Buxa Noyon Babay — Buryat mifologiyasının personajlarından biridir.
Bəzi əfsanələrə görə Boxo Muya (Qərb tanrısı Zayan Saqan Tenqrinin oğlu) Boxo Teli (şərq tanrısı Xamxir Boqdo Tenqrinin oğlu) ilə dava salmış, nəticədə hər ikisi dünyaya düşərək öküzə çevrilmişlər. Boxo Muya boz öküz Buxa Noyon Babaya, Boxo teli isə bəzəkli öküz Tarlan Exen Buxaya çevrilmişdi. Onlar dünyada bir birlərini izləyərək Baykal gölünün ətrafında Tayji xanın mülkündə, bir-birilərilə buynuzlaşmağa başlamışlar. Tayji xanın qızı onları qovmuş, ancaq Buxa Noyon Babayın baxışından və ya böyürməsindən hamilə qalmışdır. Bulaqatların əfsanəsinə görə bu hamiləlikdən bir oğlan olmuş, Buxa Noyon Babay onu öz oğlu kimi qəbul edərək uca dağda yerləşən dəmir beşikdə yedirdərək saxlamışdır. Uşağı olmayan iki şaman qadın Asıxan və Xosıxan Buxa Noyon Babaya xüsusi qurbanvermə mərasimi təşkil edərək, bu uşağı ondan almış və ona Bulaqat Buxa Doroqxo Olokson (Öküz altından tapılmış Bulaqat) adı vermişlər. Bulaqat tayfası onun nəslindən əmələ gəlmişdir.
Exiritlərin əfsanəsinə görə Tayji xanın qızı əkiz oğlanları dünyaya gətirmişdi. Bu oğullardan biri Baykal gölü ətrafında yaşayırdı. Bulaqat böyüyüyb Baykal gölünün ətrafına getdikdə orada əkiz qardaşı ilə qarşılaşmışdır. Şaman qadın Asıxan Buxa Noyon Babayın bu oğlunu da ələ keçirərək adını Exirit qoymuş və exiritlər tayfası ondan törəmişdir.
Boz öküz Buxa Noyon Babayla bəzəkli öküz Tarlan Exen Buxanın mübarizəsi haqqında olan əfsanə folklorçular tərəfindən iki nəslin mücadilıəsi, və ya gecə ilə gündüzün mücadiləsi şəkildə izah edilir. Son halda Buxa Noyon Babay gündüzü, onun rəqibi Tarlan Exen Buxa gecəni təmsil edir. Buryatların şaman panteonunda Buxa Noyon Babay Esege Malan Tenqrinin oğludur. Onun oğulları olan edzenlər bir sıra məkanın sahibləridir. Buxa Noyon Babaya ibadət xüsusi məknalrda həyata keçirilirdi. Buryatiyada dövrümüzə onun adı ilə adlanmış iki dağ (bunlardan biri Tunkin, ikincisi isə Zakamenski rayonunda yerləşir) qalmışdır. Lamaizmin yayılması ilə o, Rinçin-xam adı ilə onların panteonuna daxil edildi. Pravoslavlıq bölgəyə gəldikdən sonra Buxa Noyon Babay Müqəddəs Pafnuti ilə eyniləşdirilmişdir. XX əsrədək Buxa Noyon Babay hər üç dində (lamaizm, şamanizm və pravoslavlıqda) ibadət obyekti olaraq qalmağa davam edirdi. O, həmçinin Şimali Monqolustanda da tanınırdı.