Brno Texniki Universiteti (çex. Vysoké učení technické v Brně) — Çexiyada universitet; texniki sahə üzrə ixtisaslaşan aparıcı ali təhsil ocaqlarından biri.
Brno Texniki Universiteti VUT | |
---|---|
Vysoké učení technické v Brně | |
49°12′05″ şm. e. 16°36′13″ ş. u.HGYO | |
Əsası qoyulub | 1849 |
Tip | dövlət universiteti |
Tələbə sayı | 17.975 |
Ölkə | |
Ünvan | Çexiya, Brno şəhəri |
Sayt | vut.cz |
Vikianbarda əlaqəli mediafayllar |
Brno Texniki Universiteti dünyanın zəngin tarixə malik ali təhsil ocaqlarından biridir. Onun tarixi 1849-cu ildə Alman-çex texniki məktəbinin əsasının qoyulmasından başlanır. Məktəb əsasında yaradılmış Çex Texniki İnstitutunun açılışı 1899-cu ilin noyabrında olub. Professor heyəti 5 nəfərdən ibarət olan ali məktəbdə inşaat mühəndisliyi ixtisası üzrə tələbələrin ilk qrupunun təhsilinə başlanılıb. 1900-cü ildə bir sıra yeni ixtisaslar - meliorasiya mühəndisliyi, elektrik mühəndisliyi və kimya mühəndisliyi təşkil edilib.
İkinci dünya müharibəsi zamanında ali məktəbin fəaliyyətində müəyyən durğunluq yaşanır. 1945-ci ildə institut müharibədən əvvəlki formada bərpa edilir və öz fəaliyyətini davam etdirir. 1956-cı ildə institut Brno Texniki Universiteti adlandırılır. Universitetin sonrakı mövcudluğu üçün həll edici məqam 1989-cu ildə fakültələrdə həyata keçirilən genişmiqyaslı dəyişikliklər və yeni fakültələrin əsasının qoyulması oldu. 1992-də sahibkarlıq və kimya fakültələri açılır, 1993-cü ildə təsviri incəsənət, 2000-ci ildə isə informasiya texnologiyaları fakültəsi tələbələrin ixtiyarına verilir.
Hazırda universitet vahid təhsil kompleksi kimi texniki ixtisasların geniş spektrini təqdim edir. Ali təhsil müəssisəsində təhsil bakalavr (3-4 il), magistr (2-5 il) və doktorantura (3-5 il) tədris proqramları üzrə stasionar, qiyabi və ya distant formada aparılır. Sahibkarlıq fakültəsi həmçinin MBA (Master of Business Administration) beynəlxalq proqramı üzrə təhsil təklif edir, bəzi fakultələr FEANI Avropa Federasiyasının Xalq Mühəndislik assosiasiyalarının akkreditasiyasını alıb.
Abituriyentlər üçün tələblər və daxil olma qaydaları müxtəlif fakültələr üzrə fərqlidir, amma bir neçə ümumi qayda mövcuddur:
Orta məktəbi əla qiymətlərlə bitirən abituriyentlər bəzi fakültələrə qəbul imtahanı vermədən daxil ola bilərlər. Qəbul imtahanlarında biliklərin yoxlanılması test üsulu ilə aparılır.
Texniki universitetin əksər fakultələri açıq qapı günləri keçirir. Bu zaman abituriyentlər fakültənin fəaliyyəti və təhsil prosesi ilə daha ətraflı tanış ola bilərlər.
Universitetin nəzdində hazırlıq kursları təşkil edilir. Abituriyentlər həmçinin universitetin saytında qəbul imtahanlarının nümunələrini tapa bilərlər.
Abituriyentin yaradıcılıq qabiliyyətlərinin yoxlanılması arxitektura fakultəsinə və təsviri incəsənət fakultəsinə qəbul imtahanlarının bir hissəsini təşkil edir.
Brno Texniki Universitetində 8 fakültə fəaliyyət göstərir:
Elektrotexnika və rabitə texnologiyaları fakültəsində avtomatlaşdırma və ölçü texnikası, elektrotexnika, mikroelektronika və texnologiyalar, teleinformatika, elektrotexnika istehsalı və idarəetmə, kibernetika, avtomatlaşdırma və ölçülər, biotibb və ekoloji mühəndislik, elektronika və radio kommunikasiya ixtisasları tədris olunur.
İnformasiya texnologiyaları fakültəsində informasiya texnologiyaları, hesablama texnikası və informatika, informasiya sistemləri, intellektual sistemlər, kompüter sistemləri və şəbəkələr, kompüter qrafikası və multimedia, kibernetika və informatika ixtisasları üzrə peşəkar kadrlar hazırlanır.
Sahibkarlıq fakültəsində vergi, müəssisənin idarə edilməsi və iqtisadiyyatı, sahibkarlıqda maliyyə və ticarət üzrə tədris həyata keçirilir.
İnşaat fakültəsində yerüstü tikinti, inşaat material mühəndisliyi, konstruksiya və yol tikintisi, su konstruksiyalarının tikintisi və su təchizatı, geodeziya və kartoqrafiya, tikinti iqtisadiyyatı və idarə etmə ixtisasları fəaliyyət göstərir.
Maşın mühəndisliyi fakültəsində maşın texnologiyaları, energetika və proses avadanlıqı, maşınların və avadanlığın qurulması, aviatəminat, tətbiqi informatika və idarə etmə, material mühəndisliyi, maşınqayırma, maşın mühəndisliyi, maşınqayırmada sənaye dizaynı, fizika mühəndisliyi, sənaye maşınlarının və avadanlığın qurulması, sənayedə maşın texnologiyaları və idarəetmə istiqamətləri tədrisin əsasını təşkil edir. Bununla yanaşı, sözügedən fakültədə dəqiq mexanika və optika, konstruktiv və proses mühəndisliyi, istilik və nüvə elektrik stansiyaları üçün avadanlıq, hidravlik və pnevmatik avadanlıq, əkinçilik üçün inşaat avadanlığı,qaynaq texnologiyaları, nəqliyyat texnikası, tikintidə sənaye dizaynı, tətbiqi mexanika, tətbiqi texniki ekologiya, informatika və avtomatlaşdırma mühəndisliyi, keyfiyyəti idarə etmə, orta məktəbdə riyaziyyat və mexanikanın tədrisi, texniki kibernetika, riyazi mühəndislik ixtisasları mövcuddur.
Arxitektura fakültəsi arxitektura və urbanistika ixtisaslarını əhatə edir.
Təsviri incəsənət fakültəsində rəsm, heykəltəraşlıq, qrafika, qrafik dizayn, konseptual tendensiyalar, video və multimedia,sənaye dizaynı üzrə mütəxəssis hazırlığı həyata keçirilir.
Kimya fakültəsi texniki kimya, məişət kimyası, materiallar kimyası, kimya və ətraf mühitin müdafiəsi texnologiyaları, qida kimyası və biotexnologiyalar, makromolekulyar kimya, material mühəndisliyi, ətraf mühit kimyası, fiziki kimya üzrə mütəxəssislər hazırlayır.
Təhsil prosesini mühazirələr, seminarlar, layihələr, tapşırıqlar, konsultasiyalar, ixtisas üzrə təcrübə, ekskursiyalar və tələbənin sərbəst işi təşkil edir. Beynəlxalq mübadilə proqramları çərçivəsində təlim kursunun bir hissəsi universitetin əməkdaşlıq etdiyi xarici universitetlərdə keçirilə bilir.
İnşaat, informasiya texnologiyaları, elektrotexnika və rabitə fakültələrinin bəzi ixtisasları ingilis dilində keçirilir. Digər fakültələrdə ayrı-ayrı predmetlərin öyrənilməsi xarici dildə həyata keçirilir.
Tələbələr istəklərindən asılı olaraq tədris olunan predmetlərin kombinasiyasını seçmək imkanına malikdir. Tədris ili qış və yay semestrindən, hər semestrdə, bir qayda olaraq, 14 həftə təhsil və 5 həftə sessiyadan ibarətdir.
Tələbələr üçün əlavə imkanlar TEMPUS, Socrates/Erasmus, Socrates/Grundtvig, Leonardo, CEEPUS və digər tələbə mübadiləsi proqramlarında və beynəlxalq əməkdaşlığın başqa layihələrində texniki universitetin aktiv iştirakı nəticəsində yaradılıb.
Qeyd edək ki, texniki universitet təhsilin Avropa tələblərinə uyğunluğunu təsdiq edən Diploma Supplement Label Avropa Komissiyasının nüfuzlu sertifikatını almış ali məktəblər sırasına daxil olub.
Ali məktəbdə elmi-tədqiqat fəaliyyətinə xüsusi önəm verilir. Universitetdə dövlət və beynəlxalq təşkilatlar və agentliklər tərəfindən dəstəklənən, həmçinin milli sənaye və xarici müəssisələrin təşəbbüsü (Škoda Auto, IBM, ABB, Philips, Flextronics və s.) ilə çoxsaylı tədqiqat işləri yerinə yetirilir.
Brno Texniki Universiteti Aviasiya və Kosmik Tədqiqatlar Mərkəzi, Maşınqayırma İstehsal Texnikası və Texnologiyaları Mərkəzi, Tətbiqi Kibernetikanın Tədqiqat Mərkəzi kimi bir sıra elmi mərkəzlərin işində yaxından iştirak edir.