Kərəyday[1], Kerabetay[2], daha çox tanqut titulu olan Cax-Qambu adı ilə tanınırdı (Çaxa-Qambu, Cakambu; monq. Жаха Хамбу XII əsr – XIII əsr) — bir çox mənbələrdə Van Xan kimi də tanınan Kereit xanı Toğrul xanın kiçik qardaşı. Toğrulun nəvələri kimi Cax-Qambunun nəvələri də Monqol İmperiyasının tarixində mühüm rol oynamışdır. Belə ki, onun kiçik qızı Sörköktəni Çingiz xanın kiçik oğlu Toluy xanla evlənmişdi; onların 4 oğlu Monqol İmperiyasının tarixində özlərinə məxsus iz qoymuşdur. Onlardan Münke və Xubilay müxtəlif vaxtlarda Monqol İmperiyasının xanları oldu. Hülakü Cənub-Qərbi Asiyada Elxanilər dövlətinin banisi və ilk xanı oldu. Arıq Buğa isə qardaşı Xubilayla Monqol xanı olmaq uğrunda mübarizə apardı. Cax-Qambunun digər qızı Biktutmuş-fucin isə Çingiz xanın böyük oğlu Cuçinin xanımı idi.
Cax-Qambu | |
---|---|
monq. Жаха Хамбу | |
Doğum tarixi | XII əsr |
Vəfat tarixi | XIII əsr |
Vəfat səbəbi | döyüşdə ölüm |
Uşaqları |
Toğrulla yanaşı, Cax-Qambunun Ərkə-Hara, Tay-Timur-Tayşi və Buğa-Timur adlı qardaşları da vardı. Ataları Hurcakus Buyuruq xanın ölümündən sonra, Toğrul ölkə sərhədlərini mərkəzi hakimiyyətə tabe etmək üçün sərhəd zonasına göndərildi. Bundan istifadə edən Tay-Timur-Tayşi və Buğa-Timur atalarının taxtını ələ keçirdilər. Toğrul geri dönərək qardaşlarını öldürüb, Kereit taxtına oturaraq xan seçildi. Ərkə-Hara qaçaraq nayman qəbiləsinə sığındı, onların yardımı ilə qısa müddətə də olsa hakimiyyəti ələ keçirdi. Toğrul yalnız monqol lideri Yesugey bahadurun (Çingiz xanın atası) köməyi ilə hakimiyyətini bərpa etməyə müvəffəq oldu.