Cəbhədən cəbhəyə — Azərbaycanlı məşhur kinorejissor və ssenari müəllifi kimi də tanınmış görkəmli yazıçı Həsən Seyidbəylinin romanı.[1] Əsər Azərbaycan Sovet Ədəbiyyatının incilərindən sayılır. 1961-ci ildə çap olunan kitab Azərbaycan detektivinin şah əsəri də hesab edilir.[2]
Cəbhədən cəbhəyə | |
---|---|
Müəllif | Həsən Seyidbəyli |
Janr | Roman |
Mövzu | Dedektiv |
Orijinalın dili | Azərbaycanca |
Ölkə | Azərbaycan |
Orijinalın nəşr ili | 1961 |
Seriya | “XAN” milli ədəbiyyat |
Nəşriyyat |
Uşaqgəncnəşr (1961) Gənclik (1988) Hədəf Nəşrləri |
Səhifə |
555 (1978) 272 (1988) 372 |
Roman milis işçilərinin çətin, məsuliyyətli işinə həsr olunmuşdur. Əsərdəki hadisələr Böyük Vətən müharibəsi illərində Bakı şəhərində cərəyan edir.
Bu detektiv romanda faşizmə qarşı müharibə illərindən bəhs edilir. Cəbhədən yaralanaraq yarımçıq qayıdan Teymurun Bakıdakı sonrakı həyatı oxucunun gözləri qarşısında canlanır. Dövlət təhlükəsizlik orqanlarında işə girən Teymur dəfələrlə cinayətkarlarla üz-üzə dayanır və qalib gəlir. Əsərin fonunda Teymurun Ləman ilə məhəbbəti əsas planda verilib.
Roman ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1961-ci ildə Uşaqgəncnəşrdə, 1979-cu ildə 555 səhifədə[3], 1988-ci ildə isə 272 səhifədə təkrar nəşr edilib.[4]
Hədəf Nəşrləri tərəfindən “XAN Milli Ədəbiyyat” layihəsi çərçivəsində latın qrafikalı Azərbaycan əlifbası ilə 372 səhifədə 2013, 2017 və 2020-ci illərdə təkrar nəşr edilib.[5]
2010-cu ildə filologiya üzrə fəlsəfə doktoru Baba Babayevin həm də "Cəbhədən-cəbhəyə" əsəri barədə olan Həsən Seyidbəylinin nəsri haqqında ilk tədqiqat əsəri "Həsən Seyidbəylinin bədii nəsri" monoqrafiyası yazıçının 90 illik yubiley tədbirləri ərəfəsində nəşr edilib.[6]
Məhərrəm Zeynal Həsən Seyidbəylidən bəhs edən "O ədəbiyyat üçün çalışırdı" başlıqlı məqaləsində "Cəbhədən cəbhəyə" romanını "kəskinsüjetli nəsr" adlandırır.[7]
"Hədəf” Nəşrləri və "XAN” nəşriyyatının 2015-ci ilin aprel ayı üçün ən çox satılan 30 bədii və tərcümə kitabları arasında 12-ci olub.[8]
2015-ci ilin mayında da Azərbaycanda ən çox satılan kitablardan biri olub.[9]
Hədəf Nəşrləri və “XAN” nəşriyyatının 2015-ci ilin noyabr ayı üçün ən çox satılan 30 bədii və tərcümə kitablarının siyahısında 10-cu olub.[10]
1970-ci ildə ekranlara çıxmış “O, qızı tapın” filminin ssenarisində qismən bu romandan da istifadə olunub.[11]
2012-ci ildə azərbaycanlı rejissor Kənan MM Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” əsərinə film çəkmək istədiyini deyib.[12]