Ceyrançöl alçaq dağlığı Azərbaycanın intensiv kənd təsərrüfatının həm əkinçilik, həm də heyvandarlığın inkişaf etdiyi regionlardan biridir. Tədqiq olunan ərazi Azərbaycanın qış otlaqları içərisində özünün əlverişli iqlimi, zəngin bioloji məhsuldarlığı ilə fərqlənir. Ceyrançöl alçaq dağlığında landşaft tədqiqatları M. Ə. Süleymanov (1965), A. A. Mikayılov (1982) M. A. Müseyibov, M. Ə. Süleymanov (1975). M. C. İsmayılov, E. Ş. Məmmədbəyov (2015) və b. tərəfindən aparılmışdır. Bu tədqiqatlar əsasən ərazinin təbii landşaftlarının öyrənilməsinə və relyefin landşaftların formalaşmasına təsiri istiqamətində olmuşdur. Son 50–60 il ərzində Ceyrançölün təbii komplekslərindən səmərəsiz istifadə nəticəsində arid meşə və kolluqlar, tuqay meşə ekosistemləri, müxtəlifotlu quru çöllər geniş sahədə deqradasiya uğramış, səhralaşma, xətti və sahəvi eroziya güclənmiş və geosistemlərinin təbii ehtiyat potensialı kəskin şəkildə pozulmuşdur. Ərazidə kənd təsərrüfatının davamlı inkişafına nail olmaq üçün landşaft tədqiqatları əsasında kompleks ekoloji qiymətləndirilmə aparılması vacib şərtlərdən biridir. Ceyrançöl alçaq dağlığının arid landşaftlarının formalaşması, onların struktur-genetik xüsusiyyətləri və inkişaf meyllərinin müəyyən olunması, bu əsasda landşaftların antropogen təsirlər nəticəsində transformasiyası, onlardan istifadənin optimallaşdırılması, ekoloji cəhətdən davamlı geosistemlərin formalaşması yollarının müəyyən olunması tədqiqatın əsas məqsədidir. Ceyrançöl alçaq dağlığı kənd təsərrüfatında geniş istifadə olunan və ən məhsuldar yerlərdən olduğundan ərazinin təbii ehtiyat potensialının öyrənilməsi və qiymətləndirilməsi qarşıya qoyulan ən mühüm məqsədlərdən biridir. Landşaftların ekoloji potensialı anlayışı elmi ədəbiyyata hələ XXəsrin ortalarından gəlmişdir. İlk dəfə olaraq bu anlayışı fiziki coğrafiya sahəsində N. A. Solnsev işlətmişdir. O, özünün "Təbii coğrafi landşaft və onun bəzi ümumi qanunauyğunluqları" (1948) əsərində qeyd edir ki, " hər bir landşaftda təbii halda mövcud olan daxili imkanları biz coğraflar düzgün təyin edib və qiymətləndirməliyik".[1][2]