Cənubi Koreyada orta təhsil

Cənubi Koreyada orta təhsilKoreya Respublikasında mövcud olan orta təhsil sistemi.

Cənubi Koreyada ibtidai təhsili başa vuran şagirdlər əsas, daha sonra isə orta təhsil ala bilərlər. Əsas və orta təhsil pillələrinin hər biri 3 il davam edir. 2004-cü ildən ölkənin bütün məktəblərində icbari qaydada əsas təhsil tətbiq olunur.

Əsas məktəblərdə ibtidai təhsilin davamı olan standart təhsil verilir. 1969-cu ildən etibarən şagirdlərin əsas məktəblərə qəbulu ilə bağlı heç bir məhdudiyyət qoyulmur.

Orta məktəblərdə tədris prosesi özünəməxsusluğu ilə fərqlənir. Ölkədə ümumi orta, peşə və ixtisaslaşmış orta məktəblər (xarici dil, incəsənət, təbiət təmayüllü) fəaliyyət göstərir.

Əsas təhsil pilləsini bitirənlər orta təhsil almaq hüququna malikdir. Orta təhsilə görə müəyyən olunmuş xərclər şagirdlər tərəfindən ödənilir.

Peşə məktəblərində ümumi orta təhsil və kənd təsərrüfatı, sənaye, kommersiya, balıqçılıq, dənizçilik, iqtisadiyyat sahələri üzrə ixtisaslaşmış kurslar tədris edilir. Şagirdlərə peşə məktəblərini seçmək imkanı verilir. Bu tədris ocaqlarına imtahan və ya əsas təhsil üzrə əldə olunmuş nailiyyətlər əsasında qəbul aparılır. Ümumi orta məktəblərə daxil olmaq istəyən şagirdlər isə yaşadıqları ərazidəki məktəblərin birində oxuya bilərlər.

Ümumi orta məktəblərdə şagirdlər XI sinifdə öz təhsil istiqamətlərini müəyyənləşdirirlər. Bacarıq və maraqlarından asılı olaraq, humanitar-ictimai elmlər, təbiət elmləri və ya peşə təlimi kimi istiqamətləri seçə bilərlər.

Xarici dilin tədris olunduğu orta məktəblər, təbiət elmləri, incəsənət təmayüllü orta təhsil müəssisələri müvafiq sahə üzrə perspektivli və istedadlı şagirdlərin hazırlanması məqsədlərinə xidmət edir. Belə məktəblər hökumətin dəstəyi ilə istedadlı şagirdləri müəyyən edir və onların potensialının maksimum səviyyədə üzə çıxarılmasına imkan yaradır.

Koreyada milli kurikulum təhsilin yeni tələblərini, cəmiyyətin dəyişən ehtiyaclarını və yeni akademik fənlər üzrə meyarları əks etdirmək üçün müntəzəm olaraq yeniləşdirilir. Kurikulum standartları hər bir məktəbdə təhsilin məzmunu və dərsliklərin hazırlanması üçün əsas hesab olunur.

Bütün dərsliklər və müəllimlər üçün vəsaitlər milli kurikulum çərçivəsində hazırlanır. Ölkədə 3 növ dərsliyin istifadəsinə icazə verilir. Bu sıraya müəlliflik hüququ Təhsil, Elm və Texnologiya Nazirliyinə məxsus olan dərsliklər, Təhsil, Elm və Texnologiya Nazirliyi tərəfindən təsdiq edilərək özəl mətbəələr tərəfindən nəşr olunan dərsliklər, Təhsil, Elm və Texnologiya Nazirliyi tərəfindən tanınan dərsliklər.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]