Carçı — keçmişdə bəzi Şərq ölkələrində, o cümlədən Azərbaycanda, şəhər və böyük kəndlərin müxtəlif məhəllələrində yüksək səslə car çəkərək əhalini mühüm hadisələrdən agah edən, zəruri məsələləri nəzərə çatdıran şəxs.[1]
Səfəvilər dövründə carçı mülki və hərbi vəzifə olmuşdur. Carçılar carçıbaşının rəhbərliyi altında fəaliyyət göstərirdilər. Divanda çalışan carçılar "divan carçıları", hərbi xidmətdə topçubaşının tabeliyində olanlar isə "topxana carçıları" adlanırdı. Divan carçılarına vəzir başçılıq edirdi. Nadir şahın dövründə (1736–1747) orduda xüsusi carçılar dəstəsi var idi.