Dünya Humanitar Sammiti[1] (DHS; ing. World Humanitarian Summit) — Birləşmiş Millətlər Təşkilatı tərəfindən 23 və 24 may 2016-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş sammit.[2] Sammit Birləşmiş Millətlər Təşkilatının Baş katibi Pan Gi Munun[3] təşəbbüsü olmuş və Birləşmiş Millətlər Təşkilatı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (BMT HMƏO) tərəfindən təşkil edilmişdir.
Dünya Humanitar Sammiti | |
---|---|
worldhumanitariansummit.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Pan Gi Mun 2012-ci ilin yanvarında açıqladığı beş illik fəaliyyət gündəliyində daha qlobal, hesabatlı və möhkəm humanitar sistem inkişaf etdirmək planını ortaya qoymuşdur. Onun gündəliyinin əsas aspekti "humanitar fəaliyyətlə məşğul olan geniş spektrli təşkilatlar arasında biliklərin mübadiləsinə və ümumi qabaqcıl təcrübələrin yaradılmasına kömək etmək üçün Dünya Humanitar Sammitinin çağırılması idi".[4]
Sammitin məqsədi çoxsaylı böhranlara daha effektiv reaksiya vermək üçün humanitar yardım sənayesində əsaslı islahatlar aparmaq idi.[3] Dünya liderlərinin zirvəyə gələrək silahlı münaqişələr və fəlakətlərdən əziyyət çəkən milyonlarla qadın, kişi və uşağın əzablarına son qoymaq üçün görəcəkləri tədbirləri elan etmələri gözlənilirdi.
Sammitə 173 ölkədən 9,000 iştirakçı, o cümlədən 55 dövlət və hökumət başçısı, yüzlərlə özəl sektor nümayəndəsi, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarından minlərlə insan toplaşmışdır.[5]