlar silahlı üsyan yolu ilə dövlət çevrilişi etməyə hazırlaşırdılar. Nəhayət, 1917-ci il oktyabrın 25-də partiya daxilindəki fikir ayrılıqlarına baxmayaraq bolşeviklər kütlələrin Müvəqqəti hökumətin daxili və xarici siyasətdə qətiyyətsiz fəaliyyətindən narazı hissələrinə arxalanaraq "sülh, torpaq və çörək" şüarı altında dövlət çevrilişi etdilər. Həmin çevriliş nəticəsində burjua diktaturası devrildi və bolşeviklər başda olmaqla proletariat diktaturası- Sovet hökuməti yaradıldı.

Oktyabr inqilabı, doğrudan da, XX əsrin tarixində çox böyük hadisə olmuşdu. Əvvəla, o, dünya miqyasında birinci olaraq yalnız Qərbi Avropada dolaşan "kommunizm kabusunun" dünyanın bütün qitələrində dolaşmasına zəmin vermişdi; ikinci o, dünya birliyini iki cəbhəyə- kapitalizm və sosializm cəbhəsinə parçalamış, yer kürəsinin altıda bir hissəsini təşkil edən Rusiya imperiyasında sovet rejimi bərqərar etmişdi; üçüncü, Oktyabr çevrilişi vahid, bölünməz kapitalizm dünyasını parçalayaraq hələ XIX əsrin ortalarında meydana çıxan ideya (burjua və sosialist) qarşıdurmasını ictimai sistemləri müxtəlif olan dövlətlərin 70 ildən çox müddət ərzində əməli qarşıdurmasına gətirib çıxarmışdı.

Oktyabr inqilabı Rusiyada ictimai-siyasi inkişafın qanunauyğun nəticəsi deyil, 1917-ci ilin payızında Rusiyada yaranmış ümummilli böhran şəraitindən Leninin, bolşeviklərin istifadə etmək məharətlərinin, hərbi diktatura təhlükəsinə qarşı proletariat diktaturası alternativini irəli sürməyin zəruriliyini gecikmədən qiymətləndirmələrinin, müharibədən, böhran və çətinliklərdən səbri tükənmiş xalq kütlələrinin ümidlərinə cavab verəcək çevik taktika yürütmələrinin nəticəsi idi. O, marksizmi təftiş etmək nümunələrindən olan sosialist inqilabı haqqında Lenin nəzəriyyəsinin kapitalizmin inkişaf səviyyəsi cəhətdən orta səviyyədən də aşağı olan Rusiyada əməli tətbiqinin təzahürü idi.

Oktyabr çevrilişi bölünməz, toxunulmaz və tənqid olunmaz vahid ideyalı, vahid siyasi partiyalı totalitar sosializm yaradılmasının başlanğıcını qoymuşdu. Habelə o, "xalqlar həbsxanası" adlandırılan keçmiş çar Rusiyası imperiyasının beynəlmiləlçilik şüarı altında mexaniki olaraq Sovet imperiyasına çevrilməsinə təminat vermişdi. İctimai-siyasi və iqtisadi münasibətlər, habelə millətlərarası münasibətlər sahəsində Oktyabrdan keçən 74 ildən sonra özünü kəskin göstərmiş dərin böhran halları, sosial və milli qarşıdurmalar bu çevrilişin uğursuz taleyinin nəticələridir.

Böyük Oktyabr sosialist inqilabı özündən əvvəlki inqilablardan köklü surətdə ona görə fərqlənirdi ki, buna qədər olan inqilablar istismarçılığın bir formasını başqası ilə əvəz edirdi, lakin sosialist inqilabı istismar və istismarçılığı tamamilə iflic vəziyyətinə saldı. Bu inqilabı təxminən 65%-ı səfalətdən əziyyət çəkən kəndlilərdən ibarət rusiyalı işçi təbəqəsi etdi. İnqilabın uğurlu olmasına səbəb isə marksist-leninist biliklərlə silahlanmış bolşevik partiyasının başçılığı ilə proletariatın gücü və burjua partiyalarının zəifliyi idi. Qanlar axıdan müharibələrə səbəb olan beynəlxalq imperializm aktiv şəkildə rus inqilabına qarşı çıxa bilmədi. Həmin vaxtda bütün əzilən dünya işçilərinin önündə gələn Rusiya proletariatı beynəlxalq işçi təbəqəsinin də yardımından istifadə etdi. Bütün bunlar sosialist inqilabının uğurlu qələbəsinə təkan verdi.

"Oktyabr Qələbəsi – XX əsrin əsas hadisəsi bütün insanlığın inkişafının gedişatına köklü surətdə təsir etdi" – "Böyük Oktyabr sosialist inqilabının 60 illik ildönümü"ndə SSKP MK-in (Sovet Sosialist Partiyasının Mərkəzi Komiteti) qurultayı zamanı söylənilmişdi. Bu qələbənin nəticəsi olaraq, dünyada ilk sosialist hakimiyyət yarandı. Böyük Oktyabr yeni epoxa açdı – dünyanın inqilabı yenilik epoxası, insanlığın kapitalizmdən sosializmə keçid epoxası, xalqların imperializmdən qurtularaq, bir-birilərinə qarşı müharibələrin dayandırılması, kapitalın havadarlıq etdiyi hakimiyyətin sosializmlə əvəz olunması epoxası. Oktyabr sosialist inqilabı sosializm dünyəvi sisteminin qurulmasının ilkin əsasını qoydu.

Böyük Oktyabr tezliklə bütün planetin səmasını dəyişəcək sosial inkişafın möhtəşəm gücünü ortaya çıxartdı. İşçilərdən nümunə almaqla yeni cəmiyyət yaradaraq kapitala qarşı mübarizə aparan xalqların imzası məhz Oktyabr oldu.

İşçi təbəqəsinin hakim təbəqə olduğunu və cəmiyyətin siyasi əsasının köklü surətdə dəyişməsinin nə dərəcədə mümkün olduğunu Oktyabr sübut etdi. Bütün bu tarixi faktlar göstərdi ki, Vladimir İliç Leninin də söylədiyi kimi, xalqın hakimiyyəti olmadan, sosialist hakimiyyətsiz sosializmə gedən heç bir yol olmayıb və yoxdur.

Oktyabr Qələbəsi xüsusi mülkiyyətin aradan qaldırılması və ictimai özünəməxsusluğun əsasını qoyaraq, iqtisadi asılılığın yaratdığı yüzillik istismara son qoymaq imkanları yaratdı. İstehsalatdakı anarxiya öz yerini elmli, planlı təsərrüfata verdi. Oktyabr inqilabı zəhmətkeşlərə mənəvi möhkəmlik verdi. Bir nəslin həyatı müddətində ölkə cəhalətdən uzaq oldu. Zəhmətkeşlər mədəni həyatın üzvünə çevrildi, mənəvi dəyərlərin yaradıcıları oldular. Sosialist inqilabı ölkədəki nasionalist sualları tamamilə həll etdi. Oktyabr qələbəsi həm də milli qurtuluş qələbəsi idi.

Böyük Oktyabrın əsas nəticəsi isə Azərbaycanda və qardaş sosialist ölkələrdə olan həqiqi sosializmin yaratdığı cəmiyyətdir. Gələcək insanlığın necə olmasına bariz nümunə olan bu cəmiyyət məhz işçilərin özləri tərəfindən əsası qoyuldu. Sovet xalqının əməyi nəticəsində çox qısa zaman ərzində həyatın hər bir sahəsindən tutmuş, həm elmi, həm də mədəni sahədə inkişaf özünü göstərdi.

Oktyabr inqilabı hər bir halı ilə dünyəvilik prinsiplərinin nə dərəcədə önəmli olması ilə yanaşı, işçi təbəqəsinin azadlıq mübarizəsinin əsas göstəricisi oldu. Sovet hakimiyətinin yaradılması ilə proletariatın diktaturası özlüyündə heç zaman görülməyən, inanılmaz sayılan və demokratik kapitalist ölkələrində xülya sayılacaq imkanlar yaratdı zəhmətkeşlər üçün. Çünki, sosialist quruluşu yaradan məhz zəhmətkeşlərin özləridir, burjua dövlətlərindəki kimi istismarçılar yox. Oktyabrın dünyəvi-tarixi qələbəsinin ən əsas əhəmiyyəti ölkədəki zəhmətkeşlərin ümumi maraqlarının cəmiyyətdə özünü göstərməsi idi.

Oktyabr dünyəvi inqilab prosesinin gedişatına böyük təkan verməklə dünya inqilabçılarını ruhlandırdı. Avropada, Asiyada və Latın Amerikasında hər bir ardıcıl və uğurlu sosialist inqilabları bir daha Leninin söylədiyi fikirlərdə Oktyabr İnqilabının digər dünya ölkələrində təkrar olacağı barədə etdiyi çıxarışın nə dərəcədə səmimi olduğunu sübuta yetirdi. Oktyabr təcrübəsi ilə sosialist ölkələrinin birləşməsi sosial inkişafın, demokratiyanın və sosializmin əsas faktoru oldu. Böyük Oktyabr əzilən xalqların milli-azadlıq hərəkatı və kolonial sistemin çökdürülməsində yeni perespektivlər yaratdı.

1917-ci ilin Oktyabrından sonra dünya xalqlarının ümumbəşəri inkişafı eyniadlı inqilabın beynəlxalq əhəmiyyəti barəsində onun qiymətləndirməsinin düzgün olduğunu sübuta yetirdi. Lenin yazırdı: "İnsanlıq tarixi bu günlərdə ən böyük, ən çətin və heç kiçiltmədən söyləmək olar ki, dünyəvi-azadlıq əhəmiyyətli dəyişikliklər edir".

  1. Сталин, однако, пользовался им вплоть до последних своих работ, написанных уже в начале 50-х гг. И. В. Сталин. Марксизм и вопросы языкознания Arxivləşdirilib 2012-03-08 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]