Cümə məscidi — Bərdə şəhərinin mərkəzində yerləşən məscid. 1905-ci ildə tikilmişdir.[1]
Cümə məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Bərdə |
Tikilmə tarixi | 1905 |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | yaxşı |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məscid Bərdə şəhərinin mərkəzində yerləşmişdir. Əsas giriş qapısının üstündə ərəb rəqəmi ilə 1324-cü il tarixi göstərilib (XX əsrin əvvəli). Məscidin kim tərəfindən tikildiyi barədə dəqiq məlumat yoxdur. Bu məscid əsrin əvvəllərindən 1990-cı ilə qədər gübrə anbarı, məktəb və arxiv binası kimi istifadə olunub. Lakin 1990-cı ildən sonra bu məscid yerli sakin Məşədi Ramazanın şəxsi təşəbbüsü və yerli camaatın vəsaiti hesabına təmir etdirilib.[2]
Düzbucaqlı formada olan məscid binası başdan-başa bişmiş kərpiclə işlənib. İbadət zalının sahəsi 14x12 metr, hündürlüyü 5 metrdir. Məscidin minbəri yeddipilləli olub, taxtadan düzəldilmişdir. Mehrabının hündürlüyü isə 2,5 metrdir və tağvari formadadır. Damın örtuyü ağ dəmir təbəqədəndir. Məscidin minarələri də bişmiş kərpicdən olub, damdan ucaldılmışdır (5 metrdir). Minarələr dəyirmi formada olub, qübbəsi ağ dəmir təbəqə ilə işlənib. Məscidin ön tərəfində açıqşəkilli eyvan yerləşib. Məscidin qadınlar şöbəsi birinci və ikinci mərtəbədədir. Ikinci mərtəbənin sahəsi 12x4 metrdir.[2]