Dünya Məktəbi

Dünya məktəbi — 1998-ci ildə Xəzər Universitetinin nəzdində yaradılmış məktəb. Təsisçilər: Hamlet İsaxanlıNailə İsayevadır.

Xəzər Universiteti Dünya Məktəbi
Əsası qoyulub sentyabr 1998
Şəhər Bakı
Ünvan Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1130, Əcəmi Naxçıvani 9

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Məktəb müasir təlim tərbiyə ocağı kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Zəngin və rahat kitabxana, müasir kompüterlər, laboratoriyalar, işıqlı və geniş sinif otaqları, incəsənət studiyası, müasir işıq və səs sistemi olan yaraşıqlı konsert salonu, idman zalı, yeməkxana, həkim nəzarəti, şagirdlərin evdən məktəbə, məktəbdən evə hərəkətini təmin edən nəqliyyat xidməti, yüksək səviyyəli müəllim və inzibatçılar və s. məktəbi bənzərsiz təhsil ocağına çevirmişdir.

"Dünya" məktəbində ibtidai və orta təhsillə yanaşı məktəbəqədər hazırlıq sinifləri də fəaliyyət göstərir.

Təhsil həftəsi 5 günlükdür. Şənbə günü dərsdənkənar dərnəklər fəaliyyət göstərir, mədəni və əyləncəli görüşlər təşkil olunur. Şagirdlər saat 8/8.50-dən 15.20/16-ya qədər məktəbdə olurlar.

2009-cu il yanvar ayının 16-dan etibarən Dünya Məktəbi beynəlxalq statusu alaraq IB World School oldu.

Qəbul qaydaları[redaktə | mənbəni redaktə et]

Məktəbə ən müxtəlif ailə və zümrələrdən olan zehni cəhətdən normal inkişaf etmiş şagirdlər bilik, bacarıq və qabiliyyət nümayişinə əsaslanan imtahan və müsahibə yolu ilə qəbul edilir. Məktəbə qəbulda uğur qazanmayan şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini yenidən sınamaq imkanı verilir.

Təhsil[redaktə | mənbəni redaktə et]

Dünya Məktəbində təhsil məktəbin fəlsəfəsini və missiyasını əks etdirərək təhsilin bütün pillələrində hərtərəfli inkişaf edən fərdlər, cəmiyyəti irəli apara bilən dünya vətəndaşları yetişdirmək məqsədini daşıyır.

Təhsil 3 pillədən ibarətdir:

  • İbtidai təhsil (I–IV siniflər)
  • Ümumi orta təhsil (V–IX siniflər)
  • Tam orta təhsil (X–XI siniflər)

Dünya Məktəbində təhsil 3 bölmə üzrə Azərbaycan, rus və ingilis dillərində aparılır.

İbtidai[redaktə | mənbəni redaktə et]

Dünya Məktəbinin ibtidai məktəb pilləsində təhsil rəsmi olaraq bütün bölmələr üzrə (Azərbaycan, rus, ingilis) Beynəlxalq Bakalavr Təşkilatının "İbtidai Məktəb Proqramı" (Primary Years proqramme) əsasında qurulmuşdur. "İbtidai Məktəb Proqramı" (PYP) Beynəlxalq Bakalavr Təşkilatı tərəfindən 3–12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş kurikulumdur.

PYP kurrikulumu 5 əsas element üzərində qurulmuşdur: anlayış, bilik, bacarıq, münasibət və fəaliyyət. Bu əsas elementlər vasitəsilə şagirdlər qlobal əhəmiyyətə malik müvafiq biliklər əldə edir, təlim prosesində ətraf aləmlə əldə etdikləri bilikləri əlaqələndirmək üçün lazım olan məfhumları qavrayır, müxtəlif elm sahələrinə məxsus bacarıqlar əldə edir, mütərəqqi dünya görüşünə sahib olmaq üçün müvafiq davranışları inkişaf etdirir, təlim prosesi nəticəsində öyrəndiklərini fəaliyyətdə əks etdirirlər.

PYP kurrikulumu aşağıdakı tədqiqat mövzularının tədrisini nəzərdə tutur:

  • Biz kimik (Who we are)
  • Məkan və zaman baxığımından haradayıq (Where we are in place and time)
  • Özümüzü necə ifadə edirik (How we express ourselves)
  • Dünyanın işləmə mexanizmi (How the world works)
  • Özümüzü təşkil etmə yolları (How we organize ourselves)
  • Dünyanı paylaşmaq (Sharing the planet)

Orta[redaktə | mənbəni redaktə et]

Ümumi orta təhsilin V, VI, VII siniflərində şagirdlər öz bacarıq və qabiliyyətlərinə görə qruplaşdırılır, tədrisdə şagirdlərə differensial yanaşma tətbiq edilir (Tədris planı). Müəllimlər hər bir şagirdin zəif və güclü cəhətlərini, dərketmə qabiliyyətini və digər xüsusiyyətlərini nəzərə alaraq işləyirlər, akademik çətinlikləri olan şagirdlər üçün müntəzəm olaraq əlavə məşğələlər təşkil edirlər. Şagirdlərin həyat əhəmiyyətli bacarıqlara (yaradıcılıq, tənqidi düşünmə, araşdırma, mühakimə etmə, ümumiləşdirmə, risk etmə) yiyələnməsi üçün onların layihə işlərinə cəlb edilməsi akademik tələbatdır. Şagirdlər ildə 2 tədqiqat xarakterli layihə işləməlidirlər. Məktəb müsabiqəsinə təqdim edilən layihələr nümayiş etdirilir və dinlənilir. Qaliblər mükafatlandırılır. Bunula yanaşı, şagirdlərin bilik yarışlarına, olimpiadalara, layihələrə, bilik şənliklərinə cəlb edilməsi geniş tətbiq edilir. İstedadlı şagirdlərin üzə çıxarılması və onların inkişafı istiqamətində tədbirlər planı həyata keçirilir.

Tədrisin hər pilləsində tədris prosesini düzgün və səmərəli qurmaq üçün şagirdlərin bilik və bacarıqları, maraq dairəsi və istəyi nəzərə alınır. Bu məqsədlə VIII, IX, X, XI siniflərdə dərs məşğələləri təmayül fənləri üzrə tərtib edilmiş Tədris planı əsasında təşkil edilir. Bu yanaşma şagirdlərə peşə seçimində vacib olan fənlərin daha dərindən öyrənilməsi üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı, şagirdlər akademik önəm verilən qeyri təmayül fənlərinin də həyat üçün vacibliyini dərk edərək, onların tədrisinə ciddi yanaşırlar.

Dünya IB məktəb[redaktə | mənbəni redaktə et]

Beynəlxalq Bakalavriat Təşkilatın loqosu

Dünya Məktəbi 2009-cu ildən etibarən IB məktəbi statusu almışdır. Dünya IB School adı ilə Beynəlxaq Bakalavr Təşkilatı-İnternational Baccalaureate Organization-IBO-nun üzvü olmuşdur.

IB təşkilatı təhsilə məzmun və forma baxımından böyük yeniliklər gətirmişdir. IBO ibtidai və orta məktəb sahəsində nümunəvi dünya şəbəkəsi quran yeganə təşkilatdır.

IBO özünün çox yüksək standartları və pedaqoji dəyərləri ilə bütün dünyada məşhurdur.

Dünya Məktəbi 2009-cu ilin sentyabrından IBO-nun Diplom Proqramını tətbiq edir. Diplom Proqramını bitirən məzunlar IB Diplomu ilə yanaşı Azərbaycan tam orta təhsil attestatı alırlar. Onlar dünyanın hansı ölkəsində istəsələr, eyni IB məktəblərində təhsillərini davam etdirə bilərlər.

Dünyada minlərlə ali məktəblər IB diplomu almış gəncləri birbaşa qəbul edir, bəziləri isə sadəcə müsahibə etməklə kifayətlənirlər.

Hal-hazırda Dünya Məktəbində IBO-nun İbtidai məktəb (PYP) və Orta məktəb (MYP) proqramları da tətbiq edilir.

IB məktəb sistemi gəncləri axtarışa sövq edir, onların təfəkkürünü inkişaf etdirir, cəmiyyətin inkişafında fəal iştirakını təmin edir.

IB proqramı sayəsində şagirdlər həm öz xalqının mədəniyyətini dərindən mənimsəyir, həm də digər mədəniyyətlərlə yaxından tanış olurlar. Daha gözəl dünya yaratmaq-bu, IB məktəb sisteminin qayəsidir, öz ölkəsinin və gözəl dünyanın vətəndaşı olmaq-budur məqsəd.

Maddi-texniki bazası[redaktə | mənbəni redaktə et]

Laboratoriyalar[redaktə | mənbəni redaktə et]

Məktəbdə müasir standartlara cavab verən zəngin təchizatlı laboratoriyalar şagirdlərə nəzəri biliklərini təcrübi əsaslarla öyrənmək və praktikada tətbiq etmək imkanı verir. Fizika, Kimya, Biologiya, Kompyuter, Təsviri incəsənət, Şahmat və s. laboratoriyalar tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, ötürülən biliklərin strukturunun təkmilləşdirilməsi, bir sözlə, təhsil mühitinin yaradılması, elmi tədqiqatın aparılması istiqamətində mühüm rol oynayır. Şagirdlərin mənimsədikləri biliklərin bacarıqlara çevrilməsi üçün mükəmməl şərait yaradılır.

Kitabxana[redaktə | mənbəni redaktə et]

"Dünya" məktəbinin kitabxanası 1998-ci ildən fəaliyyət göstərir. Dünya Məktəbinin kitabxanası Azərbaycan, ingilis, rus və bir çox başqa dillərdə olan bədii, elmi ədəbiyyat, lüğət, ensiklopediya, dərslik, dərsliklərə əlavələrlə zəngindir. Kitabxana mütəmadi olaraq dövri mətbuatda dərc olunan jurnal və qəzetləri əldə edir. Kitabxana elektron kataloq xidməti ilə təmin olunmuşdur. Xəzər Universitetinin zəngin kitabxanası ilə sıx əlaqədə olan kitabxanamız eyni zamanda Sumqayıt Dünya Məktəbini də bədii ədəbiyyatla və dərsliklərlə təmin edir. Kitabxanada şair və yazıçılarla tez-tez şagirdlərin görüşləri keçirilir, onların müəllif olduqları bədii ədəbiyyat nümunələrinin müzakirələri aparılır. Şagirdlərin müstəqil işləmələri və araşdırmalar aparmaları üçün kitabxananın oxu zalında hər cür əlverişli şərait vardır. Dünya Məktəbinin kitabxanası müntəzəm olaraq Respublikanın və dünyanın bir sıra kitabxanaları, kitab evləri ilə əməkdaşlıq edir.

İdman Kompleksi[redaktə | mənbəni redaktə et]

Dünya məktəbinin geniş və rahat idman kompleksi şagirdlərin sevərək əyləndikləri məkandır. Kompleks günün bütün saatlarında fəaliyyətdədir. Şagirdlərin sağlamlığını və fiziki inkişafını təmin edən üzgüçülük hovuzu, basketbol, voleybol, mini-futbol zalı, bədii gimnastika və güləş-döyüş növləri zalı hər zaman onların istifadəsindədir.

Dünya məktəbinin həyətində müasir standartlara uyğun quraşdırılmış idman kortu şagirdlərə açıq havada basketbol, voleybol, futbol və tennis oynamaq imkanı verir.

Yeməkxana[redaktə | mənbəni redaktə et]

Məktəbin geniş yeməkxanası şagirdləri gün ərzində 2 dəfə sağlam qida ilə təmin edir. Yeməklər peşəkar aşpazlar tərəfindən hazırlanır və həkim-dietoloq nəzarətindən keçir.

"İnciçiçəyi" salonu[redaktə | mənbəni redaktə et]

Məktəbimizin geniş və işıqlı "İnciçiçəyi" salonu elmi konfranslar, konsertlər, təntənəli gecələr, tamaşalar və görüşlər üçün nəzərdə tutulub. Modern və zövqlə hazırlanmış, geniş səhnəsi olan "İnciçiçəyi" salonu özünün müasir avadanlığı ilə tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün gözəl şərait yaradır. "İnciçiçəyi" salonu il boyu müəllimlərin və şagirdlərin istifadəsindədir.

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Dünya məktəbinin şagirdləri region, şəhər, respublika və beynəlxalq müsabiqələrdə iştirak edir, təcrübə və uğur qazanırlar. Yüksək səviyyədə qurulmuş ciddi və tələbkar təhsil sisteminin nəticəsi olaraq, məktəbi bitirən şagirdlər dünyanın müxtəlif ölkələrində təhsillərini davam etdirmək hüququ qazanırlar. Təsadüfi deyil ki, məktəb 2012–2013-cü təhsil ilində "İlin ən yaxşı məktəbi" adına layiq görülmüşdür. Məktəbin şagirdləri hər il müxtəlif fənlər üzrə keçirilən olimpiadalarda, müsabiqələrdə uğurlar qazanır, fəxri yerlər tuturlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]