Dədə Qorqud (heykəl)

Dədə Qorqudun heykəliNaxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi.

Dədə Qorqudun heykəli
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Heydər Əliyev prospekti
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Dədə Qorqudun heykəli (Azərbaycan)
Dədə Qorqudun heykəli

Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır.[1] Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur.

Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.

Yerləşdiyi meydanda XVIII əsrə aid Şərq memarlıq üslubunda tikilmiş "İsmayılxan" hamamı da yerləşir. Vaxtilə hamam Naxçıvan şəhərinin içərisindən axan Bazar çayının sahilində inşa edilmişdir.

  1. "Təbriz" mehmanxanası Arxivləşdirilib 2020-01-29 at the Wayback Machine. nakhchivan.az  (az.)