Dözümlülük və ya Şelford qanunu

1913-cü ildə isveçrəli botanik V. E. Şelford kəşf etmişdir ki, müəyyən yerdə hər hansı canlının ləng inkişaf etməsinə səbəb ətraf mühit faktorlarının təkcə çatışmazlığı deyil, həm də artıqlığıdır. Ona görə də orqanizmin ətraf mühitdən tələbi iki şərtlə ölçülür: a)minimal ekoloji tələb, b) maksimal ekoloji tələb. Bu iki tələb arasındakı şərait orqanizmin dözümlülük həddi adlanır. Hər bir faktorun təsirinə qarşı orqanizimdə müəyyən dözümlülük həddi əmələ gəlir. Deməli faktorun orqanizmə təsiri nə az, nə də çox deyil optimal olmalıdır.

Dözümlülük həddi konsepsiyası biosferlə insanın əlaqəsini optimallaşdırmaq üçün vacibdir. Ona görə ki, bu işdə həlledici rol oynayan çox vaxt antropogen faktor olur. Canlıların dözümlülük həddi ilə əlaqədar bir neçə ekoloji qanunauyğunluq müəyyən edilmişdir:

  1. Canlıların dözümlülük həddi bir faktora qarşı geniş, başqa faktora qarşı məhdud ola bilər.
  2. Arealı geniş olan növlər bir neçə faktora qarşı dözümlü olur.
  3. Ətraf mühitdən canlıya təsir edən hər hansı ekoloji faktor optimal olmayanda, onun digər ekoloji faktorlara da dözümlülük həddi məhdudlaşır.
  4. Laboratoriya şəraitində əsas rol oynayan ekoloji faktor (məsələn, işıq) təbiətdə rəqabətin, yırtıcıların, parazitlərin və başqa faktorların təsiri altına düşüb ikinci dərəcəli ola bilər. Deməli təbiətdə faktorların təsiri bir-birindən asılıdır.
  5. Orqanizmin dözümlülük həddi onun inkişaf mərhələsindən və yaşından asılı olaraq dəyişə bilər. Subay fərdlərin dözümlülük həddi nəsil verənlərə nisbətən geniş olur. Konkret növ canlının dözümlülük həddini bildirmək üçün steno (dar) və evri (geniş) sözlərindən istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Mustafayev Q. T. Ekologiyadan konspekt. Bakı, Şərq-Qərb,1993, 184 s.