Ceyhun Nağıyev (d. 1972 – ö. 2011) — Həftə içi qəzetinin sabiq redaktoru, əmək fəaliyyəti dövründə müxtəlif mətbuat orqanlarında çalışmış azərbaycanlı jurnalist.
Ceyhun Nağıyev | |
---|---|
Nağıyev Ceyhun Aşır oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Düz Cırdaxan, Tovuz |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Bakı |
Vəfat səbəbi | ürək infarktı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Alman dili filologiyası |
Təhsili | Azərbaycan Dillər Universiteti |
Fəaliyyəti | Həftə içi qəzetinin redaktoru |
Fəaliyyət illəri | 1996–2010 |
[Ceyhun Nağı (facebook hesabı) |
Ceyhun Aşır oğlu Nağıyev 1972-ci il 7 oktyabr tarixində Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub. 1982-ci ildə orta məktəb təhsilini davam etdirmək üçün Bozalqanlı orta məktəbində təhsil almış və 1989-cu ildə isə həmin məktəbi bitirmişdir. Ceyhun Nağıyev, 1988-ci ildə Neft Akademiyasının məktəblərarası keçirdiyi Kimya olimpiyadasında II yer, 1989-cu ildə isə I yer tutmuşdur. Orta məktəbdən məzun olduğu il ali məktəbə daxil ola bilməyən jurnalist 1991-ci ildə hərbi xidmətə yollanır. Ceyhun Nağının hərbi xidməti SSRİ imperiyasının dağılması illərinə təsadüf etdiyindən o, iki ölkənin ordusunda xidmət keçməli olur.
Sovet ordusu tərkibində Krasnodar şəhərində hərbi xidmət keçdiyi müddət də imperiyanın dağılması səbəbindən Gəncə şəhərinə göndərilir və yerdə qalan xidmətini burada Azərbaycan ordusunun tərkibində tamamlayır. Hərbi xidmətdən sonra bir necə dəfə Azərbaycan Tibb Universitetinə sənəd versə də, qəbul ola bilmir. 1995-ci ildə həkim olmaq fikrindən daşınan Ceyhun Nağı həmin il Azərbaycan Dillər Universitetinə sənəd verir və hazırlıq bölməsinə qəbul olur.
Bir il təhsil aldıqdan sonra isə universitetin Alman dili filologiyası fakültəsində təhsil almaq şansını qazanır. Azərbaycan Dillər Universitetində təhsil aldığı illər Ceyhun Nağının jurnalistika sahəsinə addım atdığı ilk illərdir. Bu dövrdən etibarən jurnalistika fəaliyyətini genişləndirməklə yanaşı Həftə içi, Alma və Bizim yol kimi qəzetlərlə əməkdaşlıq etməyə başlamışdır.
1998-ci ildə Ana Vətən Partiyasının mətbuat xidmətində çalışmağa başlayır. Fəaliyyətinin bu dövrü tələbə olduğu vaxta təsadüf etdiyindən həm dərsə getmək, həm də işləmək məcburiyyətində qalmışdır. Ceyhun Nağı 2001-ci ildə təhsil aldığı Azərbaycan Dillər Universitetini bitirmişdir.
Bu illərdə Ana Vətən Partiyasından istefa verərək, Müsavat Partiyasına keçir. Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbuat orqanı olan Yeni Müsavat qəzetində işləməyə başlamasıda bu dönəmə təsadüf edir. Ceyhun Nağının Yeni Müsavat qəzetində muxbirlik fəaliyyəti uzun sürmür, tezliklə Aydınlıq qəzetində muxbirlik işinə başlayır.
Aydınlıq qəzeti bağlandıqdan sonra işsiz qalan jurnalist gündəlik gəlirini təmin etmək üçün müxtəlif qəzetlərdə kiçik maaşla işləməyə məcbur olur. Alma, Azərbaycan naminə, Bizim Yol kimi mətbuat orqanları jurnalistin çalışdığı mətbuat orqanları sırasındadır. Jurnalistika fəaliyyətinin sonrakı dönəmində Gündəlik Azərbaycan qəzetində, ANS-PRESS Nəşriyyat Evinin təsisçisi olduğu Hesabat jurnalında və daha sonra isə ANS Pressdə çalışmışdır. Ceyhun Nağının son iş yeri redaktoru olduğu Həftə içi qəzeti olmuşdur.
Ceyhun Nağı əmək fəaliyyəti boyunca azərbaycanlı jurnalist, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru Məmməd Nazimoğludan örnək götürdüyünü və onun məktəbini keçdiyini bildirmişdir. 2002-ci ilin 18 oktyabr tarixində ailə həyat quran Ceyhun Nağı, 2011-ci ilin 10 avqust tarixində ürək tutmasından 39 yaşında vəfat etmişdir. Mərhum jurnalistin Zəhra adlı bir qız övladı yadigar qalıb.
Vəfatından bir necə gün öncə facebook sosial şəbəkəsindəki hesabından paylaşdığı şeir marağa səbəb olmuşdur:
Mən öləndə yağış yernən, buludlar göynən ağlasın. dirimə ağlayan anam, ölümə eynən ağlasın. |
Jurnalistin vəfatından sonra ədəbiyyat xadimi Salam Sarvan tərəfindən yazılmış Son itkim şeirindən:
Dərd verdinsə, çəkiləcək – buna şübhən olmasın – noolsun bir az ağırdı və noolsun ağrıdı. Yalandır ki, guya zaman hər yaranı sağaldır – zaman məlhəm deyil, qardaş, olsa-olsa sarğıdı. |