Cəlal Abdullayev (azərb. Cəlal Mehdi oğlu Abdullayev; d. 30 dekabr 1930-cu il, Gürcüstan, Qarayazı rayonu, Nəzərli kəndi — ö. 20 may 2010-cu il, Bakı) — tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), filologiya elmləri doktoru (1974), professor (1976), Əməkdar müəllim (2000).[1][2][3]
Cəlal Abdullayev 30 dekabr 1930-cu il Gürcüstanın Qarayazı (indiki Qaradabani) rayonunun Nəzərli kəndində anadan olmuşdur. Həmin rayonun Kosalı kənd orta məktəbini bitirdikdən sonra 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil almışdır.[1][3][4]
Cəlal Abdullayev əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Azərbaycan sovet ədəbiyyatı tarixi kafedrasında baş laborant kimi başlamışdır. O, aspiranturada təhsilini 1958–1961-ci illərdə almış və müəllim kimi fəaliyyət göstərmişdir.[2] Daha sonra kafedra müdiri vəzifəsinədək yüksəlmişdir.[1][3]
Abdullayev 1979-cu ildən ömrünün axırınadək Bakı Dövlət Univerisitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının müdiri olmuşdur.[2] Professor 1980-ci ildən universitetin böyük elmi şurasına üzv seçilmişdir. O, 1994–2001-ci ildən ixtisaslaşdırılmış doktorluq müdafiəsi şurasının sədri olmuşdur.[1][2][3]
Cəlal Abdullayev Azərbaycan ədəbiyyatında çağdaş ədəbi-nəzəri fikrin, ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafında əvəzsiz xidmətlər göstərib. Zəngin yaradıcılıq irsinə malik olan tədqiqatçının ədəbi-tənqidi axtarışları xalq ədəbiyyatının ilk qaynaqlarından tutmuş çağdaş ədəbiyyatın nəzəri problemlərinə qədər bir çox mühüm problemləri əhatə edib.
Onun tədqiqatlarında Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Firidun bəy Köçərli, Seyid Hüseyn və başqa klassiklərin elmi-nəzəri və ədəbi-bədii irsi bu və ya digər şəkildə araşdırmaya cəlb olunub. Cəlal Abdullayevin elmi axtarışlarının əsas istiqaməti poeziya ilə bağlı olub. Tədqiqatçının poeziyaya həsr olunmuş məqalələrinin bir qismi "Lirika və zaman" (1982) adlı məqalələr toplusuna daxil edilib.
Səməd Vurğun aşiqi olan professor 1962-ci ildə "Səməd Vurğun və folklor" mövzusunda namizədlik işi, 1974-cü ildə isə "Səməd Vurğunun sənətkarlığı" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Cəlal Abdullayevin "Səməd Vurğunun poetikası" (1976), "Səməd Vurğunun sənət dünyası" (1986) monoqrafik tədqiqatları, çoxlu sayda məqalələri görkəmli şairin yaradıcılıq irsinin araşdırılmasına həsr edilib.[1][2][3]
Cəlal Abdullayev 2000–2001-ci illərdə xaricdə çıxan "Araz", "Xudafərin" jurnallarında məqalələri çıxmışdır. Bütün həyatı və elmi fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olan Cəlal Abdullayevin ali məktəblərin humanitar fakültələri üçün hazırlanmış "Azərbaycan sovet ədəbiyyatı" və "Müasir Azərbaycan ədəbiyyatı" dərsliyi xüsusi əhəmiyyət daşıyır.[1]
Cəlal Abdullayev 2010-cu il mayın 20-də Bakı şəhərində dünyasını dəyişmiş, Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.[1]
Cəlal Abdullayev 2000-ci ildə Əməkdar müəlim fəxri adına layiq görülmüşdür.[1][2]