Cənubi Koreyada ali təhsil — Koreya Respublikasında mövcud olan ali təhsil sistemi.
Orta təhsili başa vurmuş məzunlar həm ali məktəblərə, həm də yeniyetmə kolleclərinə müraciət edə bilərlər. Yeniyetmə kolleclərinə qəbul akademik nailiyyətlərə, elmi nailiyyət imtahanına və əsas qəbul imtahanı balına görə müəyyənləşir.
Kolleclərdə təhsil əsasən istehsalat sahələri ilə əlaqəli qurulur və orta səviyyəli ixtisaslı mütəxəssislər hazırlanır. Tələbələrin istehsalat təcrübələrinə göndərilməsi, kollec və sənaye sahələri arasında müştərək tədqiqat, təcrübə və məlumat mübadiləsinin aparılması, müəssisələrin tələb etdiyi kurikulumlara əsasən təhsilin təşkili iqtisadiyyatın inkişafına misilsiz töhfələr verir.
Kollec təhsili müvafiq ixtisas üzrə təhsilin heç də son pilləsi deyil. Belə ki, kollec məzunları təhsillərini universitetlərdə də davam etdirə bilərlər. Onlara 4 illik universitetlərdə, açıq universitetlərdə, media universitetlərində və qiyabi universitetlərdə oxumaq imkanı verilir.
Cənubi Koreyanın ali təhsil müəssisələri sırasına kolleclər və universitetlər, sənaye universitetləri, təhsil universitetləri, yeniyetmə kollecləri, media və qiyabi universitetlər, texniki kolleclər daxildir. Ölkədə 400-dən artıq universitet və müxtəlif ali məktəb fəaliyyət göstərir.
Ali təhsilin əsas məqsədi dərin nəzəri təhsil vermək, nəzəri biliklərin tətbiqini təmin etmək, tələbələri məsuliyyətli və məhsuldar mütəxəssis kimi yetişdirməkdən ibarətdir. Ölkədə ali təhsil müddəti 4-6 il davam edir.
Hökumət universitetlərin müstəqilliyinin artırılması, dövlət təhsil sisteminin tənzimlənməsi, özəl tədris xərclərinin azaldılması məsələlərinə nəzarət edir, tələbələrin seçim proseduru ilə bağlı əsas minimum tələbləri müəyyənləşdirir. Universitetlər təlim nəticələrini, qabiliyyət imtahanlarında toplanmış balları, sertifikatları, tövsiyə məktublarını əsas götürərək tələbə qəbulu aparır. Ali məktəbə qəbul üçün qabiliyyət testləri 5 sahə üzrə təyin olunur. Bu sıraya dil (Koreya dili), riyaziyyat, xarici dil (ingilis dili), ictimai-təbiət elmləri (peşə təlimi) və ikinci xarici dil (Çin dili) daxildir. Görmə qüsurları olan tələbələrə səsli qiymətləndirmə vasitələrindən istifadə edərək imtahan vermək imkanı yaradılır.