Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əkinçilik — insanların səmərəsindən faydalandığı bitkilərin becərilməsində məhsuldarlığın yüksəldilməsi, sabit məhsul almağa istiqamətli, əhəmiyyətli bir fəaliyyət növü.
Azərbaycanda təxminən e.ə. IV minillikdən başlayaraq Neolit dövrünü Tunc dövrü əvəz edir. Bu dövr təxminən iki min il davam edərək e.ə. I minilliyin başlanğıcında sona çatır, həmin dövr təkcə tuncun geniş istehsalı ilə deyil, eyni zamanda ictimai münasibətlərin və kənd təsərrüfatının inkişafı ilə də səciyyələnirdi.
Tunc dövründən etibarən toxa əkinçiliyindən cüt əkinçiliyinə keçid başlanmışdı. Bununla da əkinçilik təsərrüfatında aparıcı üstün rol kişilərin əlinə keçmiş, belə ki, təsərrüfatın xarakterində baş verən dəyişiklik bu sahədə qadın əməyinin rolunun gözə çarpacaq dərəcədə azalmasına səbəb olmuşdur.
Cütün meydana gəlməsi əkin sahələrinin daha geniş istifadə edilməsinə əlverişli imkan yaratdı, bununla əlaqədar bir sıra əkinçilik sistemləri əmələ gəldi və inkişaf etdi. Əkinçilikdə işlədilən tunc alətlər xeyli təkmilləşdi və çoxaldı, lakin Fridrix Engelsin dediyi kimi, tunc daş alətləri tamamilə sıxışdırıb aradan çıxara bilmədi. Bu işi dəmir həyata keçirdi.
Azərbaycanda dəmirin meydana çıxması və geniş inkişafı təkcə iqtisadi həyatda deyil, ictimai quruluşun özündə də köklü dəyişikliklərə səbəb olmuşdu.
Əkin sahəsində məhsul artımı ucun əsas şərt torpağın nisbətən keyfiyyətli şumlanmasından asılı olmşdur. Azərbaycanda şumlamada xışların qoşqu heyvanlar vasitəsilə işlədilməsi və taxıl doyumundə vəllərin geniş istifadəsi bu baxımdan boyuk əhəmiyyət kəsb edir.
Orta əsrlərdə ağır və ya qara kotan deyilən daha təkmil şum alətinin Azərbaycanda istifadə edilməsi dövrünə görə ən mühüm ixtiralardan sayılır. XII əsrin sonu və XIII əsrin əvvəllərinə aid irihəcmli gavahının Beyləqandan tapılması qara kotanın tarixinin öyrənilməsində mühüm rol oynayır.
Azərbaycanın əkinçilik üçün yararlı olan torpaqlarında taxıl zəmilərinin becərilməsi o qədər də zəhmət tələb etmirdi. Ona elə böyük ehtiyac da duyulmurdu. Bu, hər şeydən əvvəl, torpağın məhsuldarlığı ilə əlaqədardır. Bu baxımdan böyük Nizami Gəncəvinin fikri maraqlı və daha xarakterikdir:
Biz əkin zamanı səpib zəmini, Həqqə tapşırırıq sonra əkini, Altı ay olarıq əkindən uzaq, Bir də biçin vaxtı biçirik ancaq Belə əkdiyimiz zəmilərdən düz Bol məhsul alırıq birə yeddi yüz.
XIX əsrin əvvəllərindən etibarən Azərbaycanın taxılçılıqla məşğul olan bütün rayonlarında dənli bitkilərin əkin sahəsi xeyli genişləndirilmiş və bununla da taxıl məhsulunun ümumi yığımı artmışdır. Buğda və arpa (bitki) dənli bitkilər içərisində öz əkin sahəsinə və məhsul yığımına görə yenə də əsas yeri tuturdu.
Həmin dövrdən Azərbaycanda becərilməyə başlayan qarğıdalı bitkisi ilk vaxtlar əsasən bostan bitkiləri ilə birlikdə qarışıq əkilərdi, lakin daha sonralar bu bitki geniş sahələrdə ayrılıqda becərilmişdir. Qarğıdalı bitkisi taxılçılıq təsərrüfatında öz əkin sahəsinə görə geniş yayıla bilməmişdir, lakin yerli əhali onu az və ya çox halda kiçik və ya böyük sahələrdə becərərək yüksək məhsuldarlığına görə həmişə qiymətləndirmişdir. Ona görə də bu bitki xalq arasında "peyğəmbər buğdası" adlanmışdır.
Ümumiyyətlə, XIX əsrin son onilliklərində Azərbaycanda istehsal olunan taxıl məhsulları yerli əhalinin çörəyə olan ehtiyacını tam ödəyirdi. Həmin illərdə başqa yerlərdən ölkəyə satış üçün heç vaxt taxıl gətirilməmişdir. Əksinə, həmin dövrdə ölkədə istehsal olunan taxıl satışa çıxarılaraq İrana, Gürcüstana, Rusiyaya və hətta Avropa ölkələrinə də göndərilirdi.
Zəngin və çoxəsrlik təcrübəyə malik olan Azərbaycan taxılçıları özlərinin ənənəvi əmək vərdişlərini davam etdirməklə, onu nəsillərdən-nəsillərə verirdilər. Onlar əkinçilikdə məhsuldarlığın yüksəldilməsinə səbəb olan amil və səbəbləri öyrənməklə belə, öz bilik və vərdişlərini artıraraq sabit məhsul almağa çalışırdılar. Hətta onların nümayəndələri ölkə və ümumdünya kənd təsərrüfatı sərgilərində cəsarətlə iştirak edərək mükafata layiq fəxri yerləri də tutmuşdular.