Cərco yemişi — xalq seleksiyası ilə yetişdirilmiş yemiş sortudur[1].
Vətəni Orta Asiya olan bu sort yemişlər Azərbaycanda da qədimdən becərilir[1]. Gecyetişən sort olsa da bostançılığın inkişaf etdiyi bölgələrin çoxunda geniş yayılmışdır[1]. Həmin bölgələrin ekoloji şəraitinin uzunmüddətli təsiri Cərco yemişində müəyyən dəyişiklikləri formalaşdırmışdır[1].
Yaşıl gülabi, qara gülabi və sarı gülabi kimi üç sortu Azərbaycanda ən geniş yayılanlarıdır[1]. Cərco yemişinin tağı uzun, uzunluğu 13 sm, eni 19 sm olan yarpaqları enli, ürəkvarı formada, meyvələri yumurtavarı və uzunsov olur[1]. Hər yemişin kütləsi 8 kq-a çatır[1]. Yaşıl və qara gülabı meyvələrinin səthi hamar, naxışı zəif torludur; tor əsasən saplaqətrafı hissədə olur[1]. Sarı gülabı sortu da naxışsızdır, tor meyvənin bütün səthini əhatə edir[1]. Cərco yemişi çox şirin, qalın, sıx, yapışqanliflidir[1]. Toxumları sarı rəngdə, iri və ensizdir[1].
Bu yemiş sortu təxminən 135–140 günə yetişir[1]. Eyni vaxtda yetişdiyindən məhsul birdəfəlik yığılır[1]. Hər hektardan 30 tona qədər məhsul götürülür[1]. 4–5 ay saxlanmağa və daşınmağa davamlıdır[1].