Brahma Kumaris — Hind dilindən tərcümədə adı "Brahmanın qızları" mənasını ifadə edən qeyri-ənənəvi dini cərəyan "Brahma Kumaris Ümumdünya ruhani universiteti" kimi də tanınmışdır.
Cərəyanın banisi Dada Lehrac (1876–1969) hindli müəllim ailəsində dünyaya göz açmışdır. Gənc yaşlarından Heydərabad şəhərində zərgərlik mallarının satışı ilə məşğul olmuşdur. Altmış yaşında ikən Varanasi şəhərindəki dostlarından birinin evində meditasiya zamanı iki dəfə xəyal gördüyünü bildirmişdir.
Birinci dəfə, tanrı – Şivanı qırmızıya çalan qızılı rəngdə gördüyünü, ikinci dəfə isə ona dünyanın tezliklə məhv ediləcəyi və "qızıl əsr"in gələcəyi haqqında vəhyin göndərildiyini iddia etmişdir.
Gözəgörünmələrdən sonra Lehrac ticarəti buraxmışdır. Dünyanı yenidən quracaq böyük tanrı – Şivanın ruhunun Lehracın bədənində zühur etməsinə ilk dəfə onun həyat yoldaşı, qızları və gəlini inanmışlar.
1937-ci ildə Lehrac "Şri Prajapita Brahma" ("Tanrılar atası və dünyanın yaradıcısı") adını götürərək, yalnız qadınlardan ibarət "Brahma Kumaris"i yaratmışdır. O, 1938-ci ildə Kəraçi şəhərində cərəyanın "Om Mandali" adlı ilk mərkəzini təsis etmişdir. Lakin yarandığı ilk illərdən Lehraca sadiqlik andı içmiş qadınların ailələrində sabitlik pozulmağa başladığından, ictimaiyyətdə cərəyan rəhbərinə qarşı etirazlar baş qaldırmış, Lehrac əxlaqsızlıq, cadugərlik, hətta insanları hipnoz vasitəsilə təsir altında saxlamaqda ittiham edilmişdir.
Pakistanın Hindistandan ayrılmasından sonra 1950-ci ildə brahminlər (cərəyan üzvləri özlərini belə adlandırmışlar) Racastan ştatının Maunt Abu şəhərinə köç etmişlər. 1952-ci ildə Abu dağının ətəyində rəsmi adı "Brahma Kumaris Ümumdünya ruhani universiteti" olan ofis inşa etmişlər.
Cərəyan nümayəndələrinə görə, dünya həyatını daim təkrarlanan teatr tamaşası təşkil edir. Bitməyən dramın müəllifi və rejissoru Şivadır. Hər ruh əvvəlcədən müəyyənləşdirilmiş rolla təlimatlandırılır. Ruhlar – aktyorlar dünya səhnəsində rollarını oynamaq üçün kostyumlar – bədənlər geyinirlər. Beş min ildən bir tamaşa təkrarlanır ("dünya dövrü"). Cərəyanın təlimlərinə görə, "dünya dövrü" də öz növbəsində, hər biri 1250 il davam edən dörd "səhnə"yə bölünür: "Qızıl əsr"("Sat Yoqa"), "Gümüş əsr" ("Treta Yoqa"), "Mis əsr"("Dvapara Yoqa") və "Dəmir əsr"("Kali Yoqa").
Qızıl və gümüş əsrlər Cənnət, mis və dəmir əsrlər isə Cəhənnəm adlanır. Dünya tarixi və coğrafiyası bütün dövrlərdə eynilə təkrarlandığından keçmiş, indiki və gələcək zaman arasında heç bir fərq yoxdur. Onlar hesab edirlər ki, beş min ilin sonunda dünya fəlakətə uğrayacaq, bəşəriyyət məhv olacaq və yenidən "qızıl əsr" başlayacaq. Bu əsrdə brahmin olmayanlar yenidən doğulmayacaq, Lehracın idarə etdiyi yeganə dövlət, din və dil mövcud olacaq. Çətinliklər, xəstəliklər və müharibələr olmayacaq, təbiət daimi gözəllik əldə edəcəkdir.
"Brahma Kumaris"in üzvlərinə görə, insanın özünü təkmilləşdirməsi və mənəviyyatını saflaşdırmasının əsas yolu, "Raca-Yoqa"dır ("böyük gəlir" gətirən ruhani təlim). Bu təlim klassik "Raca-yoqa"dan fərqlənir. Burada fiziki və tənəffüs məşqləri yoxdur. Cərəyanın metodunun digər üsullardan üstün olduğunu bildirmək üçün bu addan istifadə edilir. Dini anlayışlarına görə, "Raca yoqa"nın əsas məqsədi ruhun xilas olması deyil, tanrı ilə ünsiyyətdir. Lehracın təsəvvüründə üç cür – kobud, həssas və mütləq(absolut) dünyaları mövcuddur. "Raca yoqa" tanrı dünyasına səyahət etmək üçün əsas vasitədir və iki mərhələyə bölünür: birinci mərhələ, ilahi enerjinin mənbəyi hesab edilən və alnın ortasında yerləşən "gizli göz"ün meditasiyasıdır. Bu məşq üsulu insana ruhun əsas, bədənin isə onun qılafı olmasını başa salmağa xidmət edir. İkinci mərhələdə isə ruh bədəndən azad olaraq, "tanrı dünyası"na səyahət edir və təmiz işıqla təmin edildikdən sonra yenidən bədənə qayıdır.
Bu qeyri-ənənəvi cərəyanın mərkəzi ofisinin Abu dağının ətəyində yerləşməsi mənsublarının ruhlarını qidalandıran ilahi enerjinin orada toplanmasına inamla əlaqədardır. Onlara görə, dünyanın fəlakətə uğramasından sonra "qızıl əsr"in qədəm qoyduğu zaman Lehrac Abu dağında zühur edəcəkdir.
Gündə altı saat olmaqla, cərəyanın bütün nümayəndə heyəti ümumi meditasiya mərkəzlərində toplaşır. Mənsublarının yalnız müəyyən hissəsi (daimi üzvlər) mərkəzlərdə fəaliyyət göstərirlər. Onların böyük əksəriyyəti dünyəvi işlərini davam etdirirlər. Ümumiyyətlə, cərəyanın işinə yalnız qadın rəhbərlik edə bilər. Rəhbərlikdə yer alan üzvlər asketik (guşənişin, tərkidünya) həyat sürürlər. Onlar nikaha girmir, ağ paltar geyinir və güclü pəhriz saxlayırlar.