Buzqıran, Buzqıran gəmi — buz bağlayan sularda gəmilərə yol açan, onları buzdan çıxaran, həmçinin naviqasiya rejimini saxlayan və onun müddətini uzadan gəmi. İlk buzqıran gəmi Rusiyanın 60 a.q. gücündə olan Paylot buxar gəmisi olmuşdur. Həmin gəmi 1864-cü ildə istismara verilib.
Buzqıran | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Buzqıran gəminin çay, göl, dəniz və okeanların buz örtüyünü parçalayaraq, başqa gəmilərin üzməsinə imkan yaradan, onlara lazımi köməklik göstərən yardımçı gəmi və donmuş sularda sərbəst üzə bilən növləri var.
Buzqıran gəmilərin əsasən aşağdakı növlərindən istifadə olunur.
Çay buzqıran gəmiləri yaz-payız aylarında göllərin, çay portlarının, gəmi təmiri müəssisələrinin akvatoriyalarında istifadə edilir. Dəniz buzqıran gəmiləri dənizlərin, dəniz portlarının buz bağlamış akvatoriyalarının gəmiçiliyə yararlı vəziyyətdə saxlanması və Arktika naviqasiyası üçündür. Buzqıran gəminin gövdəsi adi gəmilərə nisbətən daha möhkəm, burun hissəsi isə sivri olur. Buzqıran gəmi burun hissəsi ilə buzun kənarı üzərinə çıxaraq ağırlıq qüvvəsi ilə onu parçalayır.
Gəminin buzdankeçmə qabiliyyətini yüksəltmək üçün buzqıran gəmilər ballast və different sistemləri ilə, onun buzqıran burun hissəsi bir neçə avar vinti ilə təchiz olunur. Ən güclü buzqıran gəmilər nüvə enerji-güc qurğusu ilə işləyir. Bunlara misal olaraq atom gəmilərini göstərmək olar. Müasir atom buzqıran gəmiləri şimal dənizlərində və Arktika bölgələrində olduqca mürəkkəb buz örtüyü şəraitində naviqasiya müddətini ildə 200–210 günə çatdırmağa imkan verir.