Dağ khmerləri

Dağ khmerləriCənub-Şərqi Asiyada yaşayan mon-khmer xalqları qrupuna aid xalq[1].

"Dağ khmerləri" termini 1960-cı illərdə Kambocada ölkənin şimal-şərqində yaşayan xalqları qeyd etmək məqsədilə qəbul olunmuşdur[1].

Kambocadakı Dağ khmerləri (khmaelılar) khmerlər tərəfindən assimilyasiya olunurlar. Dağ khmerləri, ehtimal ki, khmerlər, monlar, myan malar, siamlılar, laolar və vyetlərin etnogenezində mühüm rol oynamış qədim substratın qalıqlarıdır[1].

Yaşadıqları ölkələr

[redaktə | mənbəni redaktə et]

Dağ khmerləri Cənub-Qərbi Çinin dağlıq rayonlarında – Yunnan əyalətində, Qərbi Vyetnamda, Şimali, Şərqi və Cənubi Laosda, Şərqi Myanmada, Şimali və Şərqi Taylandda, Şimal-Şərqi Kambocada yaşayırlar[1].

Ümumi sayları 2008-ci ilin məlumatlarına görə Çində 700 min nəfərdən çox, Vyetnamda təqribən 1,3 milyon nəfər, Laosda təqribən 1,6 milyon nəfər, Myanmada 1,8 milyon nəfərdən çox, Taylandda təqribən 600 min nəfər, Kambocada 150 min nəfərdən çox idi[1].

Əsas iki qrupa ayrılırlar: Şimali və Şərqi[1].

Şimali Dağ khmerlərinə ("dağ monları"na) palaunq-va xalqları – qərbi – valar (900 min nəfərdən çox), bulanlar (112 min nəfər) və başqaları; şərqi – palaunqlar (640 min nəfər), danaular (138 min nəfər), rianqlar (50 min nəfər), lametlər (14 minnəfər) və başqaları, manqlar (3,5 min nəfər), khmular [khmular (900 min nəfərdən çox), phaylar (54 min nəfər), praylar (40 min nəfər) və başqaları aid edilir.

Şərqi Dağ khmerlərinə banar xalqları – şimali – hrelər (tyam -relər, tatömlər; 130 min nəfər), sedanqlar (130 min nəfər) və başqaları; mərkəzi – banarlar (banalar; 180 min nəfər), tampuonlar (32 min nəfər) və başqaları; qərbi – suilər (özlərini cru adlandırırlar, cru, yaxud loven dilində danışırlar; 86 min nəfər) və başqaları; cənubi – srelər (keholar, koholar; 147 min nəfər), mnonqlar (mnonqqarlar və mnonqrlamlar; 123 min nəfər), stiyenqlər (97 min nəfər), malar (özlərini kontyau adlandırırlar; 38 min nəfər) və başqaları], katular – mərkəzi – katanqlar (120 min nəfər), taoylar (60 min nəfər) və başqaları; şərqi – katular (özlərini ktu adlandırırlar; 78 min nəfər), pakohlar (15 min nəfər) və başqaları; qərbi – kuilər (440 min nəfər), solar (manqkonqlar; 160 min nəfər), brular (brao dilində danışırlar; 150 min nəfər) və başqaları aid edilir.

Mon-khmer dillərində danışırlar[1].

Dilləri say sisteminə görə khmerlərdən fərqlənir. Bəzi xalqlar (katanqlar, taoylar, katular, brular, solar, valar, palaunqlar, banarlar, hrelər və başqaları) üçün latın qrafikası əsasında yazı sistemi yaradılmışdır; bəzi yerlərdə isə hind qrafikası əsasında yazı sistemi saxlanılmışdır (liyeklər, duotalar, tothamlar, toleklər və digərləri)[1].

Radio və televiziya verilişləri va dilində aparılır[1].

Ənənəvi inancları və mifologiyaları, folklorları, kəlləri qurbanvermə adəti saxlanılmışdır; keçmişdə "düşmən başlarının ovu" adəti mövcud olmuşdur[1].

Dağ khmerləri ənənəvi dinlərini saxlayırlar, bəzi xalqlar (palaunqvalar, həmçinin brular, solar, kuylar, honqlar və başqaları) arasında buddizm yayılmışdır; amma aralarında xristianları da var[1].

Mədəniyyətləri

[redaktə | mənbəni redaktə et]

Ənənəvi mədəniyyətləri Cənub-Şərqi Asiyanın dağ xalqları üçün səciyyəvidir. Talalarda toxa əkinçiliyi (yapışqanlı çəltik, qarğıdalı, batat, tərəvəz), heyvandarlıq (kəl, donuz, quş, fil), ovçuluq (o cümlədən qaban, ayı, fil, pələng), balıqçılıq və yığıcılıqla məşğul olurlar; bəzi yerlərdə suvarma və dəmyə şum çəltikçiliyi inkişaf edir[1].

Sənət sahələri toxuculuq, bambukdan hörmə və dəmirçilikdir[1].

Ənənəvi məskənləri çox vaxt çəpərlə əhatələnir, bəzən dairəvi planlı olur, mərkəzində icma evi yerləşir. Evləri yortacəsaslı, yaxud yerüstüdür; dam belinin bəzən kəl buynuzu, quş başı və sair formada oyma bəzəkləri olur. Malar, sedanqlar və başqalarında uzunluğu 100 metrədək çatan evlər saxlanılmışdır[1].

Geyimləri kişilərdə bel sarğısı və düyməsiz gödəkcə, qadınlarda tikişsiz yubkadır; lifdən hazırlanan geyimlər də məlumdur.

Çoxsaylı gümüş və mis bəzək əşyaları taxırlar; tatuirləmə (xüsusilə cənubda), dişlərin qaraldılması, mişarlanması və çıxardılması adəti yayılmışdır[1].

Əsas yeməkləri yapışqanlı düyüdür; burundan içmək adəti (khmularda) səciyyəvidir[1].

Qohumluğu ata xətti üzrə hesablanan qəbilələr və patrilokal nikahüstünlük təşkil edir, mnonqlar və srelərdə qohumluğu ana xətti üzrə hesablanan qəbilələr və matrilokal nikah məlumdur[1].

Şifahi yaradıcılıq

[redaktə | mənbəni redaktə et]

Qədim siqnal idiofonları: müxtəlif yüksəklikdə səslər çıxaran, ov ayinlərində çəpinə kəsiyi olan, 3 və daha çox bambuk borucuqlar, cəngəlliklərdə "danışıqlar" aparmaq üçün yarıqlı bambukdan hazırlanmış təbillər saxlanılır[1].

Şaman ayinlərində bitki budağı və yarpaqlarından düzəldilmiş müxtəlif aerofonlardan istifadə olunur. Məhsul, şaman ayinləri, quraqlıq vaxtı "ağacların canlandırılması" və sair rəqsləri müşayiət edən eynitipli sinctəbil ansamblları (4–12 konq-çmol, konq-niqoşa sinc-təbilləri) yayılmışdır. Lametlərin musiqi və ayin praktikasında ən mühüm mərasimlər zamanı (əcdadların ruhlarının çağırılması, yağış yağması üçün edilən dualar) tunc təbillərdən (mənşəcə Donqşon mədəniyyəti ilə bağlıdır) indi də istifadə edilir; istifadə olunan təbillərin sayı onların sahibinin rifahı və ictimai mövqeyinin göstəricisidir[1].

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 205. ISBN 978-9952-441-11-6.