Canqor — Azərbaycanın yeni ixtira olunmuş simli-mizrablı milli musiqi aləti. Alət 2016-cı ildə ixtiraçı-alim Qorxmaz Əlilicanzadə tərəfindən ixtira edilib.
Canqor Azərbaycan mənşəli sözüdür. İxtiraçı Qorxmaz Əlilicanzadə aləti "Can"- Əlilicanzadə soyadının üç hərfi və "Qor" adının ilk üç hərfinin birləşməsi ilə adlandırıb.
Qorxmaz Əlilicanzadə 2016-cı ildə alətin ixtirası üzərində işlərə başlayıb. Bir neçə variant üzərində təcrübələr apardıqdan sonra 2017-ci ilin yayında alət ərsəyə gəlib. Alətin ilk ustası Rizvan Qurbanovdur. Alət üzərində 1 il axtarış işləri aparılıb. Alət 2017-ci ilin dekabr ayında Xəzər Tv-nin "Xəzər Xəbər" səhər proqramında təqdim olunub. Buna baxmayaraq, ixtiraçı Qorxmaz Əlilicanzadə alətin üzərində təkmilləşdirmə işlərini davam etdirib. 2018-ci ilin noyabr ayında Mədəniyyət telekanalının "Saz söz axşamı" verilişində Məhərrəm Qasımlının təqdimatında Roman Azaflı Canqor alətində musiqi kompazisiyası ifa edərək aləti nümayiş etdirib. 2019-cu ildə isə alətin son variantı ərsəyə gəlib. Alətin sonuncu ustası Vaqif Özbək oğlu Orucovdur.
2019-cu ilin mart ayında Qorxmaz Əlilicanzadə tərəfindən ixtira olunmuş milli musiqi alətlərindən ibarət "Nur" instrumental ansamblı yaradılıb. "Canqor" simli-mizrablı musiqi aləti də bu ansamblın tərkibinə daxil edilib. Alətin ilk ifaçısı Roman Azaflı olub. 2019-cu ilin iyun ayında ARB Tv-nin "Səhər-səhər" proqramında "Nur" milli musiqi alətləri ansamblının təqdimatı olub. Ansamblın konsertmeysteri Mirmöhsün Mirhafiz oğlu Mirmöhsünzadədir. Ansamblın ilk solisti Əli İlham oğlu Səlimovdur.
Bir sıra yerli media orqanlarında ixtiraçının alətləri barədə xəbər mətnləri, məqalələr və köşə yazıları yayımlanıb. Bu məqalələrdə "Canqor" aləti haqqında da məlumat verilir.
İxtira Azərbaycan milli musiqi alətlərinə, xüsusən, mizrablı-simli müsiqi alətləri ailəsinə aiddir.
İxtiranın məqsəd-məramı alətin səs akustikasının mükəmmələşdirilməsi, simlərin həddən ziyadə "cır" səs tembrını yumşaltmaq, alətin kökdən düşmə ehtimalının minimuma endirilməsi, səs diapazonunun genişləndirilməsi, əlavə bəm səslərin artırılması sayəsində ifa imkanlarının genişləndirilməsidir.
Qarşıya qoyulan məsələ onunla həll olunur ki, üzərinə rezonator rolunu oynayan, nazik taxta üzlüklü membran örtülmüş çanaqdan, üst və alt tərəfdən yastı olan və aşağı hissəsi çanağa birləşdirilmiş qoldan, qola bir-birindən müəyyən məsafədə eninə bağlanmış pərdələrdən, qolun yuxarı hissəsinə bərkidilmiş və üzərində aşıxlar yerləşdirilmiş kəllədən, qolun kəllə ilə birləşdiyi yerdə yerləşən kiçik xərəkdən, çanaqda membran üzərində yerləşən böyük xərəkdən, çanağın alt hissəsində yerləşən simgirdən, çanaq və qol üzərində on metal simdən ibarət olan mizrablı-simli musiqi alətində ixtiraya əsasən, rezonator rolunu oynayan membran, hər iki tərəfdən (çanağın üst və alt) yastı, nazik taxta üzlüklə örtülmüşdür, çanaq və kəllə buta milli ornamenti şəklində hazırlanıb, qolun yuxarı — kəllə tərəfdən eni 32 mm, aşağı — çanaq tərəfdən eni isə 42 mm təşkil edir, çanağın gövdəsinin uzunluğu 390 mm, eni 220 mm təşkil edir belə ki, qola müxtəlif rəngli — ton notlar üçün ağ rəngli, yarım ton notlar üçün qara rəngli və komma notlar üçün qırmızı rəngli olmaqla, ümumilikdə iyirmi üç pərdə bağlanmışdır, bu zaman metal simlər — dörd ağ nazik sim, iki fərqli sim və dörd ağ kök simlərdən ibarətdir. Aşıxlar metaldan, rezonator rolunu oynayan membran isə nazik taxta üzlüklü olub üzərində 3 (üç) müxtəlif ölçüdə naxışlar açılmaqla hazırlanmşdır.
"Canqor" mizrablı-simli musiqi alətinin çanaq və kəlləsinin Azərbaycanın ənənəvi milli atributu olan buta şəklində hazırlanması alətin yalnız Azərbaycana məxsus olduğunu və milliyini qorunması məqsədini daşımaqla, həmçinin, buta formalı çanaq alətin səs akustikasının xeyli mükəmməlləşməsinə səbəb olmuşdur.
"Canqor" simli alətin qolunun ölçülərində edilmiş dəyişiklik, yəni, qolun yuxarı — kəllə tərəfdən eni 32 mm, aşağı — çanaq tərəfdən eni isə 42 mm təşkil etməsi ilə, bu ölçülü qolda 10 (on) sim qolun üzərinə oturdulub. Yeddinci, səkkizinci, doqquzuncu simlərin fa (ifa olan musiqi əsərə görə sol tonallığına köklənə bilər) və do tonallığına köklənməsi, əlavə bəm səslərə nail olunmuşdur. (Klassik sazda bəm səsli tebr olmur). 10(on) simin hamısı azərbaycan və anadollu bağlama saz havalarının, muğamın, təsnif, xalq və bəstəkar əsərlərinin ifasında lazımı səviyyədə istifadə olunmasına kömək edir.
Alətin qolunda müxtəlif rəngli — ton notlar üçün ağ rəngli, yarım tonlar üçün qara rəngli və komma notlar üçün qırmızı rəngli olmaqla, ümumilikdə 23(iyirmi üç) pərdə bağlanması alətin səs diapazonunu genişlənməsinə səbəb olmuşdur.
Kəllənin buta şəklində olması və aşıxların metaldan (dəmirdən) hazırlanması sayəsində alət rahat və tez köklənir, həm də simlərin taxılıb — dəyişdirilməsində, az vaxt sərf etməklə, xeyli rahatlıq yaradır, bundan əlavə simli alət not-köklərini sabit saxlayır, kökdən düşmə ehtimalı minimuma endirilir.
Alətin çanağının bütöv bir hissədən olması və üzərində 3 (üç) müxtətəlif ölçüdə naxışlar açılması və bu yolla, alətin səs tembrının yumşalmasına, üstəlik xüsusi bir "exo" əldə olunmasına nail olunub.
Məlum sazda, simlərin say düzülüşü 3–2–3-dür. İxtirada isə, simlərin düzülüşü 2-2-2-2-2-dir. Məlum sazda, birinci, üç ağ nazik simlərin yerinə iki nazik ağ sim bağlanıb, ikinci cüt ağ simlər (fərqli simlər) bağlanılıb. Növbəti ardıcıllıqda üç ağ simlərin əvəzinə iki (bir ağ nazik sim və bir ağ kök) sim bağlanıb, dördüncü iki (bir ağ nazik sim və bir ağ kök) sim, növbəti beşinci cütlükdə iki (bir ağ nazik sim və bir ağ kök) sim əlavə olunub. Sazda bu simlər yoxdur. Bu yeni simlərin sayəsində yeni səs tembri əldə edilib. Bu minvalla "Canqor" simli alətində zil, orta və bəm səsləri səsləndirmək imkanı əldə olunub.
İxtirada köklənmə sistemi: "re", mi", "do" məlum sazın köklənmə sistemindən ("re", mi", "do", "fa", "do") fərqlidir. Bundan əlavə "do", "sol", "re", "lya", "mi" kvarta sistemi ilə köklənir. Belə köklənmə milli müasir musiqi alətləri ilə (əlbuta, qorbuta, canbuta) birgə ansambl tərkibində səslənməyə imkan yaradır. Alət dünya klassik tonallığa köklənmişdir.
"Canqor" simli alətlində aşıq havaları, muğam, xalq mahnıları, təsnif, rəng, dəraməd və milli bəstəkarların əsərləri ilə bərabər Avropa kompozitorlarının əsərlərini də ifa etmək mümkün olacaq.
"Canqor" mizrablı-simli müsiqi aləti ifaçılar üçün əlavə ifaçılıq imkanları yaradır. Əsasən, ifaçının muğam və xalq mahnılarının ifası zamanı müxtəlif, yeni çalarlar və geniş səs diapazonları yaranır. Bu alət muğam ifaçılarını tar səviyyəsində, amma fərqli və rəngarəng səs tembrləri ilə müaşiyət edə bilər.
1. https://www.youtube.com/watch?v=7XeRsLOB-uo
2. https://www.youtube.com/watch?v=IcQtU8NkFpg
3. https://www.youtube.com/watch?v=Jl-ur5DzLyg
4. https://sputnik.az/culture/20190706/421023526/qorxmaz-elilinin-ixtira-etdiyi-musiqi-aletleri.html