Dəb həftəsi — ildə iki dəfə keçirilən, təxminən bir həftə boyunca davam edən, dəb dünyasının ən əhəmiyyətli tədbiridir. Bu tədbirlərdə modelyer-dizaynerlər, müxtəlif geyim şirkətləri son kolleksiyalarını moda nümayişlərində alıcılara və KİV-ə nümayiş etdirir. Bu dəb həftələri cari və növbəti kolleksiyaları əhatə edir.
Ən mühüm dəb həftələri Nyu-York, London, Milan və Paris kimi dünyanın dəb mərkəzlərində keçirilir. Bu şəhərlər KİV-də "Big Four", yəni "Böyük dördlü" kimi tanınır.[1]
Adıçəkilən şəhərlərdən sonra isə siyahını Los-Anceles, San-Paulu, Moskva və Sankt-Peterburq, Tokio, Helsinki, Şanxay, Berlin, Madrid, Sidney, Yeni Dehli, Kopenhagen, Vaşinqton və başqa şəhərlər davam etdirir.[2]
Dəb həftəsi konsepsiyası ilk dəfə olaraq Parisdə, marketoloqların ideyası ilə qadınların müəyyən ödəniş qarşılığında ictimai yerlərdə müxtəlif brendlərin geyimlərini geyinib göstərməsilə başladı.[3] Bu tədbirlər isə tədricən onların özlərinin sosial hadisələrinə çevrildi. Fransada bu kimi tədbirlərə hələ də "défilés de mode" deyilir, bu birləşmənin tərcüməsi isə "dəb paradları" deməkdir.
1903-cü ildə Nyu-Yorkda "Ehrich Brothers" adlı bir mağaza, orta təbəqədəki qadınları mağazaya cəlb etmək üçün ölkənin ilk moda nümayişini həyata keçirmişdi.[4] 1910-cu ilə qədər bir çox böyük mağazalar bu şəkildə özlərinin şəxsi şoularını keçirirdilər. Çox güman ki, Amerikanın pərakəndə satıcıları da bu "dəb paradlarını" gördükdən sonra bu fikri istifadə etməyə qərar verdilər. Bu "paradlar" mağazaları tanıtmaq və vəziyyətlərini yaxşılaşdırmaq üçün ən təsirli yollardan biri idi. 1920-ci illərə qədər dəb nümayişləri, ölkədəki pərakəndə satıcılar tərəfindən həyata keçirilirdi.
1943-cü ildə, ilk dəfə təşkil edilən "moda həftəsi", Nyu-York Moda Həftəsi, bir əsas məqsədlə reallaşdırıldı: II Dünya Müharibəsi dövründə Parisə gedə bilməyən dəb həvəskarlarına Fransız dəbi alternativi təqdim etmək.[5]
İlk Paris Dəb Həftəsi 1973-cü ildə baş tutmuşdur.[6]
Moda həftəsi ildə iki dəfə dünyanın ən böyük moda paytaxtlarında baş tutur. Bəzilərinin keçirilmə tarixi belədir: Nyu-York – 7–15 fevral, London – 15–19 fevral, Milan – 19–25 fevral və Paris – 25 fevral-5 mart.[7]