Brest Dövlət Texniki Universiteti

Brest Dövlət Texniki UniversitetiBelarusda universitet; İnformasiya resurslarının inkişafına, təhsilin yeni standartlar əsasında təqdimatı baxımından informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsinə önəm verən ali təhsil ocaqlarında biri.

Brest Dövlət Texniki Universiteti
БрДТУ
Loqonun şəkli
Xəritə
52°05′47″ şm. e. 23°45′31″ ş. u.HGYO
Əsası qoyulub 1 aprel 1966
Tip dövlət universiteti
Tələbə sayı 5.400
Ölkə
Ünvan Belarus, Brest şəhəri
Sayt bstu.by
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ali məktəbin fəaliyyət tarixi 1 aprel 1966-cı ildə Mühəndislik-İnşaat İnstitutunun açılmasından başlanır. İnstitut 1989-cu ildə politexnik statusunu alıb. 1990-cı illər ərzində institut həm ənənəvi, həm də bir sıra yeni ixtisaslar üzrə mütəxəssislərin keyfiyyətli hazırlığını həyata keçirməyə davam edib. Nəhayət, 2000-ci ildə instituta texniki universitet statusu verilib.

Hal-hazırda Brest Dövlət Texniki Universitetində 152 elmlər namizədi və 14 elmlər doktoru çalışır. Ali məktəbdə professor-müəllim heyətinin, aspirantların və tələbələrin elmi-texniki və innovasiya hazırlamalarının kommersiyalaşdırılması, transferi və inkişafı üzrə aktiv iş aparılır.

Hazırda universitetdə 9 fakültə fəaliyyət göstərir, əyani təhsil forması üzrə təlimin tam kursu təlimin 5 il 10 ay, qiyabi forma üzrə 4 il 10 ay davam edir.

Universitet şəhərciyi inzibati-tədris binaları, xidmət sferası məkanları, həmçinin yataqxanalardan ibarətdir.

1997-ci ildən universitetin kitabxanasında İNEAK kompüter proqramı vasitəsilə kitabxana proseslərinin avtomatlaşdırması işinə başlanılıb. 11 min biblioqrafik yazının daxil olduğu elektron kataloq yaradılıb. Hal-hazırda elektron kataloq kitabxananın bütün fondunu əks etdirir.

Növbəti olaraq komplektləşdirmə, kataloqlaşdırma, emal və hesab, abunə və dövri nəşrlərin qeydiyyatı, kafedralara və başqa struktur bölmələrə göndərilən yeni daxil olmaların tematik siyahıları və digər kitabxana prosesləri kompüterləşdirilib.

Brest Dövlət Texniki Universiteti bir sıra beynəlxalq təşkilatların üzvüdür. Universitetin qoşulduğu təşkilatlardan biri olan IAESTE (istehsal təcrübəsi keçmə üçün tələbələrin mübadiləsi üzrə beynəlxalq assosiasiya) tələbələrə informatika, fizika, kimya, həmçinin biologiya, ekologiya, əczaçılıq, kənd təsərrüfatı və başqa ixtisaslar üzrə xaricdə ödənişli təcrübə keçmə imkanını təqdim edir. IAESTE-nin tərkibinə dünyanın 80-dən çox ölkəsi daxildir.

Universitet eyni zamanda Almaniya, Polşa, Ukrayna və Rusiyanın ali məktəbləri əməkdaşlıq edir. Belə ki, ali məktəb Belostoks Politexnik İnstitutu (Polşa), Lublin Politexnik İnstitutu (Polşa), Biberax (Almaniya) şəhərinin Ali Texniki-peşə Məktəbi və digər nüfuzlu ali təhsil ocaqları ilə geniş əlaqələrə malikdir. Bu, birgə tədris və elmi fəaliyyət üçün münbit şərait yaradır.

Tədris istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Hazırda ali məktəbdə elektron-informasiya sistemləri, iqtisadiyyat, innovasiya fəaliyyəti, idarəetmə və maliyyə, inşaat, su təminatı və hidro meliorasiya, ixtisasın artırılması və kadrların yenidən hazırlanması, ali məktəbə qədər hazırlıq, maşınqayırma, qiyabi təhsil fakültələri fəaliyyət göstərir.

Elektron-informasiya sistemləri fakültəsi intellektual informasiya texnologiyaları, Elektron Hesablama Maşınları (EHM) və sistemlər, ali riyaziyyat, fizika, fəlsəfə və kulturologiya istiqamətləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı və tədqiqat işlərinin aparılması ilə məşğul olur.

İqtisadiyyat fakültəsində mühasibat uçotu, analiz və audit, informatika və tətbiqi riyaziyyat, idarəetmə, dünya iqtisadiyyatı, marketinq, investisiya və iqtisadi nəzəriyyə kafedraları fəaliyyət göstərir.

İnnovasiya fəaliyyəti, idarəetmə və maliyyə fakültəsinin əsas hədəfini isə Belarus Respublikasının xalq təsərrüfatının uyğun olan sahələri üçün orta xüsusi təhsil almış abituriyentlərin arasından texniki və iqtisadi profilli ixtisaslar üzrə ali təhsilli mütəxəssislərin hazırlığı təşkil edir.

İnşaat fakültəsi universitetin əsas fakültələrindən biridir. Burada tikintinin müxtəlif sahələri üçün peşəkar mütəxəssislərin hazırlığı aparılır. Fakültə yaxın gələcəkdə öz məzunlarına Avropa Birliyi ölkələrində tanınan diplomlar verməyi planlaşdırır.

Su təminatı və hidro meliorasiya fakültəsi su təsərrüfatı tikintisində ekoloji istiqamətin problemlərinin həlli, insanların təhlükəsiz həyat fəaliyyətinin təşkili və yağış suları üçün effektiv texnologiyaların tətbiqinin təmin olunması məqsədilə yaradılıb. Burada su təminatı, suayırma və su resurslarının mühafizəsi, mühəndislik ekologiyası və kimya, tərsimi həndəsə, qrafika mühəndisliyi, kənd təsərrüfatının hidrotexniki meliorasiyası, istilik təchizatı və ventil kafedraları yaradılıb.

Universitetdə həmçinin ixtisasın artırılması və kadrların yenidən hazırlanması institutu fəaliyyət göstərir. İnstitutun yaradılmasının əsas məqsədi nazirliklərin, idarələrin, müəssisələrin və təşkilatların yüksək ixtisaslı kadrlar üzrə ehtiyaclarının, həmçinin peşəkar bilik və bacarıqların səviyyəsinin artırılması istiqamətində vətəndaşların fərdi sorğularının operativ təmin olunmasından ibarətdir.

Ali məktəbə qədər hazırlıq fakültəsinin yaradılması Brest Dövlət Texniki Universitetində tədris olunan ixtisaslara uyğun olaraq abituriyentlərin hazırlığı məqsədini daşıyır.

Maşınqayırma fakültəsində texnoloji proseslərin və istehsalın avtomatlaşdırması, maşınşünaslıq, materiallar müqaviməti və nəzəri mexanika, avtomobillərin texniki istismarı, maşınqayırmanın texnologiyası və ictimai-siyasi və tarixi elmlər ixtisasları üzrə tədris həyata keçirilir.

Qiyabi təhsil fakültəsində təhsilin qiyabi forması üzrə kadrlar hazırlanır. Hazırda fakültədə 12 ixtisas üzrə 3500-dən çox tələbə təhsil alır.

Əcnəbi vətəndaşlar üçün

[redaktə | mənbəni redaktə et]

Xarici vətəndaşların Brest Dövlət Texniki Universitetinə qəbul müsabiqəsində iştirakla bağlı müraciəti etməsi üçün aşağıdakı sənədlər tələb olunur:

  • xarici vətəndaşın ərizəsi — ərizə forması universitetin saytında yerləşdirilib.
  • orta təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
  • doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
  • Milli və ya ümümvətəndaş pasportunun surəti;
  • abituriyentin Belarus Respublikasının iqlim şəraitində təhsil alma imkanını göstərən, ölkənin səhiyyə üzrə rəsmi orqanları tərəfindən təsdiq olunmuş arayış;
  • Ölkənin rəsmi səhiyyə orqanları tərəfindən verilmiş HİV infeksiyanın yoxluğu haqqında tibbi sertifikat.

Sənədlərin poçt ilə göndərilməsi tələb olunur. Faksla və ya elektron poçtla göndərilmiş sənədlərə baxılmır.